Məhkəmə qərarları › İş №e-2(060)-4440/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4440/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4440/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə X2 arasında 24 sentyabr 2019-cu il və 02 oktyabr 2019-cu il tarixlərində “alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 24 sentyabr 2019-cu il tarixli Y20K5758313 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 4636 (dörd min altı yüz otuz altı) manat olan 1 ədəd “Blomberg” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Acer” markalı noutbook almış, ilkin ödəniş olaraq 241 (iki yüz qırx bir) manat ödəniş etmiş, nəticədə 4395 (dörd min üç yüz doxsan beş) manat borc yaranmış və 02 oktyabr 2019-cu il tarixli Y20K5758393 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 5904 (beş min doqquz yüz dörd) manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı kondisioner, 1 ədəd “Beko” markalı aspirator, 1 ədəd “Beko” markalı soba, 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Beko” markalı qabyuyan və 1 ədəd “Beko” markalı mebel içi soba almış, ilkin ödəniş olaraq 1500 (bir min beş yüz) manat ödəniş etmiş, nəticədə 4404 (dörd min dörd yüz dörd) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 24 sentyabr 2019-cu il tarixli Y20K5758313 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 (əlli) manat, 02 oktyabr 2019-cu il tarixli Y20K5758393 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 (əlli) manat ödəniş edilmişdir. Bugünədək cavabdehlə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti Y20K5758313 saylı müqavilə üzrə 4636 (dörd min altı yüz otuz altı) manat olan 1 ədəd “Blomberg” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Acer” markalı noutbook üçün ümumillikdə 3545 (üç min beş yüz qırx beş) manat ödənilməmiş hissə, 1060 (bir min altmış) manat dəbbə pulu və alqı-satqı qiyməti Y20K5758393 saylı müqavilə üzrə 5904 (beş min doqquz yüz dörd) manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı kondisioner, 1 ədəd “Beko” markalı aspirator, 1 ədəd “Beko” markalı soba, 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Beko” markalı qabyuyan və 1 ədəd “Beko” markalı mebel içi soba üçün ümumillikdə 3684 (üç min altı yüz səksən dörd) manat ödənilməmiş hissə, 1104 (bir min yüz dörd) manat dəbbə pulu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh İddiaçı xeyrinə Y20K5758313 saylı müqavilə üzrə 3545 (üç min beş yüz qırx beş) manat əsas borc, 1060 (bir min altmış) manat dəbbə pulu, Y20K5758393 saylı müqavilə üzrə 3684 (üç min altı yüz səksən dörd) manat əsas borc, 1104 (bir min yüz dörd) manat dəbbə pulu və 114 (bir yüz on dörd) manat məbləğində onun tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumillikdə 9507 (doqquz min beş yüz yeddi) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan problemlər ilə əlaqədar olaraq məhkəmə hazırlıq və baxış iclaslarında iştirakının mümkün olmayacağını bildirmişdir. İddia ərizəsini müdafiə edərək bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 9507 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişlərini qəbul etməsinə baxmayaraq (bu barədə poçt tərəfindən cavabdeh tərəfindən imza edilməklə təsdiq edilmiş məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır) məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan əlavə, Cavabdeh AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə SMS bildiriş göndərilməklə (SMS bildirişləri status gözlənilir qeydi ilə tərəfə çatdırmaq mümkün olmuşdur), məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 24 sentyabr 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və ona edilmiş ödəniş cədvəlindən görünür ki, satıcı İddiaçı dəyəri 4636 manat olan 1 ədəd “Blomberg” markalı soyuducu, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Acer” markalı noutbooku Cavabdeh nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini ilkin ödəniş 241 manat olmaqla qalan məbləği 15 ay müddətində hər ay 293 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 02 oktyabr 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və ona edilmiş ödəniş cədvəlindən görünür ki, satıcı İddiaçı dəyəri 5904 manat olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Beko” markalı kondisioner, 1 ədəd “Beko” markalı aspirator, 1 ədəd “Beko” markalı soba, 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Beko” markalı qabyuyan və 1 ədəd “Beko” markalı mebel içini Cavabdeh nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini ilkin ödəniş 1500 manat olmaqla qalan məbləği 12 ay müddətində hər ay 367 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, pretenziya məktubundan görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borcun 5 təqvim günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Y20K5758313 nömrəli, 24 sentyabr 2019-cu il tarixli və Y20K5758393 nömrəli, 02 oktyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri üzrə üzrə xx.xx.2023-cü il tarixə olan qalıq borcu 3545 manat əsas, 1104 manat dəbbə pulu, 114 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 9507 manat pul məbləğində vəsait təşkil etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ******* saylı, 24 sentyabr 2019-cu il tarixli və ******* saylı, 02 oktyabr 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri imzalanmışdır. İddiaçı tərəf hər iki müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 7229 (3545+3684) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 2164 (1060+1104) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 (100+100) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 114 manat dövlət rusumunun 94.29 manatı cavabdehdən tutulmalı, 14.71 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə Y20K5758313 saylı müqavilə üzrə 3545 (üç min beş yüz qırx beş) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, Y20K5758393 saylı müqavilə üzrə 3684 (üç min altı yüz səksən dörd) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 7429 (yeddi min dörd yüz iyirmi doqquz) manat pul və 94.29 (doxsan dörd manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar