Məhkəmə qərarları › İş №e-2(060)-3991/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3991/2023

08.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3991/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, payların yenidən bölüşdürülməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X4 ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında bütün şəhadətnamələrin ləğv edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzildə payların yenidən bölüşdürülərək onun ümumi olaraq 6/10 hissədə payının, digər vərəsələr olan X11, X12, qayınanası Maraqlı şəxs1 və qayınatası Maraqlı şəxs2 isə hər birinin 1/10 hissədə payının müəyyən edilməsi öhdəliyinin 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. 20 aprel 2015-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü X8 ilə nikaha daxil olmuşdur. Onların bu nikahdan 2 övladları - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2019cu il təvəllüdlü X12 anadan olmuşlar. Çox gözəl bir ailələri olmuşdur. Şəhid həyat yoldaşı X8 hərbçi olmuş və 2014-cü il avqust döyüşlərində, 2016-cı il aprel döyüşlərində və 2020ci ildə 44 günlük Vətən savaşında iştirak etmiş və müharibədə zabit rütbəsi almışdır. Lakin o Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən 13 sentyabr 2022-ci il tarixdə keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. Şəhid həyat yoldaşı X8 ilə onların ailə qurmağa qərar verdikləri vaxtlarda, yəni 2014-cü il tarixdə gələcəkdə yaşamaqları üçün ev almaq qərarına gəlmişlər. Lakin əldə ev almağa çatacaq qədər pul olmadığı üçün bu evi ipoteka ilə alaraq ailə qurduqdan sonra hər ikisi aylıq ödənişləri etmək qərarına gəlmişlər. Bunun üçün də şəhid həyat yoldaşı X8 xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzili 07/059/AİF nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka ilə almışdır. Bundan sonra bu evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, **********66- 05101- 093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Onlar 20 aprel 2015-ci il tarixdə ailə qurduqdan sonra da həmin evdə yaşamışlar. Bu zaman isə birgə təsərrüfatları yaranmış və birgə təsərrüfatı idarə etmişlər. Bunun nəticəsində ailə qurmazdan öncə qərara gəldikləri kimi ipotekaya götürdükləri və yaşadıqları mənzilin aylıq ipoteka məbləğini də birgə təsərrüfat dövründə birlikdə ödəyirdilər. Bütün bunları həmin mənzilin aylıq ipoteka məbləğini ödəməyinə dair olan qəbzlər də tam olaraq sübut edir. Nəticədə, onlar 2022-ci ilin sentyabr ayınadək, yəni ümumi birgə təsərrüfatı idarə etdikləri nikah dövründə qazandıqları əmlak vasitəsilə həmin mənzilin aylıq ipotekasını ödəmişlər. Buna görə də bu mənzil ümumi birgə mülkiyyət dövründə əldə olunmuş mənzil, yəni əmlak hesab edilməlidir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşmə ilə bağlı ərizə müraciət edərək, məhkəmədən X4 ölümündən sonra vərəsəlik işi üzrə verilmiş bütün şəhadətnamələrinın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə 6/10 hissədə iddiaçının, 1/10 hissədə isə digər vərəsələrin paylarının müəyyən edilməsinə dair yeni vərəsəlik şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizələrini onunla əsaslandırmışlar ki, oğulları X8 torpaqlarının azadlığı uğrunda gedən 2014-cü ilin avqust döyüşlərində, 2016-cı ilin aprel döyüşlərində və 2020ci ildə 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə gizir kimi iştirak etmiş, müharibədən sonra isə hərbi kurs keçərək zabit rütbəsi almış və Qarabağ bölgəsində Emrənistanla sərhəd rayonlarda zabit kimi hərbi xidmət keçmişdir. Oğulları Respublikanın Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən 13 sentyabr 2022-ci ildə erməni yaraqlılarına qarşı keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. X15 Aynur Oktay qızı ilə 20 aprel 2015-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahdan 2016 və 2019-cu ildə iki övladları olmuşdur. Övladının həlakından sonra gəlinləri Aynur onlarla bütün əlaqəni kəsmiş, şəhid balalarının yadigarları olan nəvələri ilə görüşməyə əngəl törətməyə və onlara qarşı hörmətsizlik etməyə başlamışdır. Belə ki, Aynur “mən heç kimi hərləmirəm, ərimdən qalan hər şey mənə aiddir, heç kim mənim işimə qarışa bilməz, istədiyim kimi yaşayacam, evimdən çıxın və sairə” kimi ürək bulandıran söz və hərəkətlərlə ana kimi çəkdiyi iztirablara yeni bir iztirab qatmışdır. Aynurla dialoqa girərək onu düz yola dəvət etməyə çalışsalar da, müsbət nəticəsi olmamışdır. Bu qeyd edilənlər azmış kimi gəlini olan cavabdeh İddiaçı Oktay qızı sosial şəbəkədə şərəf və ləyaqətini alçaldan ifadələr yazaraq yaxın qohum-əqrəbasında ona qarşı mənfi fikir formalaşdırmağa çalışmışdır. Bu səbəbdən də ona qarşı və bacısı olan anasına qarşı İsmayıllı Rayon Məhkəməsində şərəf və ləyatəqin müdafiəsi ilə bağlı iddia qaldırmışdır. İddia hələ ki, məhkəmənin icraatındadır. Son nəticə verilməmişdir. Lakin gəlini ona və şəhid oğlunun ruhuna qarşı özbaşınalıqları və hörmətsizliyi davam etməkdədir. Qeyd edilənlərin davamı olaraq iddiaçı gəlin şəhid övladlarından miras qalan əmlakın bölgüsünün düzgün olmamasını, bölgünün 1/5-lə deyil, 1/10-la aparılmasını iddia edir. Belə ki, iddiaçı şəhid oğullarının sağlığında ailə qurmamışdan əvvəl xx.xx.2014-cü ildə ipoteka ilə satın aldığı, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanda yerləşən 27 saylı mənzil guya iddiaçı oğulları hələ nişanlı olduqları vaxtda birgə məsləhətləri ilə almışdır. Bu tamamilə ağ yalandır. İddiaçı oğulları ilə 2015-ci ilin mart ayının 8-də nişanlanmış və aprel ayının 20-də toyları olmuşdur. Mənzil isə 2014-cü ilin noyabr ayında ipoteka ilə satın alınmışdır. Mənzil alınarkən təqribən 24000 manat ilkin ödəniş olunmuşdur ki, onun da bir hissəsi onlar valideynlərinin maddi köməkliyi ilə ödənilmişdir. Mənzil alındıqdan sonra ailə quranadək oğullları tərəfindən 17000 manat xərc çəkilərək mənzil əsaslı təmir edilmişdir. Təmir işlərinə nəzarəti digər oğulları həyata keçirmişdir. Şəhid oğulları iddiaçı ilə ailə qurarkən iddiaçı evliliyin ilk bir ilində tələbə olmuş, ali təhsili bitirdikdən sonra iki il işsiz olmuş, evliliyin dördüncü ilində Sabirabad rayonunun ucqar kəndində müəllimə kimi işə düzəlmiş, cəmi 9 ay işlədikdən sonra əmək haqqının azlığına, gediş-gəliş çətinliyinə görə, habelə aldığı əmək haqqı onun yol xərclərinə çatmadığına görə oradan işdən çıxmışdır. Bir də oğullarının şəhid olduğu 13 sentyabr 2022-ci ildə işə düzəlmişdir. Lakin iddiaçı tələbində qeyd edir ki, guya ipotekanı birgə qazancları hesabına ödəmişlər. İddiaçı oğulları ər-arvad olduqları 2015-ci ilin aprel ayının 20-dən 2022-ci ilin sentyabr ayının 13-dək olan müddətdə ipotekaya 20944 manat pul ödənilmişdir. xx.xx.2022-ci ildən isə qalan ipoteka Dövlət tərəfindən oğullarının şəhidliyinə bağışlanmışdır. Beləliklə də, mənzilə iddiaçı ailə quranadək 41000 manat, ailə qurandan sonra isə 20944 manat xərclənmişdir. Lakin iddiaçı tərəfindən həmin mənzil üçün bir manat da olsa xərclənməmişdir. Göründüyü kimi sözü gedən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, əvvəlcə şəhadətnamələrin ləğv edilməsi ilə bağlı iddia tələbi ilə müraciət etmişlər. Hüquqi nəticələrinə görə daha sonra iddia tələbinə dəqiqləşmə ilə bağlı müraciət edərək, şəhadətnamələrin etibarsız hesab edilməsi və payların yenidən bölüşdürülməsi ilə bağlı müraciət etmişlər. Elçi gedilmiş və nişan olmuşdur. Ev ailənin birgə yaşaması, özlərinə uyğun olması məqsədi ilə alınmışdır. Evin dəyərinin 80%-i birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına ödənilmişdir. Aynur xanım hər zaman müəllimə kimi işləmiş və fəaliyyət göstərmişdir. Şəhid hərbi hissələrdə olmuş və gəlib-getmək imkanları çox məhdud olmuşdur. Onlar birmənalı hesab edirlər ki, birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Paylar da ona uyğun surətdə bölünməlidir. Notarius onu birgə əmlak kimi qiymətləndirməmiş və ona uyğun surətdə paylara bölməmişdir. Notarius əmlakın ipoteka ilə alınmasını nəzərə almamışdır. Qanunverciliyin tələblərini nəzərə almamışdır. Əmlak birgə əmlak kimi qiymətləndirildiyi təqdirdə Aynur xanımın ½ hissədə hüquqları vardır. Şəxs rəhmətə getikdən sonra vərəsəlik həmin şəxsin yerdə qalmış ½ hissəsinə açılmalı idi. Həmin hissədə isə rəhmətə gedən şəxsin həyat yoldaşı və uşaqları yenidən paylara malik olurlar. O paylar isə hesablanmış və iddia ərizəsində qeyd olunmuşdur. 5/10 hissə onsuz Aynur xanıma məxsus olmuşdur. Bir hissə rəhmətə gedən şəxsin hissəsindən Aynur xanıma keçməli idi. 2 övlad üçün 1/10, 1/10 hissə onlara düşür. Digər iki cavabdehin də payları vardır. Onlara isə etirazları yoxdur. Evin ipotekası yeddi il ərzində, birgə nikah dövründə əldə edilmiş əmlak hesabına ödənilmişdir. Qanun isə deyir ki, əgər mənzil birgə nikah dövründə təmir olunmuş, abadlaşdırılmışsa həmin əmlak birgə nikah dövründə alınmış əmlak kimi qiymətləndirilə bilər. İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, onlar 2015-ci ilin aprel ayında Elnur ilə ailə həyatı qurmuşlar. 2014-cü ilin avqust ayında onların hərisi olmuşdur. 2014-cü ilin oktyabr ayında yaşadıqları evi bir yerdə seçmiş və almışlar. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək iştirakları olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan "xxxx" ASC-nin “Sumqayıt” filialının müdiri İ.E.Nuriyev alıcı-ipoteka qoyan X8 alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə bağlamışlar. Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 oktyabr 2014-cü il tarixli, ********** nömrəli arayışa əsasən 4 otaqlı ümumi sahəsi 80.40 kvadrat metr, o, cümlədən yaşayış sahəsi 53.10 kvadrat metr olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev. 72 ünvanında yerləşən 9 mərtəbəli, 7 bloklu binanın 2-ci blokunda, 7-ci mərtəbəsində 27 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 oktyabr 2014-cü il tarixli, ******* nömrəli, RX seriyalı hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mənzilin satış qiyməti 72000 manatdır, mənzil dəyərinin 22000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF saylı kredit müqaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcıipoteka qoyan satılan mənzilin bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipoteka verir. İşdə olan 28 oktyabr 2014-cü il tarixli, 07/059/AİF nömrəli kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" ASC-nin “Sumqayıt” filialının müditir İ.E.Nuriyev birgə borcalan adlandırılacaq X8 müqavilə bağlamışlar. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50000 manat məbləğində 360 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Kredit borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilir. İşdə olan nikah haqqında akt qeydindən görünür ki, X8 ilə X13 xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdurlar və bu nikah haqqında akt qeydində 43 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİİ seriyalı, 691663 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İşdə olan AZ-İV seriyalı, 323832 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. X2, anası İddiaçıdır. İşdə olan 008304 nömrəli şəhid ailəsinin üzvünün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəsiqə verilmişdir. İşdə olan 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 1218 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunverciliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Odur ki, vərəsələr dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmaması üçün məhkəmə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan Sumqayıt Regional Vəkil Bürosu tərəfindən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə X3 tərəfindən açılmış sözügedən vərəsəlik işi ilə bağlı və sözügedən şəhadətnamənin verilməsi üçün əsas olan bütün sənədlərin surətlərinin Vəkil göndərilməsi barədə sorğular verilmişdir. İşdə olan sorğuya cavab olaraq 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu Ə.M.Əmirəliyev tərəfindən 15 mart 2023-cü il tarixli, 626 nömrəli sorğuya cavab olaraq göndərilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. İşdə olan reyestrdə 2V-2161 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 13 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X5 verilmiş **********66-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.4 kv/m, yaşayış sahəsi 53.1 kv/m, yardımçı sahəsi 27.3 kv/m, 4 otaqlı olan mənzildən ibarətdir. İşdə olan İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən – xx.xx.2014-cü il tarixdə verilmiş, **********66-05101-093026 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış (qeydiyyat vəsiqəsi, şəhadətnamə və sairə) əsasında mərhum X4 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak ipoteka ilə yüklü olmuşdur. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 72, mənzil 27 xüsusi mülkiyyət hüququ üzrə X4adına 54 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində ********** qeydiyyat nömrəsiilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan AZ-İİ 305686 nömrəli tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 722 nömrə ilə qeyd edilmişdir. İşdə olan reyestrdə V-981 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 05 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Müdafiə Nazirliyininin 15/2744 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən 56700 manat kompensasiyadan ibarətdir. Qeyd edilən əmlakın 3/5 hissəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan reyestrdə V-981 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 18 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Müdafiə Nazirliyininin 15/2744 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən 56700 manat 50 qəpik kompensasiyadan ibarətdir. Qeyd edilən əmlakın 2/5 hissə payı açıq saxlanılmışdır. İşdə olan reyestrdə 2V-1766 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş, 07 oktyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadənamə verilən miras əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli, **********1 nömrəli arayışına əsasən 11000 manat sığorta məbləğindən ibarətdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Oktay qızının cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs1 və X9 qarşı şəhadətnamələrin ləğvi və payların yenidən bölüşdürülməsinə dair ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı Oktay qızı tərəfindən verilmiş ərizənin forma və məzmun tələbinə əməl etməmiş, mübahisənin məhkəməyədək həllinə dair cavabdeh qismində qeyd etdiyi 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin müraciət olunması və bundan imtina edilməsi barədə 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzində notariat ofisinin vərəsələrə arasında ixtilafın olmasına dair (mübahisənin) olmasına dair sənəd əlavə etməmişdir. Bundan əlavə elektron qaydada verilmiş iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamış, 1 saylı Sumqayıt Regional”Asan xidmət” mərkəzini cavabdeh qismində qeyd etməmiş, maraqlı şəxslər olan cavabdehləri maraqlı şəxs qismində və PDF formatında olan ərizə hissəsində əksinə cavabdehləri üçüncü şəxslər qismində qeyd etməklə iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilməmişdir. Həmçinin elektron formada verilmiş ərizədə maraqlı şəxslər qismində qeyd olunmuş (PDF formatında cavabdehlər olaraq) Maraqlı şəxs1 və X6 rəsmi qaydada qeydiyyatda olduqları ünvan İsmayıllı rayonu, X16 küçəsi, D- 4, ev 1-A olmasına baxmayaraq aiddiyyət qayadalarına əməl etməyərək Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüquqununtəminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. X8 öldüyü vaxt – xx.xx.2022-ci il tarixdə onun birinci növbədən sağ 3 vərəsəsi olmuşdur: İddiaçı, X12, X11. Miras əmlaka hər biri 1/5 hissədə irs almış, 2/5 hissədə miras əmlak payı açıq saxlanılmışdır. İddiaçı iddia tələbini mübahisəli mənzili (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzil) birgə nikah dövründə əldə etdiklərini əsas gətirərək onun X4 vərəsəsi kimi digər vərəsələrə nisbətən həmin mənzil üzərində artıq pay hüququnun olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların hüquqi əsası yoxdur.Məhkəmənin qənaətinə görə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün istinad etdiyi hallara dair sübutlar məhkəmə iclasında təsdiq edilməmişdir.Belə ki, mənzil ipoteka əsasında 2014-cü ildə alınmış, nikah isə 2015-ci ildə bağlanılmışdır.Faktiki nikah münasibətlərinin həmin dövrdən yaranması işin araşdırılan hallarına əsasən müəyyən edilməmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Eyni Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3). Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı) O da nəzərə alınmalıdır ki, mirasın qəbul edilməsi qeyri-müəyyən müddətdə deyil, məhz mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməlidir. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, mirasın qəbul edilmə müddətinin başlanğıcı bir tərəfdən vərəsənin vərəsəliyə çağırıldığını bildiyi obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin bu anı bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu hallar mirasın qəbul edilmə müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Belə ki, Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarının məzmunundan görünür ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyətikimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununagörə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir.Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinəəsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşınaçatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Beləki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 ilə İddiaçı xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdurlar. RX seriyalı ******* saylı çıxarışa əsasən mübahisəli mənzil (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzil) X4 adına 54 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində ********** qeydiyyat nömrəsiilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Daha sonra X8 xx.xx.2022-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr nəticəsində Kəlbəcər rayonunda şəhid olmuşdur. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 13 dekabr 2022-ci il tarixli, 2V-2161 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən iddiaçı və uşağı hər biri həmin mənzilə münasibətdə 1/5 hissədə pay almış və yerdə qalan 2/5 hissədə pay isə açıq qalmışdır. Bu hallar işin araşdırılan halları və işdə olan sənədlər ilə öz təsiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72 ünvanında yerləşən 27 saylı mənzil) X8 ilə İddiaçı birgə mülkiyyəti olmadığından həmin mənzilin E.Maraqlı şəxs2 vərəsələri arasında bərabər bölünməsi barədə notarius tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunidir, həmin şəhadətnamə verilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 13 dekabr 2022-ci il tarixli, 2V-2161 reyester nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı şəhadətnamələrin ləğvi və payların yenidən bölüşdürülməsi və sair tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı şəhadətnamələrin etibarsız hesab edilməsi, payların yenidən bölüşdürülməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar