Məhkəmə qərarları › İş №e-2(060)-5357/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5357/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5357/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yaranmış əsas borca görə 720 manat, dəbbə puluna görə 430,56 manat, ödənilmiş dövlət rüsumuna görə 31,51 manat cəmi 1182,07 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 27368 nömrəli alğı-satqı (Nisyə) satış müqaviləsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 «Satıcı» bu müqaviləyə və 1 saylı əlavəyə əsasən ümumilikdə qiyməti 1034 manat olan avadanlığı «Alıcı»ya verməyi, «Alıcı» isə onu qəbul edib, avadanlığın qiymətini «Satıcı»ya ödəməyi öhdəsinə götürür. Xidmətlərin təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh müqavilənin tələblərini pozmuşdur. Qeyd olunan müqavilənin 3.2-ci bəndinin tələblərinə əsasən “Alıcı ödənişi gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 0.2% həcmində cərimə ödəyir.Cərimənin hesablandığı günlərin sayı 897 gün təşkil edir. Gecikdirilmiş günlər üzrə güzəşt edilmiş məbləğ 430,56 manat təşkil edir. Əlavə olaraq iddiaçı məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 31,51 manat dövlət rüsumu ödəmişdir. O, hesab edir ki, iddia tələbi təmin edildikdə iş üzrə tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh qiyməti 1034 manat olan avadanlığı almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə arasında 27368 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən qiyməti 1034 manat olan avadanlığı «Alıcı»ya verməyi, «Alıcı» isə onu qəbul edib, avadanlığın qiymətini «Satıcı»ya ödəməyi öhdəsinə götürür. Xidmətlərin təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 426.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən-Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək xx.xx.2021-ci il tarixli müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 430,56 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 70 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 790 manat olduğundan (720 manat əsas+ 70 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 1,51 manatı iddiaçının özünə aid edilməlidir MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27368 nömrəli , xx.xx.2021-ci il tarixli müqavilə üzrə 720 manat əsas, 70 manat dəbbə pulu olmaqla cəmi 790 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27368 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 720 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, cəmi 790 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1,51 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar