Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-376/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Metalurq (BTZ) bağlar ərazisində yerləşən bağ evinə hesablanmış (abunə kodu **********01941) vaxtı keçmiş 681 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Metalurq (BTZ) bağlar ərazisində yerləşən bağ evinə cavabdeh tərəfindən sayğac quraşdırılmış və həmin abonent kodu mərhum atası X1 adına olmuş, o isə xx.xx.2016-cı ildə dünyasını dəyişmişdir. Abunə kodu **********01941olmaqla, onun mərhum atasının adınadır. Lakin o, cavabdeh təşkilatdan abunə haqqında məlumatı əldə etdikdə həmin məlumatda bağın köhnə, dondurulmuş borcunun olması və həmin borcun 681 manat təşkil etməsi bildirilmişdir. Bu bağ evindən uzun illər boyu istifadə olunmamış və həmin borc cavabdeh tərəfindən tələb olunmamış və həmin köhnə borcun (Barmek borcunun) tələbi ilə bağlı iddia müddəti də keçmişdir. Bu səbəbdən də iddia müddəti tətbiq olunmaqla həmin borc silinməlidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının xx.xx.2015-ci il tarixə 793,70 manat inteqrasiya dövrü üçün borcu olmuşdur. Müəyyən ödənişlər etmişdir. Hal-hazırda iddiaçının borcu 681 manat təşkil edir. Abonent kodu Kamil Qarayevin adınadır. Hazırda ünvanda elketrik enerjisindən istifadə olunmur.
Tədqiq olunan sübutlar:
5. AZ-İ 789911 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11 fevral 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə 214 nömrə ilə qeyd edilmişdir.
6. Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********01941 olan ünvanda abonent Kamil Qarayevin elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə 793,70 manat məbləğində keçmiş borcu vardır.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:
-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, abunə kodu **********01941 olan abonent Kamil Qarayevin elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə 793,70 manat məbləğində keçmiş borcu vardır. X3 11 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Halhazırda onun oğlu İddiaçı 681 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir.
11. Məhkəmə hesab edir ki, 681 manat məbləğində yaranmış borc abunə haqqından çıxarışda keçmiş borclar kimi qeyd edilməklə, həmin borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.
12. Beləliklə məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 681 (altı yüz səksən bir) manat borc cavabdeh "xxxx" ASC tərəfindən **********01941 saylı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.
Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 681 (altı yüz səksən bir) manat məbləğində keçmiş borc **********01941 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva