Məhkəmə qərarları › İş №e-2(060)-4831/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4831/2024

28.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4831/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 35-də qeydiyyatda olan və yaşayan xx.xx.2000-ci il təvəllüdlü X4 ərizəçinin doğma oğludur. O, anadangəlmə “baş-beyin travması, disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində xx.xx.2007-ci il tarixindən qeydiyyatdadır və stasionar müalicədədir. O, anadan gəlmə ümumi səbəbdən 2-ci dərəcə əlildir. Özünü idarə edə bilmir, başqasının daimi köməyinə ehtiyacı vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ona görə də məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətsiz elan edilməsini istəyir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən xx.xx.2000-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi və ərizəçinin ona qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra hakimiyyətininin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 24 noyabr 2000-ci il tarixində verilmiş AZ-İ № 011649 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 sentyabr 2000-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X2, anası Ərizəçidır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 2-ci qrup əlildir. Diaqnoz: epilepsiya nəticəsində əmələ gələn şəxsiyyət dəyişkənliyi, tez-tez olan generalizə olunmuş forma, qıcolma tutmaları və davranış pozuntuları ilə (qıcolma tutmaları ayda 9 dəfə təkrarlanır).

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2024-cü il tarixli, 2699 №-li rəyindən görünür ki, X3 “Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, qıcolma tutmaları və davranış pozuntuları ilə formasında psixi xəstəlik” müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixi vəziyyəti (anamnestik məlumatlara görə yoxlanılan şəxsdə körpəlik dövründən başlayaraq qıcolma tutmaları biruzə verməsi, bununla əlaqədar nevropatoloq nəzarətində müalicələrdə olması, həmçinin qıcolmaların və yaddaş pozuntularının biruzə verməsi ilə əlaqədar Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində xx.xx.2007-ci il tarixdən “Başbeyin travması, disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları" diaqnozu ilə dispanser qeydiyyatda olması, hərbi xidmətə çağırış zamanı Sumqayıt şəhər hərbi komissarlığının göndərişi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi 4 nömrəli şəhər xəstəxanasında stasionar müayinədə olaraq onda “Epilepsiya qıcolma tutmaları, remissiya mərhələsində (son qıcolma beş ay əvvəl)” diaqnozunun müəyyən edilməsi, həmçinin Sumqayıt Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Baş-beyin travması, disfunksiya nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, xx.xx.2024-cü il tarixdə X7 kompyuter elektroensefaloqrafiya müayinəsi keçdiyi zaman onda “Epilepsiya, generalizə olunmuş qıcolma tutmaları ilə” diaqnozunun müəyyən edilməsi, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, davranış pozuntularının biruzə verməsi ilə əlaqədar evdə sakitləşdirici və qıcolma əleyhinə müalicə təyin edildiyi, müvafiq dərman preparatalarını qəbul etməsi, əsəbiliyi, narahatlığı, səbəbsiz qışqırması, qeyriadekvat hərəkətlərə yol verməsi, evdən xəbərsiz çıxıb getməsi, səliqəsinə ƏƏSMN TSEK tərəfindən xx.xx.2019-cu il tarixdə müayinə edilərək “Epilepsiya nəticəsində əmələ gələn şəxsiyyət dəyişkənliyi, tez-tez generalizə olunmuş forma, qıcolma tutmaları və davranış pozuntuları ilə (qıcolma tutmaları ayda 9 dəfə təkrarlanır)” diaqnozu ilə ona İİ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı zahirən narahat olması, nitqinin tək-bir sözlərdən ibarət olması, müayinə gedişatında bilik ehtiyatının olmaması, yaddaşında xeyli zəifləmə əlamətləri biruzə verməsi, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, ağırdərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Yoxlanılan şəxs X3 baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, qıcolma tutmaları və davranış pozuntuları ilə formasında psixi xəstəlik müəyyən edilir. İİ və İİİ– X3 hazırki müayinə zamanı müəyyən edilən baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, qıcolma tutmaları və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, qıcolma tutmaları və davranış pozuntuları ilə diaqnozlu xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə iştirakına yol vermir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2000-ci il təvəllüdlü X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2000-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

15. Məhkəmə ərizənin “ərizəçinin qəyyum təyin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsas olduğundan ərizə həmin hissədə təmin edilməməlidir.

16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi qismən təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar