Məhkəmə qərarları › İş №e-2(060)-471/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-471/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-471/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşetə görə 1312 manat borcun və 33,12 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağlanmış xx.xx.2021ci il tarixli aqı-satqı müqaviləsinə əsasən cavabdehə İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşet almış və nəticədə 1312 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1561,6 manat olan İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşet üçün ümumilikdə 1312 manat borcu yaranmışdır. İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə daxil olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan markalı planşeti aldıqdan sonra 14 günü tamam olmamış mağazaya yaxınlaşıb bildirmişdir ki, aldığı planşet çox qızır və problemi var. Mağaza isə onu digər filiallarında olan (GOLD Qayalıdakı) mağazada işləyən proqramçıya yönləndirib. Onlar qeyd olunan ünvandakı proqramçıya yaxınlaşıb planşeti ona göstərdikdə, o həqiqətən də planşetin problemli olduğunu bildirmişdir. Onlar yenidən aldıqları mağazaya yaxınlaşıb planşeti qaytarmaq istədiyiklərini bildirdikdə isə mağaza nümayəndəsi onları müxtəlif bəhanələrlə sakitləşdirməyə çalışmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu SDMPFR508Q1GG olan İP AD 10.2 markalı planşet üçün 250 manatı onlar mağazaya ödəmişlər. Hal-hazırda isə cavabdehin həyat yoldaşı həbs olunub. Onların ailələrinin maddi vəziyyətləri çox aşağıdır. İddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh məhsulda olan qüsurla bağlı servis mərkəzinə müraciət edib. Lakin məhsulda qüsur aşkarlanmayıb. Cavabdehə məhsulun dəyərindən 900 manat çıxılmaqla ödəniş edilməsi barədə təklif edilməsi barədə onda məlumat yoxdur. Məhsul hal-hazırda cavabdehdədir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlandıqdan 14 gün keçməmiş o, məhsulu qaytarmaq üçün həyat yoldaşı ilə birlikdə mağazaya gediblər. Mağaza onları servis mərkəzinə yönləndirib. Servis mərkəzində məhsulda problem olduğu bildirilib. Sonradan mağazaya qayıdaraq məhsulu qaytarmaq istəyiblər. Lakin, mağazanın əməkdaşları məhsulu qaytarmaqdan imtina ediblər. Mağaza əməkdaşları bildiriblər ki, məhsulun dəyərindən 900 manat çıxmaqla qalan məbləği ödəsindlər. Onlar isə bununla razılaşmayıblar. Həmin vaxt onlarla mağaza əməkdaşları arasında konflikt yaranıb. Bununla bağlı polis əməkdaşları da hadisə yerinə gəliblər. Onlar məhsulu götürərək mağazanı tərk ediblər. Sonradan maddi imkansızlıq səbəbindən həmin məhsulu 300 manata satıblar. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşeti satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 109,30 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1561,6 manat olan İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşeti üçün ilkin ödəniş 250 manat olmaqla 249,6 manat ödəniş etmişdir. Cavabdehin həmin məhsula görə 1312 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşeti iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İddiaçının texniki xidmət mərkəzinin xx.xx.2021-ci il tarixli aparılan işlər barədə məlumatına əsasən İMEİ kodu SDMPFR508Q1GG olan İPAD 10.2 markalı planşet diaqnostika olundu. Maye, zərbə və kənar müdaxilə yoxdur. Diaqnostika zamanı qüsur aşkar edilmədi. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 33,12 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1312 manat borcu qalmışdır. Cavabdeh iddia tələbinə etirazında aldığı məhsulda qüsur yarandığını, bu səbəbdən məhsulu qaytarmaq istədiyini, lakin iddiaçının bununla razılaşmadığını bildirir. Mülki Məcəllədə qeyd olunur ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun (623.2.). Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi alıcı satılmış məhsulun 14 gün ərzində onunla eyniyyət təşkil edən digər məhsulla dəyişdirilməsini tələb edə bilər. Həmin müddət ötdükdən sonra isə yalnız məhsulda qüsur aşkar edildiyi təqdirdə onun dəyişdirilməsini, alış qiymətinin azaldılmasını, qüsurların aradan qaldırılmasını və ya bunun üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh izahatında bildirmişdir ki, o aldığı məhsulu qaytarmaq istəmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Eyni zamanda cavabdeh qeyd edir ki, iddiaçı ona məhsulun dəyərinin azaldılmasını təklif etmiş, o isə həmin təkliflə razı olmamış, yalnız malın qaytarılmasını tələb etmişdir. Lakin, qanunvericilikdə alqı-satqı ilə alınmış məhsulların yalnız alıcının istəyinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmamışdır. Cavabdeh həmçinin məhsulu sonradan 300 manata satdığını bildirmişdir. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1312 manatı tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1312 (min üç yüz on iki) manat ödənilməmiş hissə və 33 (otuz üç) manat 12 (on iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar