Məhkəmə qərarları › İş №e-2(060)-4545/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4545/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4545/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, D.Əliyeva küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Toyota Corolla” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Ford Transit” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Corolla” markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobilə 240 manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən, 240 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Nəsimi rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Həşimov X2 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 346.1-ci (dayanma və ya durma qaydalarını pozma) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 240 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərərək bildirmişdir ki, ona aid olan avtomobil hərəkətdə olmayan və özünün də içərisində olduğu vaxt **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini sürtüb keçərək saxlamış, sürücü ona yaxınlaşaraq ondan üzr istəyərək tələsdiyini bildirmiş və öz aralarında məsələni həll edəcəyini bildirmiş, o da, sürücünün xanım olmasına görə razılaşaraq əlaqə nömrəsini vermişdir. Səhəri günü **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nizami rayon Polisinə onun günahkar olduğunu bildirib şikayət ərizəsi yazmışdır. X4 işi "xxxx"ya göndərmişdir. Neçə illərdir "xxxx"nın müştərisi olmasına baxmayaraq, bir dəfə belə olsun qəzası olmamışdır, hal-hazırda "xxxx" onun günahı olmamasına rəğmən onu məhkəməyə verir, göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan Nəsimi Rayon DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Ford Transit” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 346.1-ci maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

8. İş materiallarında olan PXA ********** saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Corolla” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 240 manat, ödənilmiş sığorta ödənişinin məbləği 240 manat təşkil edir.

9. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Toyota Corolla” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 240 manat məbləğində ziyan dəymişdir.

10. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 hesabına 240 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Ford Transit” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

15. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

18. Məhkəmə cavabdehin “günahsız olması ilə bağlı” müraciətinə qiymət verərək bildirir ki, cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər Nəsimi Rayon DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 240 (iki yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

22. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 240 (iki yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar