Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3700/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 4016 kodlu mətbəx mebeli üçün, 3238.2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 336.8 (üç yüz otuz altı manat səksən qəpik) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ İMMERGAS üçün 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəp) manat ödənilməmiş hissə, 244.4 (iki yüz qırx dörd manat qırx qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5668 manat borcun və 76.68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, 4016 kodlu mətbəx mebeli və KOMBİ İMMERGAS almış və nəticədə mağazaya 5668 (beş min altı yüz altmış səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3379.2 (üç min üç yüz yetmiş doqquz manat iyirmi qəpik) manat (24 ay x 140.8 manat + 0 manat ilkin ödəniş) olan 4016 kodlu mətbəx mebeli üçün ümumilikdə, 3575 (üç min beş yüz yetmiş beş) manat olmaqla ondan, 3238.2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 336.8 (üç yüz otuz altı manat səksən qəpik) manat dəbbə; digər xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəp) manat (18 ay x 102.7 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ İMMERGAüSçün ümumilikdə, 2093 (iki min doxsan üç) manat olmaqla ondan, 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəp) manat ödənilməmiş hissə, 244.4 (iki yüz qırx dörd manat qırx qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 141 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəf "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli iki ədəd müqaviləyə əsasən mətbəx mebeli və kombi almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə MMC-yə 5668 manat borcu yaranmışdır. Belə ki, hər iki məhsul cavabdehin ünvanına quraşdırılmışdır. Cavabdeh mətbəx mebelinin bəzi hissələrində qüsur olduğunu bildirmiş, ona mebelin təmir edilməsi təklif edilmiş, lakin cavabdeh mətbəx mebelini təmir üçün verməkdən imtina etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, mebelin düzəldilməsi üçün tələb olunan xərcin miqdarı barədə məhkəməyə mütəxəssis rəyi təqdim edə bilmirlər. Xərcin təxminən 200-300 manat məbləğində olduğunu güman edirlər. Nümayəndə onu da bildirdi ki, ikinci məhsulda hər hansı problem olmamasına baxmayaraq cavabdeh o məhsul üçün də borunu ödəməmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, mebel yaşadıqları ünvana gəlməmişdən əvvəl mebelin ödənişini etmişdir. Mebel quraşdırıldıqan sonra mebeldə çatışmazlıqlar olduğunu görmüşdür. Ümumilikdə mebellərin 60% hissəsi deffektli idi. Bununla əlaqədar qaynar xəttə zəng etmişdir. Usta gəlmiş və mebellərə baxmışdır. Usta bildirmişdir ki, mebelin 20-yə yaxın qapısı sökülməlidir. O, mebellər üçün 3400 manat pul ödəməlidir. Bu isə az bir məbləğ deyil. Bu qiymətə olan mebel bu vəziyyətdə olmalı deyildi. O, mebelin təmiri ilə razılaşmamışdır. Belə ki, mətbəx mebeli olmadan evdə yaşamaq mümkünsüzdür. Hesab edir ki, yeni mebel hazırlanmalı, anasının evinə quraşdırılmalı, yalnız bundan sonra qüsurlü mebel sökülməlidir. Aldığı mebellər ikinci əl mebellərə oxşayır. Məsələ ilə əlaqədar sübut qismində səs yazısı vardır. Belə ki, ustayla telefon danışıqları var və usta bu vaxt məhsulların qüsürlü olduğunu qəbul edir. Yaranmış ümumi problemlər MMC tərəfindən aradan qaldırılmadığı üçün kombinin də ödənişini etməmişdir. Cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02035246 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən hissə-hissə ödəmək şərtilə 4016 kodlu mətbəx mebeli almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02025329 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən hissə-hissə ödəmək şərtilə KOMBİ İMMERGAS almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə ümumilikdə 5668 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 02035246 nömrəli və xx.xx.2023-cü il tarixli, 02025329 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 02025329 nömrəli alqı-satqı müqaviləsi ilə əlaqədar mübahisə yoxdur. Tərəflər arasında əsas mübahisə xx.xx.2023-cü il tarixli müqavilə ilə əlaqədar yaranmışdır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı 4016 kodlu mətbəx mebelinin qüsurlu olduğunu və bu səbəbdən də ödəniş etmədiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mətbəx mebelinə tərəflərin (həmçinin iddiaçının cəlb etdiyi mütəxəssislərin) iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mətbəx mebelində qüsurlar (qapıların tinlərində rəngin getməsi, petlələrin bağlandığı yerlərdə çatların olması, qapılarda simmetrikliyin itməsi və sair) olduğu müəyyən edilmişdir. Qeyd edilən qüsurların aradan qaldırılmasının mümkünlüyünün və çəkiləcək xərclərin miqdarının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş mebelə dəymiş ziyanın müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən alınmış mətbəx mebelində bəzi qüsurlar olmuş, bununla əlaqədar iddiaçı tərəfindən ona mebelin təmir edilməsi təklif edilmiş, lakin cavabdeh bununla razılaşmamış, ona yeni mətbəx mebelinin təqdim edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisəyə hüquqi qiymət verilməsi üçün Mülki Məcəllənin alqı-satqı müqaviləsi üzrə lazımi keyfiyyətli olmayan əşyanın verilməməsinin nəticələrini tənzimləyən 587-ci maddəsi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası MM-nin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məcəllənin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Eyni zamanda Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Göründüyü kimi əşyanın keyfiyyəti ilə bağlı qüsurlar olduğu təqdirdə cavabdehin iddiaçıdan alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Yalnız əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda, yəni əşyada aradan qaldırıla bilməyən qüsurlar olduqda və ya tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən və s. qüsurlar olduqda alıcının alğı-satqı müqaviləsinin icrasından imtina etmək və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllədə qüsurun anlayışı verilməsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən qüsur, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uygunsuzluğudur. Mühüm qüsur isə maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurdur. Məhkəmə hesab edir ki, hazırki halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə mətbəx mebelinin keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmamış, aradan qaldırılması mümkün olan qüsurlar olmuşdur. Belə ki, bu hal həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mebeldə qapıların tinlərində rəngin getməsi, petlələrin bağlandığı yerlərdə çatların olması, qapılarda simmetrikliyin itməsi və s. ibarət qüsurların olması barədə xx.xx.2024-cü il tarixli məktubu, həm də mətbəx mebelinin cavabdehə təhvil verildiyi vaxtdan hal-hazıradək təyinatına uyğun istifadə olunmasının mümkünlüyü ilə təsdiqini tapır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazırki halda Mülki Məcəllənin 587.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh iddiaçı tərəfindən əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasına şərait yaratmalı və ya özü bu qüsurları aradan qaldıraraq çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməli və ya alış qiymətinin azaldılması ilə bağlı iddiaçıya müraciət etməli idi. Cavabdeh isə bunlardan heç birini etməmiş, qeyd edilən tələblərlə iddiaçıya və ya məhkəməyə müraciət etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh aldığı mətbəx mebelində əhəmiyyətli qüsurlar olduğunu bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 5086,8 (3238,2+1848,6) manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 581,2 (336,8+244,4) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 (30+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 76,68 manat dövlət rusumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3238,2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1848,6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, iki müqavilə üzrə ümumilikdə 5136,8 (beş min yüz otuz altı manat səksən qəpik) manat borc və 76,68 (yetmiş altı manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3700/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3700/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver