Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5204/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 5530 manat ödənilməmiş hissə, 553 manat dəbbə pulu olmaqla, ümumilikdə 6083 manat borcun və 80,84 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ almış və nəticədə 6083 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 6331,98 manat (yəni 18 ay x 334,55 manat + 310,08 manat ilkin ödəniş) olan APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə 6083 manat olmaqla, ondan 5530 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 553 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 801,98 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddiaçıdan mal aldığını, analıq məzuniyyətində olduğu üçün aylıq ödənişləri edə bilmədiyini, lakin bu ilin sentyabr ayından müqavilə üzrə ödənişə başlayacağını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 6331,98 manat olan APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ almışdır. - 10.112024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, 310,08 manat ilkin ödəniş, aylıq ödəniş 334,55 manat olmaqla, APPLE MACBOOK PRO markalı kompüter, ZƏMANƏT + 2 İL XİDMƏTİ almış və 801,98 manat ödəniş etmişdir. Onun Cəmiyyətə 5530 manat ödənilməmiş hissə, 553 manat dəbbə pulu olmaqla, ümumilikdə 6083 manat borcu vardır. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh qeyd edilən borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh qızı "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aldığı malın 6331,98 manat olan ümumi dəyərindən ilkin olaraq, 310,08, sonradan isə 801,98 manat ödəniş etmiş və nəticədə 5530 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əşyaların alqı satqısına dair müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 6331,98 manat olan ümumi dəyərindən ilikn olaraq, 310,08, sonradan isə 801,98 manat ödəniş etmiş və nəticədə 5530 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 553 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehdən 230 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 265 -220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 5530 manat əsas borc, 230 manat cərimə borcu olmaqla, cəmi 5760 (beş min yeddi yüz altmış) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80,84 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-5204/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5204/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver