Məhkəmə qərarları › İş №e-2(060)-3460/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3460/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3460/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1699.99 manat, cərimə borcu isə ona güzəşt olunaraq 199.92 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh müqavilə üzrə 1699.99 manat qalıq borcu, 199.92 manat cərimə borcu olmaqla, cəmi 1899.91 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 38.99 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-yə məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən İddiaçı MMC-nin nümayədəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir. Belə ki, iddiaçıdan aldığı televizoru heç 1 gün işlətməmişdir. Qoşulan zaman ekranda çat olduğuna görə zəng etmiş, ona məhsulu 9cu mikrorayonda yerləşən mağazaya təhvil verməsi bildirilmişdir. Televizoru mağazaya təhvil vermiş, mart ayında ona zəng edilərək 3 günə televizoru gətirəcəklərini bildirmişlər. Dəfələrlə qaynar xəttə zəng etmiş, onda olmayan televizora görə hətta 500 manat pul da ödəniş etmişdir. Ona görə də, məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə satış müqaviləsi üzrə qalıq borcu 1699.99 manat, cərimə borcu isə müştəriyə 10% güzəşt olunaraq 199.92 manat olmaqla, cəmi 1899.91 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, Cavabdeh ilkin ödəniş 500 manat olmaqla, qalan məbləği 15 ay müddətinə hər ay 113 manat, yalnız sonuncu ay 117.99 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli müştərinin qəbzinə əsasən müəyyən edilir ki, Cavabdeh LG markalı televizorun ekranında çat olduğu üçün onu təhvil vermiş, iddiaçının nümayəndəsi Araz Əliyev tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. İddiaçı MMC xx.xx.2022-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, ST 27452 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc və cəriməni tələb edir. Cavabdeh isə məişət məhsulunu İddiaçı MMC-yə təhvil verməsi, ona şirkət tərəfindən yeni hər hansı məişət məhsulu verilməməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlara münasibət bildirilməsi üçün İddiaçı MMC-nə məhkəmə bildirişi göndərilmiş, çəkişmə prinsipinə uyğun olaraq nümayəndəsinin iştirakının zəruriliyi diqqətə çatdırılmışdır. Buna baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək, cavabdeh tərəfindən tədqim olunan sübutlara münasibət bildirməmiş, iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik yaradan xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borcluya 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq götürdüyü məhsulu 1 (bir) gün işlətdikdən sonra xx.xx.2021-ci il tarixdə televizorun ekranında çat olması səbəbindən onu təhvil vermiş, məhsul iddiaçının nümayəndəsi Araz Əliyev tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ST38103 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2199.99 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. Cavabdeh məhsul qüsurlu olduğu üçün xx.xx.2021-ci il tarixində İddiaçı MMC şirkətinə məxsus mağazaya geri qaytarmış, LG markalı televizorun ekranında çat olduğu üçün onu təhvil vermiş, İddiaçı MMC-nin nümayəndəsi Araz Əliyev tərəfindən məhsul təhvil alınmışdır. Həmin müddətdən sonra cavabdehə başqa məhsul verilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd olunan işin faktiki və prosessual hallarına əsaslanaraq hesab edir ki, məhkəmə iclasında İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar