Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-517/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Gülüşova İlhamə Ayaz qızının və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, Gülüşova İlhamə Ayaz qızına və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh1 adına Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 3 oktyabr 2022-ci il tarixli, 2V-326 reyester nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv edilməsi və yuxarıda göstərilənləri nəzərə alaraq yenidən vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında 3 oktyabr 2022-ci il tarixli şəhadətnaməsinə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 vərəsələri – arvadı İddiaçı və oğlu Cavabdeh1 müəyyən edilmiş və onların hər birinə miras əmlakından 1/5 hissə pay alması qeyd edilmiş, miras əmlakının 3/5 hissəsi isə mirasın qəbulu üçün açıq saxlanılmışdır. Məlumat üçün bildirmək istəyir ki, X12 ilə İddiaçı rəsmi nikahları 10 avqust 1985-ci il tarixdə, 368 №-li akt qeydi ilə qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ******* saylı çıxarış ilə 20 sentyabr 2014-cü ildə mərhum X6 adına reyestrdən qeydiyyatdan keçmişdir. Qeyd olunanlardan da görünür ki, sözügedən mənzil tərəflərin birgə nikah dövründə olduğu zaman alınmışdır. Lakin buna baxmayaraq notariat hərəkətləri düzgün aparılmamışdır. Belə ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin vərəsəlik qaydasında bölünməsi zamanı həmin mənzilin birgə nikah dövründə alınması nəzərə alınmalı idi. Bu halda əvvəlcə həmin mənzilə İddiaçı ½ hissə payı müəyyən edilməli, qalan ½ hissə pay isə İddiaçı və digər qanun üzrə vərəsələrin arasında bölünməli idi. Lakin qeyd edildiyi kimi bu hal notarius tərəfindən nəzərə alınmamış və yuxarıda göstərilən şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X10, Gülüşova İlhamə Ayaz qızı və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdurlar. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. İddiaçı 1984-cü ildə həyat yoldaşı ilə nikaha daxil olublar və mübahisəli mənzili 1987-ci ildə alıblar. 2015-ci ildə iddiaçın əri rəhmətə getmişdir. Bundan sonra miras əmlakla bağlı notarial qaydada müraciət olunmamış, yaxın zamanlarda notariusa müraciət olunanda iddiaçının sözügedən mənzil üzərində 1/5 hissədə payının müəyyən olunduğu məlum olmuşdur. İddiaçı mənzil birgə nikah dövründə alındığından mənzil üzərində payının ½ hissədə müəyyən edilməsini tələb edir. Onu da əlavə olaraq bildirir ki, mübahisəli mənzil faktiki olaraq satılmalıdır. Çünki iddiaçı orada yaşamır və yaşamaq iqtidarında da deyil. Bundan başqa iddiaçı ərinin uşaqlarına baxmış, onlara qayğı göstərmişdir. Ona görə də hesab edir ki, onun mənzil üzərində haqqı daha çoxdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə dair izahat verərək bildirdi, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Gülüşova İlhamə Ayaz qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırki iddia tələbi ilə birbaşa onların maraqlarına toxunur. Belə ki, iddia tələbi təmin olunduğu halda bu, hüquqlarını müdafiə etdiyi şəxsin miras əmlakdakı payının azalmasına səbəb olur. Məhkəməyə təqdim edilmiş Reyestr Xidmətinin sənədləri ilə bir daha təsdiq olunur ki, notariat orqanının verdiyi şəhadətnamə qanunidir. Belə ki, mübahisəli əmlak birgə nikah dövründə alınmayıb. İddiaçı mənzilin alınmasında iştirak etməmişdir. Hesab edir ki, bu vəziyyətdə Ailə Məcəlləsinin 32- 36-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Mənzil dövlət fondundan order əsasında iddiaçının mərhum ərinə ayrılıb. 2014-cü ildə isə mənzil onun adına özəlləşdirilib. Başqa sözlə deyilsə, mənzilin özəlləşdirilməsində iştirak edən hər bir şəxs bərabər hüquqludur. Bütün bunlar şəhadətnamənin ləğv edilməsi üçün əsas olmadığını göstərir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Gülüşova İlhamə Ayaz qızı vəkili ilə eyni məzmunda izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X10 və X11 məhkəmə iclasına gəlməmiş, ünvan 2 ünvanlayaraq işlərinin sıxlığı ilə əlaqədar işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını xahiş etmişdir, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X1 və X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, ev 55, mənzil 4 xüsusi mülkiyyət hüququ üzrə X6 adına 251 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 2474 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə ölmüş X6 adına tarixdə adına vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə 2V-326 reyestrdə arvadı İddiaçı ondan miras qalmış əmlakın 1/5 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil dövlət mənzil fonduna məxsus olmuş və sonradan özəlləşdiirımiş mənzildir. Həmin mənzillər dövlət tərəfındən verildiyi üçün birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X6 vərəsələri arvadı İddiaçı və oğlu Cavabdeh1dur və və onların hər biri miras əmlakdan 1/5 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X8 verilmiş **********27-05101-093086 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəli **********VN71401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın digər 3/5 hissəsi mirasın qəbulu üçün açıq saxlanılmışdır. İşdə olan nikah haqqında akt qeydindən görünür ki, X12 ilə İddiaçı xx.xx.1985-ci ildə rəsmi nikaha daxil olmuşdurlar və bu nikah haqqında akt qeydində 368 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 761113 nömrəli tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2015-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydində 1017 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1987-ci il tarixli orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil X8 və onu ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı, Cavabdeh1, X14, X10, X7, X9, Gülüşova İlhamə Ayaz qızı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin X6 adına özəlləşdirilməsinə etiraz etməmişdirlər. İşdə olan 1296 nömrəli, xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X12, İddiaçı, Cavabdeh1, X14, X10, X7, X9, Gülüşova İlhamə Ayaz qızı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilində daimi qeydiyyatdadırlar. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X6 vərəsəsi Gülüşova İlhamə Ayaz qızıdır və onların hər biri miras əmlakdan 1/5 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X8 verilmiş **********27-05101-093086 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəli **********VN71401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Miras əmlakın 2/5 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın digər 2/5 hissəsi mirasın qəbulu üçün açıq saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. X12 öldüyü vaxt – xx.xx.2015-ci il tarixdə onun birinci növbədən sağ 5 vərəsəsi olmuşdur: İddiaçı, Cavabdeh1, X14, X10, Gülüşova İlhamə Ayaz qızı. İddiaçı iddia tələbini mübahisəli mənzili (ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil) birgə nikah dövründə əldə etdiklərindən onun X6 vərəsəsi kimi digər vərəsələrə nisbətən həmin mənzil üzərində artıq pay hüququnun olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların hüquqi əsası yoxdur. Belə ki, Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarının məzmunundan görünür ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir.Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X12 ilə İddiaçı xx.xx.1985-ci ildə rəsmi nikaha daxil olmuşdurlar. xx.xx.1987-ci il tarixli orderə əsasən mübahisəli mənzil (ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil) X8 və onu ailə üzvlərinə ayrılmışdır. Daha sonra həmin mənzil İddiaçı və digər ailə üzvlərinin razılığı ilə X6 adına xx.xx.2014-cü il tarixdə özəlləşdirilmişdir. Bu hal tərəflərin izahatları və ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlər ilə öz təsiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil (ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil) X12 ilə İddiaçı birgə mülkiyyəti olmadığından həmin mənzilin A.Gülüşovun vərəsələri arasında bərabər bölünməsi barədə notarius tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunidir, həmin şəhadətnamə verilən zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 3 oktyabr 2022-ci il tarixli, 2V-326 reyester nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, Gülüşova İlhamə Ayaz qızına və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 3 saylı notariat ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, Gülüşova İlhamə Ayaz qızına və X5 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-517/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-517/2023
06.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver