Məhkəmə qərarları › İş №e-2(060)-4614/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4614/2023

09.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4614/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 09 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2023-cü il tarixdə X1 Sumqayıt QİS tərəfindən yazılmış ******* nömrəli aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 291.51 manat əlavə sərfiyyatın (borcun) silinməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəs, Qızılağac küçəsində evi var və orada ailəsi ilə yaşayır. Uzun müddətdir nümunəvi istehlakçı kimi təbii qazdan səmərəli istifadə edir, ödənişləri vaxtı vaxtında edir. 16 mart 2023-cü il tarixdə qaz kartına ödəniş edərək sayğaca əlavə etmişdir. Qaz sayğacının işlədiyini, lakin yüklənmiş vəsaitin azalmadığını müşahidə etmişdir. Dərhal 104 qaz qəza xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bundan sonra əməkdaşlar gələrək baxış keçirmişlər. Bundan sonra sayğacı dəyişərək, yeni sayğac qoymuşlar və ******* nömrəli akt tərtib edərək istismarına təqdim etmişlər. Hər hansı müdaxilə olmadığını və texniki problem olduğunu bildirmişlər. Aktda da sərfiyyatın qeyd edilmədiyi qeyd edilmişdir. Lakin bundan sonra X1 Sumqayıt QİS-in əməkdaşları 20 mart 2023-cü il tarixdə ******* nömrəli akt gətirərək ona imza etməyi təklif etmişlər. Oxuduqda görmüşdür ki, ona əlavə sərfiyyat yazılıb və qanunsuz olaraq 291.51 manat borc hesablanıb. Halbuki, hadisə olan kimi o, texniki nasazlıq barədə dərhal məlumat vermiş və vətəndaş, istehlakçı olaraq nümunəvi addım atmışdır. Buna görə ona təşəkkür etmək əvəzinə qanunsuz sərfiyyat hesablanmışdır. Lakin bildirmək istərdi ki, sayğaca (abonent kod köhnə- **********64000, yeni- 01**********640 nömrəli) heç bir müdaxilə etməmişdir. Həmçinin vaxtında məlumat verərək sərfiyyatın boşuna sərf edilməsinin qarşısını almışdır. Nəticədə isə qanunsuz olaraq ona 291.51 manat miqdarında əlavə sərfiyyat hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan sayğaca baxış keçirilmişdir. Sayğaca müdaxilə olduğu üçün akt tərtib edilmiş və nəticədə iddiaçıya əsaslı olaraq borc hesablanmışdır. Onu da qeyd edir ki, iddiaçı tərəfindən qazdan istifadəyə görə 2023-cü ilin yanvar ayında 41 manat, fevral ayında 26 manat, mart ayında 2 manat ödəniş edilib. Bu onu göstərir ki, sayğac xəta ilə işləyir. Onu da qeyd edir ki, sözügedən məbləğ cərimə deyil, itirilmiş qazın bərpası üçün atılmış addımdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı məbləği çox qeyd edib. Əslində ona daha az cərimə hesablanmışdır. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacda xətaların normadan artıq olması, hesablama mexanizminin nominal-minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi və sayğacın keçən qazın həcmini qeyd etmədiyi, hesablama mexanizminin ilişərək işlədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına xx.xx.2023-cü il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 259,20 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 2160 m3 müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış İtron tipli, G-4 markalı, ********** nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********47 nömrəli sayğacla əvəzlənmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 291.51 manat borcun silinməsini xahiş etsə də, iş materialına əlavə edilmiş abonentin saldosuna əsasən İddiaçı təbii qazdan istifadəyə görə 259,20 manat borc hesablanmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 259.20 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacda xətaların normadan artıq olması, hesablama mexanizminin nominal-minimal sərfiyyatda 100% nisbi xətayal işlədiyi və sayğacın keçın qazın həcmini qeyd etmədiyi, hesablama mexanizminin ilişərək işlədiyi və sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: 01**********640) xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt əsasında hesablanmış 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar