Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4215/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış SMTK02512 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2747,91 manat dəyərində nisyə aldığı mala görə 350 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2397,91 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı olan 2397,91 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Bundan başqa tərəflər arasında bağlanmış SMTK02512-z saylı xx.xx.2021 tarixli zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin,hesablanmış cərimələrin və satıcının çəkmiş olduğu hər hansı digər xərc və zərərlərin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehlərin bugünə 1352,91 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 vəCavabdeh1 İddiaçı QSC-nin xeyrinə SMTK02512 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və SMTK02512-z saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə 1352,91 AZN borcun, 34 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış SMTK02512 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC dəyəri 3097,91 manat olan əşyanı Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.
12. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış R-16/19 saylı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan Rxx/xx-0109 saylı sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı olan 2397,91 manat məbləğindəki tələb hüququ "xxxx" QSC-yə keçmişdir.
13. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas borca görə 1352,91 manat borcu vardır.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
17. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.
21. Məhkəmə iddia tələbinin alqı-satqı müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamin Cavabdeh1 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
22. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
24. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı (xx.xx.2023) gündən iki il ötmüşdür. Belə olan halda, zaminlik müqaviləsinə xitam verilməlidir.
26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 SMTK02512 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1352,91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat məbləğində pul və 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə verilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 SMTK02512 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1352,91 (bir min üç yüz əlli iki manat, doxsan bir qəpik) manat məbləğində pul və 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" QSC-yə verilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva