Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4052/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi” iddiasına dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BSK4707499 nömrəli, 10 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 88 manat əsas, 26 manat dəbbə pulu və BSK4706147 31 dekabr 2019-cu il tarixli müqavilə üzrə 139 manat əsas, 42 manat dəbbə pulu və 30 manat tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 325 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2019-cu il və 31 dekabr 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında BSK4707499 nömrəli və BSK4706147 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən BSK4707499 nömrəli müqavilə üzrə 392 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. BSK4706147 nömrəli müqavilə üzrə 319 manat dəyəri 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı BSK4707499 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 2628 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 31 manat olmaqla, hər ayın 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı BSK4706147 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 299 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 25 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun BSK4707499 nömrəli müqavilə üzrə 88 manat əsas, 26 manat dəbbə pulu olmaqla, 114 manat və BSK4706147 nömrəli müqavilə üzrə 139 manat əsas, 42 manat dəbbə pulu olmaqla, 181 manat borcu yaranmışdır. Alıcı tərəfindən BSK4707499 nömrəli, 10 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş və BSK4706147 nömrəli, 31 dekabr 2019-cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 10 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BSK4707499 saylı, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 392 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 31 manat olmaqla ödəməlidir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli BSK4706147 saylı, hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 319 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 25 manat olmaqla ödəməlidir. İşdə olan 22 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə olan qalıq borcu müvafiq olaraq BSK4707499 saylı müqavilə üzrə 88 manat əsas, 26 manat dəbbə pulu və BSK4706147 saylı müqavilə üzrə 139 manat əsas, 42 manat dəbbə pulu borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə 68 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumi müqavilələr üzrə 227 (iki yüz iyirmi yeddi) manat əsas, 10 (on) manat dəbbə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 267 (iki yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-4052/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4052/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver