Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3528/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Maraqlı şəxsin nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı (Maraqlı şəxs göstərilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun mərhum anası X8 vəfatı ilə bağlı Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli V-45/2020 nömrəli, 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.1997-ci il tarixdə, anası X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum anasından Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən ümumi sahəsi 26,23 kv.metrlik qeyri-yaşayış sahəsi (qaraj), ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzil və Sumqayıt şəhər, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 121 nömrəli ev miras qalmışdır. Mərhum valideynlərinin 4 övladı olmuşdur. xx.xx.1970-ci il təvəllüdlü X11 (xx.xx.2024-cü il tarixdə vəfat edib), xx.xx.1972-ci il təvəllüdlü X12 (xx.xx.2008-ci il tarixdə vəfat edib), xx.xx.1974-cü il təvəllüdlü X14 (xx.xx.2019-cu il tarixdə vəfat edib) və o, yəni İddiaçı. O, daimi olaraq ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 121 nömrəli evdə yaşamışdır. Anasının vəfatından sonra, miras əmlakı faktiki qəbul etdiyi və onu idarə etdiyi üçün notariat orqanına müraciət etməmişdir. Hal-hazırda vərəsəlik şəhadətnaməsini almaq üçün Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etdikdə bildirdilər ki, Sumqayıt şəhər 4 saylı Notariat orqanında vərəsəlik işi açılıb. Sonradan ona məlum oldu ki, mərhum qardaşı X4 həyat yoldaşı ondan cəza çəkdiyi müəssisdən etibarnamə almış və vərəsəlik işi ilə bağlı notariat ofisində sənədlər düzəldib, miras əmlaklardan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26,23 kv.metrlik qeyri-yaşayış sahəsi olan qaraja vərəsəlik şəhadətnaməsi almış, digər miras əmlakları və digər vərəsələri notariat orqanından gizlətmişdir. Notariat işi ilə tanış olduqdan sonra bilmişdir ki, mərhum qardaşı da cəzaçəkmə müəssisəsində həyat yoldaşına etibarnamə verərkən, Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26.23 kv.metrlik qeyri-yaşayış sahəsi (qaraj) ilə yanaşı ünvan 1 ünvanda yerləşən 3 nömrəli mənzilin də sənədləşməsini həvalə edib. Notariat orqanı isə bütün bunlara diqqüət yetirməmişdir. Hətta nəzərə almamışdır ki, mərhum qardaşı X4 yəni, 3-cü şəxsin həyat yoldaşının qeydiyyatı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 121 nömrəli evə olmuşdur. Lakin notariat işində vərəsəlik işinə aid olmayan arayışlardan başqa zəruri sənədlər mövcud deyil. Hətta Notariat Ofisinə vərəsəlik işinin açılması ilə bağlı X4 adından ərizə verən Maraqlı şəxs əizəsində göstərmişdir ki, mərhum X7 başqa vərəsəsi yoxdur. Maraqlı şəxs qanunsuz yolla əldə etdiyi vərəsəlik şəhadətnaməsi əsasında həmin qarajı da başqa şəxsə satmış, pulunu da mənimsəmişdir. Bir sözlə, Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən mərhum anası X7 miras əmlakına dair xx.xx.2020-ci il tarixdə verilmiş V-45/2020 nömrəli vərəsəlik şəhadətnaməsi qanunsuz tərtib edilmişdir. Hətta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə müddəti belə pozulmuşdur. Belə ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Mərhum anasının vəfatından sonra açılmış vərəsəlik işi ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi və onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi-vəkili X15 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - 376196 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977ci il təvəllüdlü İddiaçı atası X3, anası X9r. - ölüm haqqında AZ-İİ 025047 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə ölmüşdür. - ölüm haqqında AZ-İ 869625 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - qarajın xx.xx.2020-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26.23 kv.metrlik qeyri-yaşayış sahəsi (qaraj) X10 məxsusdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 atası X3, anası X9r. - AR ƏN PX X1 rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X11 onun adından ərizə vermək səlahiyyətini 01 il müddətinə arvadı Maraqlı şəxs vermişdir. - X4 nümayəndəsi Maraqlı şəxs vasitəsilə notariat ofisinə verdiyi xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, anasından miras qalmış Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26.23 kv.metrlik qeyri-yaşayış sahəsini (qarajı) qəbul edir. Buna görə də ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Ərizədə digər qohumlar haqqında məlumat daxil edilməmişdir. - qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli V-45/2020 nömrəli, 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş şəhadətnamənin surətindən görünür ki, X11 anası X5 qalmış Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26.23 kv.metrlik qeyriyaşayış sahəsindən (qarajdan) ibarət miras əmlakdan tam hissədə pay alır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli əmlak Dilarə Məmmədovaya məxsus olmuşdur. D.Məmmədova xx.xx.2017-ci ildə öldükdən sonra vərəsələrindən uşaqları Rafiq, Zaur və Zahid qalmışdır. Natiq Məmmədov anasından öncə vəfat etmişdir. Sumqayıt 4 saylı Notariat Ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli V-45/2020 nömrəli, 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş şəhadətnaməsindən görünür ki, X11 anası X5 qalmış Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən 26.23 kv.metrlik qeyri-yaşayış sahəsindən (qarajdan) ibarət miras əmlakdan tam hissədə pay almışdır və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun mərhum anası X8 vəfatı ilə bağlı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli V-45/2020 nömrəli, 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Rafiq Məmmədov (nümayəndəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət edərkən ölmüş şəxsin qanun üzrə digər İ dərəcəli vərəsələri barədə məlumat verməmiş, bununla da vərəsə kimi həmin əmlakdan tam həcmdə pay almışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmçinin qüvvədə olan mülki qanunvericiliyə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir. İşdən görünür ki, digər vərəsə İddiaçı anası D.Məmmədova öldükdən sonra anasından qalma evdə yaşamış, onun əmlakına faktiki sahiblik etmiş, mirası həmin hissədə faktiki olaraq qəbul etmişdir. Bu isə onun anasından miras qalmış bütün əmlakları, o cümlədən mübahisəli qeyr-yaşayış sahəsini (qarajı) qəbul etməsi mənasına gəlir, yəni İddiaçı mirasda payı vardır. Onun anasından qalmış mirasdan imtinası barədə işdə hər hansı yazılı ərizəsi mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının anasından qalmış miras əmlakdakı vərəsəlik payını məhdudlaşdıran qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli V-45/2020 nömrəli, 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş şəhadətnamə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 adına 4 saylı Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2V-100 nömrə ilə reyestrdə qeydiyyatdan keçmiş V-45/2020 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-3528/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3528/2025
20.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver