Məhkəmə qərarları › İş №e-2(060)-431/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-431/2022

02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-431/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Mik-2, 4/26 saylı evin, 35 nömrəli mənzilinə hesablanmış 135 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəh. Mik-2, ev 4/26, mənzil 35 yerləşən mənzil faktiki olaraq iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda köhnə abonent kodu: **********35000, yeni kodu isə: 01**********350 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. Lakin, cavabdeh iddiaçıya 24.07.2020 tarixində sayğacı dəyişdirdikdən sonra əlavə 135 AZN əsassız borc yazıb. Cavabdehin əməkdaşları 24.07.2020 tarixdə iddiaçının ünvanına gələrək guya sayğacın vaxtaşırı əvəzlənməli olduğunu bildirilmişdir. Buna görə də sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman nə bir akt tərtib edilib və heç bir sənəd iddiaçıya verilməyib. İddiaçının sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı məlumatı olmayıb və istifadə edilən qaz üçün borcu vaxtlı-vaxtında ödəmişdir. Sözügedən mənzil kiçik sahəli 2 otaqlı mənzildir və bu mənzil üçün ilin soyuq vaxtında belə qaz sərfiyyatı çox azdır. Bir müddət vaxt keçdikdən sonra müəyyən olub ki, cavabdeh iddiaçıdan əlavə 135 AZN borc məbləğini də tələb edir. İddiaçı bununla əlaqədar X1 müraciət etmiş, lakin heç kim aydın və tam məlumat verməmişdir. Sonuncu dəfə 13.08.2021 tarixli vəkil sorğusuna cavabdeh hesablama mexanizminin plastmas qapağının üzərində olan iki plombdan birinin kəsik olması səbəbini göstərib və guya sayğaca müdaxilə olunduğu üçün 135 manat borc yazılıb. İddaçı heç bir aktın tərtib olunmasında iştirak etməmişdir. 135 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, bu barədə məlumat verilməmiş və sayğaca müdaxilə olunması sonradan Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci Mikrorayon, 4/26 saylı evin, 35 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, 2-ci Mikrorayon, 4/26 saylı evin 35 nömrəli mənzilinə 135 manat borc hesablanmışdır. İş materiallarında olan 01/EH 06-11-1106 nömrəli, 07.09.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci Mikrorayon, 4/26 saylı evin 35 nömrəli mənzilinə 24.11.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək hesablama yolu ilə dəymiş ziyanın məbləği 135 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci Mikrorayon, 4/26 saylı evin 35 nömrəli mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına məsuliyyət daşımadığından, həmin mənzilinə əsassız olaraq borc kimi yazılmış 135 manat məbləğində olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2-ci Mikrorayon, 4/26 saylı evin, 35 nömrəli mənzilinə (abunə kodu: 01**********350) hesablanmış 135 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar