Məhkəmə qərarları › İş №e-2(060)-5250/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5250/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5250/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq yaranmış əsas borca görə 1265 manat, dəbbə puluna görə 429,59 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1724,59 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli satış müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilələrin 1.1-ci maddəsinin bəndinin tələbləri pozulmuş, nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə xx.xx.2022-ci il tarixli müqaviləyə görə 108 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 870 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 287 manat məbləğlərdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin danışıqlar vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xidmətlərin təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Qeyd olunan müqavilənin 3.2-ci bəndinin tələblərinə əsasən alıcı ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2% həcmində cərimə ödəyir. Qeyd olunan bəndin tələblərinə əsasən cavabdeh 429,59 manat məbləğində hesablanmış cərimə məbləğini ödəməlidir. İddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, iddia tələbi təmin edildikdə iş üzrə tərəflərindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

Tədqiq olunan sübutlar:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 35273 nömrəli, xx.xx.2023-cü il tarixli, 39349 nömrəli, xx.xx.2023-cü il tarixli, 38075 nömrəli (nisyə) satış müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən qiyməti 429 manat, 1159 manat və 389 manat məbləğlərində olan avadanlıqlar almışdır.

2. 35273 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 27 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

3. 39349 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 75 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

4. 38075 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 32 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 2 avqust 2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə avadanlığın 338 manat məbləği alıcı tərəfindən ödənilmiş, əsas borcu 108 manat, gecikdirilmiş günlərə görə dəbbə pulu güzəşt tətbiq olunmaqla 82,73 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə avadanlığın 289 manat məbləği alıcı tərəfindən ödənilmiş, əsas borcu 870 manat, gecikdirilmiş günlərə görə dəbbə pulu güzəşt tətbiq olunmaqla 127,02 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə avadanlığın 122 manat məbləği alıcı tərəfindən ödənilmiş, əsas borcu 287 manat, gecikdirilmiş günlərə görə dəbbə pulu güzəşt tətbiq olunmaqla 219,84 manat təşkil edir.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

11. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

12. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmiş, tərəflər ödənişlərin müddətləri və məbləğləri barədə razılığa gəlmişdirlər.

13. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir.

14. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

15. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqavilələrində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 3.2-ci maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2% həcmində cərimə ödəyir.

18. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğlərinin 30 (otuz) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

19. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas borc qismində 1265 manat, cərimə borcu qismində 30 manat, cəmi 1295 (min iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 37,25 manat pul vəsaitinin 32 (otuz iki) manat, 95 (doxsan beş) manat hissəsi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina ödənilməlidir.

Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 1265 manat, cərimə borcu qismində 30 manat, cəmi 1295 (min iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 37,25 manat pul vəsaitinin 32 (otuz iki) manat, 95 (doxsan beş) manat hissəsi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar