Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4633/2024 25.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı MMC-nin nümayənsəsi Guseinov Gasanın, Cavabdeh1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2zə qızına qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2zə qızına qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh1 sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **- YD-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA121742 ban, tünd göy metallik rəngli avtomobil 25850 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh1 illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543,51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC tərəfindən verilmiş № POA**********0 nömrəli etibarnamə əsasında lizinq alan Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi qeyd olunan avtomobili idarə etmək səlahiyyəti əldə etmişdir. 20 dekabr 2023-cü il tarixdə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmiş və İddiaçı MMC-yə məxsus olan və müqavilə əsasında Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilən “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyətə düşmüş və xx.xx.2024-cü il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. “Servis Mərkəzi” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Chevrolet Cobalt” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9045,20 manat məbləğində maddi ziyan hesablanmışdır. “Paşa Sıgorta Şirkəti” tərəfindən mütənasib bölgüyə əsasən İddiaçı MMC-yə dəymiş ziyana görə 4231,61 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə “Chevrolet Cobalt” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etmir. Buna görə də qeyd olunan avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4813,59 manat məbləğində pul İddiaçı MMC-nə ödənilməlidir. Həmçinin, Cavabdeh1 “Daxili lizinq” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün 30 aprel 2024-cü il tarixə İddiaçı MMC-yə AZL-1170 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 2405,98 manat gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 04 dekabr 2023-cü il tarixli AZL-1170 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 aprel 2024-cü il tarixə 1001,89 manat gecikdirilmiş əsas, 1172,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 231,91 manat dəbbə pulu, ümumilikdə 2405,98 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4813,59 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Guseinov Gasan izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, 04 dekabr 2023-cü ildə maşın almışdır. 20 dekabr 2023-cü ildə Cavabdeh2 onun maşınını yararsız hala salmışdır. Bununla bağlı o, iddiaçıya müraciət etmişdir. Maşının ödənişlərinin dondurulmasını, maşının təmirinə kömək edilməsini xahiş etmişdir. Hazırda maşının təmiri üçün 8000 manat pul tələb olunur. O, taksi fəaliyyəti göstərmək üçün maşın almışdır. Yararsız halda olduğuna görə bir ildir ki, maşından istifadə edə bilmir. O, digər cavabdehlə əlaqə saxlamış, ona köməklik edəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlamamışdır. O, maşının aldığı formada, tam təmirli şəkildə ona geri qaytarılmasını istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2zə qızı izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, onun lizinq şirkəti ilə heç bir müqaviləsi yoxdur. Onun vurduğu ziyanı sığorta şirkəti ödəmişdir. Ondan tələb olunan məbləğlə razı deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2zə qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı X2ndən görünür ki, İddiaçı MMC Cavabdeh1 sifarişi ilə “Chevrolet Cobalt” markalı, ban nömrəsi XWBJA69V9PA121742 olan avtomobili 25850 manata mülkiyyətinə almağı və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, Cavabdeh1 isə bu müqavilənin imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi, ödənilmiş 3500 manat lizinq ödənişinin lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğinin 60 ay müddətinə, illik 16 % hesablanmaqla, hər ay 543,51 manat olmaqla sabit məbləğdə pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, “Chevrolet Cobalt LTZ” markalı avtomobili lizinq alan Cavabdeh1 təhvil vermişdir. Lizinq alan həmin avtomobili təhvil almışdır.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Volkswagen Passat minik” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-yə təhvil vermişdir.
13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, lizinq predmeti olan “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 9045,20 manat məbləğində ziyan dəymişdir.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 4231,61 manat məbləğində pul köçürülmüşdür.
15. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 04 dekabr 2023-cü il tarixli, AZL-1170 nömrəli X2 üzrə 1001,89 manat əsas, 1172,18 manat faiz borcu, 231,91 manat cərimə borcu olmaqla, cəmi 2405,98 manat borcu vardır.
16. İş materiallarında olan İddiaçı Cavabdeh1 və Cavabdeh2zə qızına ünvanladığı bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2zə qızına borcun ödənilməsi ilə bağlı təkliflər edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıqlar edilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7325 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarındakı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti 5694 manat, təmir-bərpa işlərinin qiyməti 2780 manat olmaqla, ümumilikdə 8474 manat müəyyən edilir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 5523 manat, təmir-bərpa işlərinin qiyməti 2780 manat olmaqla, ümumilikdə 8303 manat müəyyən edilir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Göründüyü kimi Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
27. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).
28. Məhkəmə hesab edir ki, Cavabdeh1 üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia verməkdə haqlı olmuşdur.
29. Məhkəmə iddia tələbinin əsas borcun və gecikdirilmiş mükafatın tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, Cavabdeh1 müqavilə üzrə borcun olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.
30. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
31. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 50 (əlli) manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı MMC ilə bağlanmış 04 dekabr 2023cü il tarixli AZL-1170 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 aprel 2024-cü il tarixə 1001,89 manat gecikdirilmiş əsas, 1172,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 231,91 manat dəbbə pulu, ümumilikdə 2405,98 manat məbləğində borcun İddiaçı MMCnin xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı “X2” ləğv edilməli, Cavabdeh1 1001,89 manat gecikdirilmiş əsas, 1172,18 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu olmaqla, cəmi 2224,07 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
33. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4813,59 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci madəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
35. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli X2 ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin predmeti adlanan 1-ci maddəyə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - Müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu Müqavilə itə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış Mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. -Müqavilənin 4.4-cü bəndinin müvafiq yarımbəndlərinə əsasən lizinq alanın vəzifələrinə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək; lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq. - Müqavilənin 5.3-cü yarımbəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, "Daxili Lizinq" müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti hətta lizinq alanın şəxsən özü tərəfindən idarə olunsa da, müddəti keçmiş etibarnamə ilə idarə edildikdə; b) lizinq obyekti alkaqollu içki və ya psixiatrop maddələrin təsiri altında idarə edilərsə; c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə; ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol-nəqliyyat hadisəsindən sonra 1 ay ərzində ödənilməzsə; d) “Daxili lizinq” müqaviləsinin imzalanmasından 1 il keçərsə; e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda ; ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin (şəxslərin) təqsiri nəticəsində zədələndikdə.
36. Göründüyü kimi lizinq obyekti olan avtomobil Cavabdeh1 istifadəsində olarkən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin yol-nəqliyyat hadisəsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.5 və 390.6-ci maddələrinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
38. Göründüyü kimi lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC ilə bağladığı “Daxili lizinq” müqaviləsində başqa şəxsin təqsiri nəticəsində avtomobil zədələndiyi halda, öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalı olmasına dair öhdəlik götürmüşdür.
39. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
40. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 dekabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyektinə ziyan dəymişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçıya sığorta şirkəti tərəfindən 4231,61 manat məbləğində sığorta ödənişi edilmişdir.
41. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı mübahisələndirildiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
42. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti 5694 manat, təmir-bərpa işlərinin qiyməti 2780 manat olmaqla, ümumilikdə 8474 manat müəyyən edilir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 5523 manat, təmir-bərpa işlərinin qiyməti 2780 manat olmaqla, ümumilikdə 8303 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
43. Məhkəmə hesab edir ki, avtomobilin 2023-cü il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə köhnəlmə faizi nəzərə alınmaqla 8303 manat müəyyənləşdirilməlidir.
44. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 8303 manat müəyyən edilməsi, sözügedən avtomobilin sığorta şirkəti tərəfindən iddiaçıya 4231,61 manat sığorta ödənişi həyata keçirilməsi nəzərə alınmaqla, vurulmuş zərər 4071,39 manat məbləğində müəyyən edilməlidir.
45. Bundan əlavə, iş üzrə Cavabdeh1 tərəfindən iddiaçıya 3500 manat ilkin ödəniş edildiyi işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan “Chevrolet Cobalt” markalı avtomaşın da faktiki olaraq iddiaçıdadır. İddia tələbində lizinq müqaviləsinin ləğvi də xahiş edilmişdir. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi dəyərləndirilməsi istisna olunur. Lizinq obyekti olan avtomaşın lizinq alan cavabdehdə qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti Cavabdeh1 hesabına 3500 manat pul əldə etməklə əsassız varlanmışdır.
46. Mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər.
47. Mülki Məcəlləyə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).
48. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən ödənilmiş 3500 manat ilkin ödəniş nəzərə alınmaqla, avtomobilə dəymiş zərərin məbləği 571,39 manat (4071,39-3500) olmaqla iddiaçının xeyrinə tutulmalıdır.
49. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 məruz qaldığı zərərin (4071,39 manat hissədə) əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh2 qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, AZL-1170 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh1 1001,89 (bir min bir manat, səksən doqquz qəpik) manat gecikdirilmiş əsas, 1172,18 (bir min yüz yetmiş iki manat, on səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 571,39 (beş yüz yetmiş bir manat, otuz doqquz qəpik) manat dəymiş zərər, ümumilikdə 2795,46 (iki min yeddi yüz doxsan beş manat, qırx altı qəpik) manat məbləğində borc və 47,95 AZN (qırx yeddi manat, doxsan beş qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Həmçinin Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi (2795 AZN) qismən təmin olunduğundan Cavabdeh1 qeyd olunan məbləğin 47,95 AZN (rüsum kalkulyatoruna əsasən) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
58. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı MMC və Cavabdeh1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi:
59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, AZL- 1170 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh1 1001,89 (bir min bir manat, səksən doqquz qəpik) manat gecikdirilmiş əsas, 1172,18 (bir min yüz yetmiş iki manat, on səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 571,39 (beş yüz yetmiş bir manat, otuz doqquz qəpik) manat dəymiş zərər, ümumilikdə 2795,46 (iki min yeddi yüz doxsan beş manat, qırx altı qəpik) manat məbləğində borc və 47,95 (qırx yeddi manat, doxsan beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı MMC və Cavabdeh1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva