Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5183/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X5 9 markalı telefon almış və nəticədə 2774 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2497 manat olan X5 9 markalı telefon üçün ümumilikdə 2774 olmaqla ondan, 2133.8 manat ödənilməmiş hissə, 640.2 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 363.2 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2019-cu il tarixli cavabdehlik müqaviləsi bağlanmış, Cavabdeh1, "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********88500 olan X5 9 markalı telefon üçün 2133.8 manat ödənilməmiş hissə, 640.2 manat dəbbə pulu, ümumilikdə, 2774 manat borc və 47.74 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, telefonu öz adına götürmüş, lakin başqa şəxsə vermişdir. Telefonu verdiyi şəxs isə ödənişləri etmir. Cavabdeh1 məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödəniş 169 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 194 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2497 manat olan X5 9 markalı telefon üçün 363.2 manat ödəniş etmiş və 2133.8 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC-dən X5 9 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh2 "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixli müqavilələrdə nəzərdə tutulmuş telefonu qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən ödənişlər etməyi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 00900376 nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh1 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilələr ilə üzərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 2133.8 manat ödənilməmiş hissə, 640.2 manat dəbbə pulu, ümumilikdə 2774 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2133.8 manat əsas borc, 200 manat dəbbə, cəmi 2333.8 manat məbləğində pul və 47.74 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2133.8 manat pul, 200 manat dəbbə pulu, cəmi 2333.8 (iki min üç yüz otuz üç manat səksən qəpik) manat məbləğində pul və 47.74 (qırx yeddi manat yetmiş dörd qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5183/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5183/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver