Məhkəmə qərarları › İş №e-2(060)-3891/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3891/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3891/2023 25.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18670 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 853 dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun bir faizi həcmində 213 ABŞ dolları cərimə olmaqla, cəmi 1066 ABŞ dolları və 39 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18670 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 899 ABŞ dolları olan Apple i phone, 12 pro 1128 gb black” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiacı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 46 ABŞ dolları ödəmişdir. Lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18670 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 899 ABŞ dolları olan Apple i phone, 12 pro 1128 gb black” markalı 1 (bir) ədəd mobil telefon almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx/xx-18869 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh onunla xx.xx.2023-cü il tarixli VİP 18670 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 853 ABŞ dolları əsas (qalıq) borcu və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun bir faizi həcmində 213 ABŞ dolları cərimə olmaqla, cəmi 1066 ABŞ dolları borcu vardır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Apple i phone, 12 pro 1128 gb black” markalı 1 (bir) ədəd mobil telefon Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, VİP 18396 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 853 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 213 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 ABŞ dolları pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 85 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 39 manat dövlət rüsumunun 33 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18670 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 853 (səkkiz yüz əlli üç) ABŞ dolları əsas (qalıq) borc və 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 903 (doqquz yüz üç) ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar