Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4100/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə Qiyas oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Sumqayıt Şəhər Corat Bələdiyyəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələridirlər. Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 90 kv.m torpaq sahəsi kommersiya obyektinin tikinti-quraşdırılması işlərinin aparılması üçün mərhum X6 ayrılmışdır. Daha sonra torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, torpaq sahəsinin inşaat passportu tərtib olunmaqla müvafiq dövlət qurumlarından rəylər əldə edilmişdir. Həmçinin Corat Bələdiyyəsinin hesabına 162 manat pul ödənilmişdir. Onların atasının işlərindən, o cümlədən hər hansı kommersiya fəaliyyətlərindən məlumatları olmamışdır. Atasının səhhəti uzun müddət pis olmuşdur və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, mərhum atası orada kommersiya məqsədilə qohumu X4 ilə birlikdə 2008-ci ildə birmərtəbəli ticarət obyekti tikmişlər. Onlar bu yaxında öyrənmişdilər ki, mərhum atasının səhhəti ilə maraqlana bilməməsindən istifadə edərək Tofiq Süleymanov sonradan oranın təyinatını dəyişərək oranı ikimərtəbəli ev etmiş və keçən ilin sentyabrında Cavabdeh qanunsuz olaraq satmışdır. Bu səbəbdən də onlar torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin təşəbbüsü ilə Corat Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmənin iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, sözügedən icarə müqaviləsi 2007-ci ildə bağlanılmışdır. Həmin torpaq sahəsinin üzərində tikilinin tikilməsinə başlanılıb, sonradan isə iddia ərizəsində adını çəkilən şəxs həmin tikilini yaşayış sahəsinə çevirib və 2021-ci ildə cavabdehə satmışdır. Hal-hazırda iddiaçılar torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün onun üzərində olan tikilinin sökülməsini istəyirlər. Torpaq hal-hazırda bələdiyyənin mülkiyyətindədir, torpaq sahəsinin özəlləşdirilməsi üçün onlar reyestr xidmətinə müraciət etmişlər, reyestr xidməti isə cavabdeh tərəfin hərəkətlərinə görə bununla bağlı ölçmə işləri apara bilmədiyindən torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirə bilməmişlər. İddiaçılar məhkəməyə müraciət edərək həmin torpaq sahəsinin təyinatı üzrə istifadə etmək məqsədlərini ifadə etməklə həmin torpaq sahəsinə olan icarə münasibətlərini davam etdirmək istədiklərini bildirirlər. İcarə müqaviləsi 15 il müddətinə bağlanmışdır. Müqavilə hazırda qüvvədədir. İddiaçılar mərhum icarəçinin vərəsələridir və icra münasibətlərinin uzadılması üçün Bələdiyyəyə müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir və təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili həmçinin vəsatət verərək, iş üzrə müəyyən edilmiş hallarla bağlı Tofiq Süleymanov adlı şəxsin hərəkətlərində cinayət əlamətlərinin olduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmənin iclaslarında iştirak etmiş Cavabdeh öz izahatında bildirdir ki, iddia tələbini qəbul etmir. O, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən evi təxminən 9 ay bundan əvvəl Tofiq adlı şəxsdən almışdır. Tofiq iddiaçıların qohumudur. Mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən evə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Tofiq ona evin sənədlərinin 5-6 aya veriləcəyini bildirdiyindən, o, inanaraq evi almışdır. Eyni zamanda Corat Bələdiyyəsi tərəfindən həmin ərazi ilə bağlı heç bir mübahisə olmadığı bildirilmişdir. Məhkəmənin iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə öz izahatında müdafiə etdiyi şəxs tərəfindən verilən izahatı müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, iddiaçıların qeyd olunan tələb üzrə subyektiv hüquqları mövcud və iddiaçıların miras əmlakını faktiki və ya qanuni əsaslarla qəbul edilməsini təsdiq edən sübütları yoxdur. Hal-hazırda mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən uzun müddətdir ki, fasiləsiz yaşayış evi kimi istifadə edən cavabdeh həmin tikiliyə dair “qanuni gözləntisi” mövcuddur. Müdafiə etdiyi şəxs evi Tofiq adlı şəxsdən evin dəyərini ödəməklə almışdır. Corat qəsəbəsində adətən analoji formada satışı həyata keçirilən evlər çoxdur. Sənədli evlərə nisbətən belə evlər daha ucuz olduğundan vətəndaşlar həmin evləri almağa meyil göstərirlər. Cavabdeh həmin evi alarkən evin sənədsiz olması barədə məlumatlı idi, lakin Tofiq ona evin sənədlərinin 5-6 aya veriləcəyini bildirmiş, tərəfin də hüquqi savadı olmadığı üçün ona inanmışdır. Məhkəmənin iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 2007-ci ildə icarə müqaviləsi əsasında Adil Kərimova verilmişdir. Əmlak icarəyə verildikdən bir müddət sonra onlar əmlaka baxış keçirmiş və həmin əmlak üzərində tikilinin olduğunun şahidi olmuşlar. Qeyd edir ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və o, 15 il müddətinə icarəyə verilib. 15 illik icarə müddəti bitdikdə tərəflə yenidən müqavilə bağlanır. Əgər icarədar vəfat etmişsə həmin müqavilənin onun vərəsələri ilə bağlana bilər. Həmin torpaq sahəsi qeyriyaşayış təyinatlıdır. Cavabdeh tərəfin hərəkətləri nəticəsində Bələdiyyənin hüququ pozulduğundan iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, həmin torpaq sahəsini 2007-ci ildə iddiaçının kürəkəni X10 və onun qaynatası Kərimov Adildən almışdır. Torpaq sahəsini alarkən əvvəlcə Asifə 3000 manat vermişdir. Bundan sonra da Adil Kərimovun iştirakı ilə Asifə 12000 manat ödəmişdir. Razılaşma şifahi olmuşdur, bununla bağlı heç bir ödəniş qəbzi mövcud deyildir. Mübahisə predmeti olan evi 2007-ci ildə tikmişdir. Cavabdehə isə sözügedən torpaq sahəsini və üzərində yerləşən evi 2021-ci ildə satmışdır. Maddi vəziyyəti yaxşı olmadığından mübahidə predmeti olan torpaq sahəsi üzərindəki evi satmışdır. Evin alqı-satqısı ilə bağlı Valikonun qardaşı Eldənizlə görüşmüş və 48000 manata razılaşmışlar. Evi satarkən Valiko ilə razılığa gəlmişlər ki, evin sənədlərini o, düzəldəcək və bu səbədən evin satış dəyərindən 5000 manatı sənədləşmə işini həll etdikdən sonra ona verəcək. Ev satıldıqdan sonra o, sənədləşmə işini həyata keçirməyə çalışsa da, bəzi problemlər səbəbindən o, bunu edə bilməmişdir. O, 2007-ci ildən 2021-ci ilə kimi ailəsi ilə birlikdə mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən evdə yaşamışdır. Həm qarşı tərəflə qohumluq əlaqələri olduğundan, həm də sənədləşmənin həyata keçirilməsi üçün maddi vəziyyətinin yaxşı olmadığından evin sənədləşdirməsini həyata keçirə bilməmişdir. Faktiki olaraq nə torpaq sahəsinin, nə də evin ona məxsus olmasına dair sənədi yoxdur. 2014-cü ildə Asiflə şərikli iş görməyə başlamış və bundan sonra onunla aralarında münaqişə yaranmışdır. Aralarında olan münaqişə uzun müddət davam etdiyindən 2021-ci ildə Asif onun barəsində 1-ci polis bölməsinə şikayət etmişdir. 2021-ci ildə o, evi Valikoya Corat Bələdiyyəsi vasitəsilə satmışdır və qaz, su, işığı Valikonun adına keçirmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək hesab ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2007-ci il tarixli, 23 nömrəli İcarə müqaviləsindən görünür ki, Sumqayıt Bələdiyyəsi (icarəyə verən) X6 (icarəyə götürən) Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 90 kv.m torpaq sahəsini 15 il müddətinə yəni, xx.xx.2007-ci il tarixdən xx.xx.2022ci il tarixədək icarəyə verməyi, icarəyə götürən də öz növbəsində icarənin hər il üçün 45 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Sumqayıt Şəhər Corat Bələdiyyə İclasının “kommersiya obyekti tikinti-quraşdırılması üçün torpaq sahəsinin ayrılması haqqında” 07 sentyabr 2007ci il tarixli, 10 saylı protokolu əsasında qəbul olunmuş qərarın məzmunundan görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin, DT və XK-nin Sumqayıt şəhər şöbəsinin rəylərini nəzərə alaraq, Corat Bələdiyyəsinin 07 sentyabr 2007-cı il tarixli 10 saylı iclas protokolunun qərarına Corat qəsəbəsi ərazisində X1 obyekti tikintiquraşdırılması üçün 90 (doxsan) kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Corat Bələdiyyəsi xx.xx.2022-ci il tarixdə ünvanlanmış İddiaçı2 tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, Corat Bələdiyyəsinin iclas protokolunun qərarı ilə (xx.xx.2007-ci il tarixli, 10 saylı) ayrılmış torpaq sahəsinin kommersiya məqsədilə xx.xx.2007-ci il tarixində bağlanmış icarə müqaviləsinin müddəti bitdiyindən vərəsəsi İddiaçı2 adına icarə müqaviləsinin müddətinin uzadılması barədə sərəncam verilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil bürosunun vəkili Vəkil1 29 iyun 2022-ci il tarixli, 553 saylı sorğusuna əsasən Azərbaycan Respublikası Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 93 saylı məktubdan görünür ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən Corat qəsəbəsi ərazisində kommersiya obyekti tikinti quraşdırılması üçün X5 90,0 kv.m. torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci ildə X3 adına bağlanmış icarə müqaviləsində heç bir dəyişiklik edilməmiş və xitam verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarxili arayışdan görünür ki, İddiaçı2 adına Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 33/6 ünvanında yerləşən 32/102 nömrəli mənzil üzərində tam mülkiyyat hüququ 24 yanvar 2006-ci il tarixli 34321 qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli kitabın 96-cı səhifəsində qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 021431 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə kəskin pankreatit səbəbilə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Notariat Ofisi tərəfindən göndərilmiş 2v-136 reyestr nömrəli, 16 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsələri- İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ üzrə hər biri miras əmlakdan - ünvan 2 ünvanına bərabər hissədə pay almalıdırlar. Sadalanan işin hallarından göründüyü kimi mübahisə predmeti olan ərazi Sumqayıt şəhər Corat Bələdiyyəsinin mülkiyyətində olmaqla, həmin ərazi Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən iddiaçının mərhum atası X3 15 il müddətinə icarəsinə verilmişdir. X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İcarə müqaviləsi qüvvədə olmaqla, xitam verilməmiş, həmin ərazi ilə bağlı digər şəxslə yeni müqavilə bağlanılmamış, torpaq sahəsi qanuni əsaslarla digər şəxsin icarəsinə verilməmişdir. Eləcə də torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçılar mərhum icarəçi X3 vərəsələri olduqlarını, cavabdehin təqsirindən icarəyə ayrılmış torpaq sahəsindən istifadə edə bilmədiklərini iddia edir və araşdırılan tələblə çıxış edirlər. İddiaçı iddianın əsası olaraq xx.xx.2007-ci il tarixli, 23 nömrəli İcarə müqaviləsi, Sumqayıt Şəhər Corat Bələdiyyə iclasının “kommersiya obyekti tikinti-quraşdırılması üçün torpaq sahəsinin ayrılması haqqında” 07 sentyabr 2007-ci il tarixli, 10 saylı protokola, həmin müqaviləyə xitam verilməməsi ilə bağlı hallara istinad etmişdir. Məhkəmə məsələnin qanuni həlli bağlı bələdiyyə mülkiyyətinə aid torpaqların hüquqi əsasları ilə bağlı qanunvericiliyin göstərişlərinin araşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47-ci maddəsinin 7-cı hissəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 66-cı maddəyə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.6. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Şərh olunan hüquq normalarının göstərişlərindən göründüyü kimi torpaqların bələdiyyə mülkiyyətinə verilməsi qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Mübahisə predmeti olan ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla icarə müqaviləsi əsasında icarəçinin istifadəsinə ayrılması iddiaçının istinad etdiyi sənədlərlə öz təsdiqini tapır. Həmin sənədlərdən müəyyən olunur ki, X6 ayrılmış 90,0 kv.m. torpaq sahəsi istifadəsinə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların araşdırılan iddiaya münasibətdə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Torpaq Məcəlləsinin : 7-ci maddəsinə əsasən İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 73-cü maddəyə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda xitam verilir. 92-ci maddəyə əsasən Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 11.12-ci maddəsinə əsasən İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, hazırki halda iddiaçılar subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malikdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiçılar mərhum icarəçi Adil Kərimovun vərəsələri olmaqla sonuncuya məxsus mirası qəbul etmişlər. Qanunvericiliyin şərh olunan göstərişlərinə əsasən icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar onun varislərinə keçir. Bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar araşdırılan mübahisə üzrə icarə münasibətlərini hüquqi varislik qaydasında qəbul etmiş. Odur ki, məhkəmədə hazırki tələblə çıxış etmək hüququna malikdirlər. İş üzrə toplanmış və tədiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, sökülməsi tələb olunan tikilinin qanunvericliyin tələblərinə zidd olaraq bələdiyyə mülkiyyətində olan və iddiaçılara icarəyə verilmiş torpaq sahəsi üzərində heç bir hüquqi əsas olmadan inşa edilməsi, həmin tikilinin özbaşına tikili olmaqla, cavabdehin torpaq sahəsi və tikili üzərində hüquqmüəyyənedici sənədlərə malik olmaması toplanmış sübutlarla tam təsdiq olunur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikili sökülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, iş üzrə xüsusi qərardad çıxarılması barədə iddiaçının nümayəndəsinin xahişi təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllədə yerləşən, 90 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz ikimərtəbəli tikili sökülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4100/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4100/2022
14.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver