Məhkəmə qərarları › İş №e-2(060)-5312/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5312/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5312/2022 29.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 288.5 manat əsas, 43.2 manat cərimə olmaqla, cəmi 331.7 manat borcun, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4 manat əsas, 0.6 manat cərimə olmaqla, cəmi 4.6 manat olmaqla, ümumilikdə 336.3 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Samsung A325» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 499 manat, xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «X1» markalı qulaqlığa görə 6 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 49 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, iki müqavilə üzrə qalıq qalmış 292.5 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı «Samsung A325» markalı telefonu və «X1» markalı qulaqlığı cavabdehə satmış və sonuncu iddiaçıdan aldığı həmin məhsulların dəyərini müvafiq olaraq 12 ay və 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 288.5 manat əsas borc, 43.2 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4 manat əsas borc, 0.6 manat cərimə borcu qalmışdır. - Cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə iddiaçıya cəmi 292.5 manat borcu qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 417-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə 292.5 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqaviləyə 1 saylı əlavədə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir)% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanması nəzərdə tutulmuşdur. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hesablanmış 43.2 manat və xx.xx.2021-ci il tarixli digər müqaviləyə əsasən 0.6 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Məhkəmə, iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 14 manat cərimənin və xx.xx.2021-ci il tarixli digər müqaviləyə əsasən 0.6 manat olmaqla, ümumilikdə 14.6 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216- 220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «Samsung A325» markalı mobil telefon üçün 288.5 manat ödənilməmiş hissə, 14 manat cərimə və «X1» markalı qulaqlıq üçün 4 manat ödənilməmiş hissə, 0.6 manat cərimə olmaqla, ümumilikdə 307.1 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar