Məhkəmə qərarları › İş №e-2(060)-3808/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3808/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3808/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Cabarov Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC cavabdeh Cabarov Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cabarov Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********68628 olan “İphone 15 Pro” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Paket XXXL xidməti, İmei kodu **********83023 olan “Samsung Galaxy S23” markalı telefon, Paket XXXL xidməti, “Samsung Charger” markalı əşya almış və nəticədə 3712,95 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3079,98 manat olan İmei kodu **********68628 olan “İphone 15 Pro” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Paket XXXL xidməti üçün ümumilikdə 1844,98 manat olmaqla, ondan 1655,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 165,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1872,96 manat olan İmei kodu **********83023 olan “Samsung Galaxy S23” markalı telefon, Paket XXXL xidməti, “Samsung Charger” markalı əşya üçün ümumilikdə 1867,97 manat olmaqla, ondan 1676,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, güzəşt olunaraq 167,67 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində qızıl zəmanət ultra 3 il xidmətindən imtina etmiş və məhsul 750 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 674,15 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 750 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 196,26 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********68628 olan “İphone 15 Pro” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Paket XXXL xidməti üçün 1655,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 165,58 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********83023 olan “Samsung Galaxy S23” markalı telefon, Paket XXXL xidməti, “Samsung Charger” markalı əşya üçün 1676,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 167,67 manat cərimə olmaqla, ümumilikdə 3712,95 manat borc, 57,13 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cabarov Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cabarov Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03525624 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********68628 olan “İphone 15 Pro” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti, Paket XXXL xidmətini cavabdeh Cabarov Cavabdeh satmış, cavabdeh Cabarov Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 3079,97 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay 171,11 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cabarov Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02738996 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********83023 olan “Samsung Galaxy S23” markalı telefon, Paket XXXL xidməti, “Samsung Charger” markalı əşyanı cavabdeh Cabarov Cavabdeh satmış, cavabdeh Cabarov Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1872,92 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 103,22 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cabarov Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1655,8 manat əsas, 165,58 manat cərimə, 23,6 manat İnnovativ layihələr mərkəzi rüsumu borcu olmaqla, cəmi 1844,98 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1676,7 manat əsas, 167,67 manat cərimə, 23,6 manat İnnovativ layihələr mərkəzi rüsumu borcu borcu, cəmi 1867,97 manat, ümumilikdə 3712,95 manat ödənilməmiş borcu vardır.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cabarov Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Məhkəmə iddia tələbinin "xxxx" MMC-nin cavabdehdən məhkəmə xərcləri olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 47,20 manatın alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən çəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 47,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.

20. Hazırki vəziyyətdə isə "xxxx" MMC-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrinə istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

21. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

22. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli, 03525624 saylı müqavilə üzrə cərimə borcu azaldılaraq 50 manat və xx.xx.2024-cü il tarixli, 02738996 saylı müqavilə üzrə cərimə borcu 50 manat məbləğində müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 54,30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

25. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cabarov Cavabdeh xx.xx.2024-cü il tarixli, 03525624 saylı müqavilə üzrə 1655,8 (bir min altı yüz əlli beş manat, səksən qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1705,8 (bir min yeddi yüz beş manat, səksən qəpik) manat, xx.xx.2024-cü il tarixli, 02738996 saylı müqavilə üzrə 1676,7 (bir min altı yüz yetmiş altı manat, yetmiş qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu, cəmi 1726,7 (bir min yeddi yüz iyirmi altı manat, yetmiş qəpik) manat, ümumilikdə 3432,5 (üç min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində pul və ödənilmiş 54,30 (əlli dörd manat, otuz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cabarov Cavabdeh xx.xx.2024-cü il tarixli, 03525624 saylı müqavilə üzrə 1655,8 (bir min altı yüz əlli beş manat, səksən qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1705,8 (bir min yeddi yüz beş manat, səksən qəpik) manat, xx.xx.2024-cü il tarixli, 02738996 saylı müqavilə üzrə 1676,7 (bir min altı yüz yetmiş altı manat, yetmiş qəpik) manat əsas, 50 (əlli) manat cərimə borcu, cəmi 1726,7 (bir min yeddi yüz iyirmi altı manat, yetmiş qəpik) manat, ümumilikdə 3432,5 (üç min dörd yüz otuz iki manat, əlli qəpik) manat məbləğində pul və ödənilmiş 54,30 (əlli dörd manat, otuz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar