Məhkəmə qərarları › İş №e-2(060)-3729/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3729/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3729/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********36720 İphone 14 Pro Max markalı telefon üçün 2320,32 manat ödənilməmiş hissə, 232,68 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Toshiba markalı soyuducu, Hoffman markalı soba, Gorenje markalı plitə, Gorenje markalı aspirator üçün 1454,02 manat ödənilməmiş hissə, 145,98 manat cərimə olmaqla, ümumilikdə 4153 manat borcun və 61,53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən imei kodu **********36720 olan İphone 14 Pro Max markalı telefon, Toshiba markalı soyuducu, Hoffman markalı soba, Gorenje markalı plitə, Gorenje markalı aspirator almış və nəticədə onun iddiaçıya 4153 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4620.04 manat (12 ay x 351.67 manat + 400 manat ilkin ödəniş) olan İmei kod **********36720 İphone 14 Pro Max markalı telefon üçün ümumilikdə 2553 manat olmaqla ondan 2320.32 manat ödənilməmiş hissə, güzəşt olunaraq 232.68 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4274.9 manat (18 ay x 220.55 manat + 305 manat ilkin ödəniş) olan Toshiba markalı soyuducu, Hoffman markalı soba, Gorenje markalı plitə, Gorenje markalı aspirator üçün ümumilikdə, 1600 manat olmaqla ondan 1454.02 manat ödənilməmiş hissə, güzəşt olunaraq 145.98 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5120.6 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tədqiq olunan sübutlar:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03743374 nömrəli və xx.xx.2022-ci il tarixli, 03752083 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei kod **********36720 İphone 14 Pro Max markalı telefon, Toshiba markalı soyuducu, Hoffman markalı soba, Gorenje markalı plitə, Gorenje markalı aspirator almışdır.

4. Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 03743374 və 03752083 saylı müqavilələrin predmeti olan əşyaları təhvil almışdır.

5. xx.xx.2023-cü il tarixli, 03743374 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 351,67 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

6. xx.xx.2022-ci il tarixli, 03752083 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 220,55 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

7. İddiaçı MMC tərəfindən tərtib edilmiş 22 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2320,32 manat əsas borc, 232,68 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1454,02 manat əsas borc, 145,98 manat cərimə olmaqla, cəmi 4153 manat borcu vardır.

8. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 4620,04 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, ödəniş məbləği isə hər ay 351,67 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 4274,9 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, ödəniş məbləği isə hər ay 220,55 manat olmaqla müəyyən edilmişdir.

16. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

17. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin həmin bildiriş cavabdehin köçməsi səbəb göstərilərək məhkəməyə geri qaytarılmışdır.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 80 (yetmiş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

23. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03743374 nömrəli müqavilə üzrə əsas borc qismində 2320,32 manat, cərimə borcu qismində 50 manat, xx.xx.2022-ci il tarixli, 03752083 nömrəli müqavilə üzrə əsas borc qismində 1454,02 manat, cərimə borcu qismində 30 manat olmaqla, cəmi cəmi 3854 (üç min səkkiz yüz əlli dörd) manat, dövlət rüsumu kimi ödənilmiş 61,53 manat məbləğində pul vəsaitinin 58 (əlli səkkiz) manat, 54 (əlli dörd) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03743374 nömrəli müqavilə üzrə əsas borc qismində 2320,32 manat, cərimə borcu qismində 50 manat, xx.xx.2022-ci il tarixli, 03752083 nömrəli müqavilə üzrə əsas borc qismində 1454,02 manat, cərimə borcu qismində 30 manat olmaqla, cəmi cəmi 3854 (üç min səkkiz yüz əlli dörd) manat, dövlət rüsumu kimi ödənilmiş 61,53 manat məbləğində pul vəsaitinin 58 (əlli səkkiz) manat, 54 (əlli dörd) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar