Məhkəmə qərarları › İş №e-2(060)-4154/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4154/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4154/2025 29.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********86567 olan, «İphone 15 Pro Max» markalı telefon üçün 3084,76 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsüm, 308,48 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Kieslect Kr2” markalı qol saatı, imei kodu **********37351 olan, «İphone 15 Pro» markalı telefon üçün 2805 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsüm, 280,50 manat dəbbə olmaqla, ümumilikdə 6525,94 manat borcun və 85,26 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Cavabdeh imei kodu **********86567 olan, «İPHONE 15 PRO MAX» markalı telefon, KİESLECT KR2 qol saatı, imei kodu **********37351 olan, «İPHONE 15 PRO» markalı telefon almış və nəticədə 6525,94 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3950,40 manat olan, imei kodu olan İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə 3416,84 manat olmaqla ondan, 3084,76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, güzəşt olunaraq 308,48 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2955 manat olan, KİESLECT KR2 Qol saatı, imei kodu **********37351 olan İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə 3109,10 manat olmaqla ondan, 2805 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, güzəşt olunaraq 280,50 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1015,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.

Tərəflərin mövqeləri:

3. İddiaçı Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 06652491 nömrəli və xx.xx.2024-cü il tarixli, 02628738 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən imei kodu **********86567 olan, «İphone 15 Pro Max» markalı telefon, “Kieslect Kr2” markalı qol saatı, imei kodu **********37351 olan, «İphone 15 Pro» markalı telefon almışdır.

6. Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 06652491 və 02628738 saylı müqavilələrin predmeti olan əşyaları təhvil almışdır.

7. xx.xx.2024-cü il tarixli, 06652491 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 27 sentyabr 2024-cü il tarixdən 27 fevral 2026-cı il tarixədək hər ay 192,80 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

8. xx.xx.2024-cü il tarixli, 02628738 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 25 noyabr 2024-cü il tarixdən 25 yanvar 2026-cı il tarixədək hər ay 187 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş 16 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3084,76 manat əsas borc, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsüm, 308,48 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2805 manat əsas borc, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsüm, 280,50 manat dəbbə pulu olmaqla, cəmi 6525,94 manat borcu vardır.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.

16. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

17. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

21. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 50 (əlli) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

22. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “innovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər.

23. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilələrin 3.14-cü maddəsinə əsasən müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilələrin 3.5-ci bəndində isə qeyd edilir ki, müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.

24. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir.

25. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir).

26. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci tarixli arayışdan iddiaçı tərəfindən Cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında satılmış, imei kodu **********86567 olan, «İphone 15 Pro Max» markalı telefonun açılıb-bağlanması xidmətinə innovativ layihələr mərkəzinə 23,60 manat, imei kodu **********37351 olan, «İphone 15 Pro» markalı telefon açılıb-bağlanması xidmətinə innovativ layihələr mərkəzinə 23,60 manat pul vəsaiti ödənildiyi qeyd olunsa da, məhkəmə hesab edir ki, həmin arayış iddiaçı tərəfindən tərtib edildiyindən qeyd edilən məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz.

27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək sübut əlavə edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.

28. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 06652491 nömrəli müqavilə üzrə əsas borc qismində 3084,76 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2024-cü il tarixli, 02628738 nömrəli müqavilə üzrə əsas borc qismində 2805 manat, cərimə borcu qismində 20 manat olmaqla, ümumilikdə 5939 (beş min doqquz yüz otuz doqquz) manat, 76 (yetmiş altı) qəpik və dövlət rüsumu olaraq pul vəsaitinin 79 (yetmiş doqquz) manat, 39 (otuz doqquz) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 06652491 nömrəli müqavilə üzrə əsas borc qismində 3084,76 manat, cərimə borcu qismində 25 manat, xx.xx.2024-cü il tarixli, 02628738 nömrəli müqavilə üzrə əsas borc qismində 2805 manat, cərimə borcu qismində 25 manat olmaqla, ümumilikdə 5939 (beş min doqquz yüz otuz doqquz) manat, 76 (yetmiş altı) qəpik və dövlət rüsumu olaraq pul vəsaitinin 79 (yetmiş doqquz) manat, 39 (otuz doqquz) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar