Məhkəmə qərarları › İş №e-2(060)-4403/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4403/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4403/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Ərizəçi X6 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı maraqlı şəxs qismində cəlb etməklə hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 76 saylı, xx.xx.1952-ci il tarixli doğum haqqında akt qeydində adı "Həzirətqulu" kimi, soyadı “İmamalıev”, ata bəndində “Mehman” adı ümumiyyətlə göstərilməyən, doğum haqqında şəhadətnamədə soyadı “İmamalıyev” kimi qeyd edilmiş şəxsin xx.xx.1952-ci il təvəllüdlü X7 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X2 doğma oğludur. X7 xx.xx.1952-ci il tarixdə Zəngilan rayonunun Mincevan qəsəbəsində anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X4 məxsus 19 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnamədə, AZE seriyalı 01495551 nömrəlişəxsiyyət vəsiqəsində, C02725457 nömrəli pasportda, BT 019848 nömrəli diplomda, nikahın bağlanılması haqqında ЖГ 424351 nömrəli şəhadətnamədə, mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarda və digər hüquqi əhəmiyyətli sənədlərdə adı “Həzi”, soyadı “İmaməliyev” və ata adı “Mehman” kimi göstərilmişdir. Həzi İmaməliyev vəfat etdikdən sonra ərizəçi, oğlu Ərizəçi vərəsəlik hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq notariat orqanına müraciət etmiş lakin notariat orqanı şifahi olaraq onun atasının ad və soyadında doğum haqqında akt qeydində uyğunsuzluq olduğunu bildirmişdir. Bundan sonra ərizəçi Azərbayan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə atasının xx.xx.1952-ci il tarixli, 76 nömrə ilə qeydi aparılmış doğum haqqında akt qeydində uşaq bəndində adın “Həzirətqulu”-dan “Həzi”-yə, soyadın “İmamalıev”-dən “İmaməliyev”-ə, ata adının “Mehman” olaraq əlavə edilməsinə dair rəsmi olaraq müraciət etmiş və qeydiyyat şöbəsi xx.xx.2025-ci tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubla, Zəngilan rayonunun Mincevan icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 76 saylı, xx.xx.1952-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində onun ata adının “Həzirətqulu”, soyadının “İmamalıev” kimi qeyd edildiyi, ata adının qeyd olunmadığı və müvafiq dəyişikliklərin edilməsinin imkan xaricində olması səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan başqa X4 məxsus olan doğum haqqında şəhadətnamədə adı “Həzi”, ata adı “Mehman” olaraq qeyd edilsə də soyadı “İmamalıyev” olaraq qeyd edilmişdir. Həmin düzəlişlərin edilməsi ərizəçiyə atasından miras qalmış miras əmlakının vərəsəlik qaydasında qəbul edilməsi üçün lazımdır. Odur ki, ərizəçi yuxarıda qeyd olunan düzəlişlərin aparılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 №-li məktubundan görünür ki, X5 doğum haqqında akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305-ci maddəsindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarından görünür ki, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların təsnifatına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, maraqlı şəxslə ərizəçi arasında inzibati hüquq münasibəti üzrə mübahisə olduğundan sonuncu müvafiq inzibati orqanın qərar və hərəkətləri ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada aidiyyəti inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, mübahisə ümumi yurisdiksiyalı məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, müvafiq səlahiyyətli orqanın imtinasını inzibati qaydada mübahisələndirə bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, ərizədə qeyd olunanlarla bağlı onun inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar