Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4544/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, Koroğlu-M.Ə.Sabir küçələrinin kəsişməsində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai Tiburon minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Opel Astra minik” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5655276 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Opel Astra minik” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 150 manat məbləğində maddizərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən loto sistemi vasitəsi ilə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən cavabdеh Cavabdeh 150 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Hyundai Tiburon” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. İşin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən “Hyundai Tiburon” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Sığortalı X1r.
9. İş materiallarında xx.xx.2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış “Hyundai Tiburon minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra minik” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, dəymiş maddi ziyan ilə əlaqədar sığorta ödənişinin məbləği 150 manat təşkil edir.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Opel Astra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində ziyan dəymişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “Hyundai Tiburon minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh idarə etdiyi “Hyundai Tiburon” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Opel Astra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, “Opel Astra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 150 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
15. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
16. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
18. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
19. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin, onun Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 150 (bir yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
20. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 150 (bir yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva