Məhkəmə qərarları › İş №e-2(060)-5219/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5219/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5219/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 50 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 16:37 radələrində Bakı- Şamaxı yolunun 23.8-ci kilometrliyində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Lexus ES350” markalı, **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C200” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş İXP4495457 saylı protokola əsasən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Mercedes Benz C200” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA106081/22 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz C200” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3000 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2(060)-5219/2025 saylı iş üzrə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 oglu və Cavabdeh1 garşı 3000 və 50 manat pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə saat 15:30 radələrində Lexus ES350 markalı 99KS567 nömrəli avtomobili idarə edərkən, manevr əməliyyatını düzgün etməmişdir. Nəticədə, Mersedes markalı 50CT449 nömrəli avtomobillə toqquşmuşdur. YNH-si yerinə dərhal YPX əməkdaşları dəvət olundu və sığorta idarəsinə məlumat verildi. Sığorta şirkətinin əməkdaşı da hadisə yerinə gəlmişdir və YPX əməkdaşları ilə hadisəni geydə almışdır. Həmin vaxt atası - Cavabdeh1 ilə bir yerdə olmuşdur. Bunu YPX əməkdaşları və sığortanın nümayəndəsi də görmüşdür. Buna baxmayaraq, atasından bütün mülkünə AR- İİ № 281722 saylı etibarnaməmdə olub. Beləliklə, avtomobili tam qanuni şəkildə idarə etmişdir: sürücülük hüququnu işin içində olan AE 010436 saylı sürücülük vəsigəsi təsdiq edir və canlı etibarnamə isə atası onunla bir maşında idi. Bu faktı YPX əməkdaşları və oraya gələn sığorta şirkətinin əməkdaşı da bildi. Etdiyi YNH-sinə görə İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edildi, 40 manat cərimə edildi. Lakin hadisədən üç ildən artıq keçəndən sonra "xxxx" ASC heç bir qanuni əsas olmadan, uydurma bəhanələrlə onu məhkəməyə verir. Belə ki, onların iddia ərizəsinin 2-ci abzasında qeyd olunub, guya ona tərtib edilmiş İXP ******* saylı protokolda 327.1 və 332.1-ci maddələrlə təqsirli bilinmişdir. Yəni həm manevr qaydasını pozmuş, həm etibarnaməsiz idarə etmişdir. Bu şər və böhtandır! Çünki ona tərtib edilən İXM-nin cəmi bir maddəsi ilə 327.1 İXP ******* saylı protokolun surəti icraatda olan işin içində var. Bu fakt sığortanın ona qarşı qərəzli olmasını, ona şər və böhtan atmasını bir daha subut edir. Bu səbəbdən də hesab edir ki, ona və atasına aid subrogasiya hüququ tətbiq edilə bilməz. Bu barədə heç söhbət də gedə bilməz. Ümumiyyətlə belə bir iddia verilə bilməz. Çünki sənədləri düz, əməlləri düz olub. Heç bir qanuna zidd hərəkət etməmişdirlər.

Tərəflərin mövqeləri:

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh (eyni zamanda Cavabdeh1 nümayəndəsi) Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Həmin vaxt avtomobili idarə etməyə etibarnaməsi olmuşdur.

Tədqiq olunan sübutlar:

6. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış PXA********** saylı, xx.xx.2021ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Lexus ES350” markalı, **-KS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır.

7. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun surətində “Lexus ES350” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir.

8. İnzibati tənbeh vermə haqqında 08 mart 2022-ci il tarixli, TP4891307 saylı qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:37-də “Lexus ES350” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur.

9. "xxxx" ASC-nin PXA106081 saylı sığorta aktından görünür ki, sığortalanmış “Lexus ES350” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C200” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C200” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3000 manat məbləğində qiymətləndirilmişdir.

11. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 3000 manat məbləğində sığorta ödənişinin 7 iş günü ərzində könüllü ödənilməsi cavabdehə təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb edilməsi barədə xəbərdarlıq edilmişdir.

12. 30.03.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 3000 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşısubroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

«Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. -8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

16. İddia ərizəsindən görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir.

17. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

18. İddiaçı subroqasiya qaydasında pul vəsaitinin tələb edilməsinin əsası kimi cavabdehin sözügedən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsini göstərsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, iş materiallarına 15 iyun 2023-cü il tarixli, İXP5483198 saylı İnzibati xəta haqqında protokolun surəti əlavə edilsə də cavabdehin inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən məhkəmə aktı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemində də cavabdeh barəsində qeyd olunan xəta ilə bağlı inzibati məsuliyyətə cəlb edilmə barədə məhkəmə aktının qəbul edildiyi aşkar edilməmişdir.

20. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən inzibati tənbeh vermə haqqından qərardan görünür ki, iddiaçı eyni tarixdə və saatda avtonəqliyyat vasitəsini idarə edərkən yol verdiyi xətaya görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cərimə edilmişdir.

21. Cavabdehin qeyd edilən norma ilə məsuliyyətə cəlb edilməsi isə “İcrabri sığortalar haqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad edərək sığorta ödənişi kimi ödədiyi pul vəsaitinin subroqasiya qaydasında geri tələb edilməsi üçün əsas deyildir.

22. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh qeyd olunan norma ilə inzibati məsuliyyətə cəlb edilmiş olsaydı belə, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarəedilməsi də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmür. Belə ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

23. Bundan əlavə iddiaçı tərəfindən Cavabdeh2 avtomobilə hüquqa zidd şəkildə yiyələndiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

24. Digər cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, ona qarşı tələb Cavabdeh2 başqa şəxsə məxsus avtomobilə zərər vurması və iddiaçının həmin avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün etdiyi sığorta ödənişini ondan tələb etməsindən qaynaqlandığından və yuxarıda qeyd edilənlər əsasında iddiaçının Cavabdeh2 qarşı subroqasiya hüququnun yaranmadığı müəyyən edildiyindən, iddia digər cavabdehə münasibətdə də təmin edilməməlidir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar