Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5370/2023 20.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi – əri Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması,cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın və dövlət rüsumu kimi ödənilmiş 92 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 2, mənzil 3-ün tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavilə bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 118 kv.m göstərilsə də, ona faktiki 104.8 kv.m mənzil verilmişdir (13.2 kv.m az) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1603/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiaçının iddiası qismən təmin olunmuş, ona 5940 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizası bu nəticəyə gəlmişdir ki, İddiaçı ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə mənzil verilməmiş, mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan fərqi 13,2 m2 təşkil edir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnamədən verilən apellyasiya şikayətlərini qismən təmin edərək, qətnaməni ləğv etmiş və iddianı baxılmamış saxlamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddialar bir iddiada birləşdirilə bilməz və ayrı-ayrılıqda verilməlidir. İddianın mahiyyəti ilə bağlı hesab edir ki, cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir və belə olan halda iddiaçının şərtləşdirilmiş malı əldə etmədiyi üçün daha az ödəniş etmək və artıq etdiyi ödənişi geri almaq hüququ yaranmışdır. Müqavilədə mənzilin sahəsinin 118 kv.m olması qeyd edilsə də, təhvil verilən mənzilin faktiki sahəsi 104.8 kv.m təşkil edir. İddiaçı ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə 53100 manat, yəni mənzilin hər kv.metrinə görə 450 manat ödəniş etmişdir. Beləliklə ona mənzilin faktiki sahəsi ilə ümumi sahəsi arasında olan 13,2 m2 fərqə görə cavabdeh "xxxx" MTK tərəfindən 5940 (450 x 13,2) manat pul qaytarılmalıdır. Eyni zamanda, bu vəsaiti isə əsassız olaraq qəbul edib özündə saxlamaqla, cavabdeh həmin vəsait hesabına əsasssız varlanmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı ödənişlərini 2019-cu ildə tam bitirmişdir. Həmin ildən başlayaraq, 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 5940 manat * 5% * 4 il = 1188 manat. Cavabdeh "xxxx" MTK etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olması səbəbindən və iddia müddəti ötürüldüyündən, həm iddianın əsassızlığı ilə, həm də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İşdə olan xx.xx.2012-ci il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında payçının vəsaiti hesabına inşa ediləcək 3 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesblaşma sahəsi 118 m2dir. Mənzilin dəyəri 53100 manatdır. Alıcı hər ay 1150 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762.3, 763.1, 765, 766 və 773-cü maddələri nəzərdən keçirilə bilər. Podrat Müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal- cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçılara miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi iddiaçı Qərənfil Sülemanovaya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, onla müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Əvvəlki məhkəmə işində birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, İddiaçı məxsus mənzilin faktiki sahəsi 104,8 kv. metr, ümumi sahəsi isə 118 kv. metr (müqavilədə göstərilən sahə ilə eyni); Namiq Əhmədova məxsus mənzilin faktiki sahəsi 96,3 kv metr, ümumi sahəsi 115 kv. metr (müqavilədə göstərilən sahədən də 3 kv. metr artıq) və Mahir Əsgərova məxsus mənzilin faktiki sahəsi 69,4 metr, ümumi sahəsi 92 kv. metr (müqavilədə göstərilən sahədən də 10 kv. metr artıq) təşkil edir. Rəyin təsviri hissəsinə görə ekspert, mənzillərin faktiki sahələrinin hesablamasını Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Ekspertiza rəyində mənzillərin ümumi sahələrinin müqavilələrə uyğun və hətta artıq olduğu göstərilmişdir. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Ekspert rəyindən də göründüü kimi, cavabdeh müqavilələrdə göstərilən ümumi sahələri real olaraq iddiaçılara təhvil vermişdir. Digər tərəfdən, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə iddia müddətinin əvvəlini İddiaçı mənzilinə dair çıxarış aldığı 2021-ci ili yanvar ayından hesablasa da, mənzilin onun və digər çıxarış almamış iddiaçılar tərəfindən nə vaxt təhvil alındıqlarına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadıqlarına, əgər olmamışlarsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçıların istinad etdiyi qüsurla bağlı öz hüquqlarınun pozulduğunu bilməli olubolmamalarına dair hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçıların məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə iddiaçıların hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Yuxarıda şərh edilən hüquqi mövqe məhkəməyə elektron sistem vasitəsi ilə təqdim edilmiş ali məhkəmənin 3 ədəd qərarinda ifadə olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarlardan da aşkar şəkildə görünür ki, Ali Məhkəmə tərəfindən bu növ işlər üzrə formalaşdırılmış təcrübəyə əsasən bu npv münasibətlərə podrat münasibətləri kimi qiymət verilir və iddia müddətinin aximi müqavilənin bağlandiği və əmlakin təhvil verildiyi vaxtdan hesablanir. İddiaçı 2015-ci ilin mart ayında mənzilinin təmirə başlayıb, iyun ayında həmin mənzilə köçmüşdür. Əvvəlki məhkəmə işi üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı X12 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2013-cü ildə iddiaçı ilə müqavilə bağlamışdır. Mənzil üçün 52000 manat pul ödəmişdir. 2015-ci ildə həmin mənzilə köçmüşdür. Əvvəlki məhkəmə işi üzrə keçirilən məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Əsgərov Mahir mənzilinin 2013-cü ildə təmirə başlayıb, 2014cü ilin avqust ayından etibarən orada yaşayır. İddiaçı 2015-ci ilin mart ayında mənzilinin təmirə başlayıb, iyun ayında həmin mənzilə köçmüşdür. İddiaçıların özlərinin də etiraf etdikləri kimi onlar 9-10 il öncə cavabdeh ilə müvafiq müqavilələr bağlamış və 2013, 2014 və 2015-ci illərdən mənzilləri təmir edərək, orada yaşamışlar. Bu isə 7-9 il bundan öncə baş vermişdir. 7-9 il ərzində iddiaçıların istifadə və sahibliyində olan mənzillərdə onlar tərəfindən ölçmə işləri aparıla bilərdi. Hətta təmir zamanı kv. metrə uyğun olaraq vəsait sərf edilən vaxt mənzillərin ölçüləri müəyyən edilməli idi. İşdən də göründüyü kimi Qərənfil Sülemanovadan başqa digər 2 iddiaçı dövlət reystrindən çıxarış almamış, yalnız qonşuları çıxarış alarkən və onun mənzili reyestr xidmətinin əməkdaşları tərəfindən ölçülərkən, guya onlar da həmin mütəxəssisləri dəvət edərək, mənzillərini ölçdürmüşlər. Halbuki, iddiaçılar mənzilləri təhvil alarkən və təmirə başlayarkən mənzillərini ölçməli və müqavilə predmeti olan mənzilin ölçülərində qüsur olduğu halda bunu podratçı olan iddiaçıya bildirməli idilər. Bunun əvəzində isə iddiaçılar mənzilləri qəbul etmiş, onları təmir etdirmiş və uzun illər ərzində bu mənzillərdə yaşayaraq, mənzilləri real ölçülərini bilə-bilə iddiaçıya ödənişlər də etmişlər. Mülki Məcəllənin 373.2 və 377.1-ci maddələrinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçıların özlərinin və nümayəndlərinin bildirdiklərinə görə 7-9 il bundan öncə mənzilləri təhvil almışlar. Bu müddət ərzində iddiaçılar mənzilləri ölçmək və ya ölçdürmək iqtidarında olmuşlar və əldə etdikləri mənzilin dəqiq sahəsi ilə maraqlanmalı idilər. Mənzillərin hamısı təmir edilmişdir. Təmir zamanı isə aydın məsələdir ki, ödənişlər hər kv. metrə uyğun aparılır. Belə olan halda iddiaçılar podrat müqavilələri üzrə qəbul etdikləri əmlakın ölçülərini aydınlaşdırmalı və bu zaman da hüquqlarının pozulub-pozulmadığını bilməli idilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, 2012-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, giriş 1A, mərtəbə 2 ünvanında yerləşən 3 saylı mənzili cavabdeh "xxxx" MTK-dan almışdır. 2015-ci ildə həmin mənzil qardaşı oğlu tərəfindən təmir olunmuşdur. Belə ki, 2015-ci ildə kirayədə qaldığına görə məcbur olub qardaşı oğluna həmin mənzili təmir eləməsi üçün pul vermişdir. Həmin zaman mənzilin müqavilədə göstərilən sahədə olmamasından məlumatı olmamışdır. Belə ki, işi ilə əlaqədar vaxtı olmadığına görə sözügedən mənzil arvadının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2021-ci ildə isə arvadı İddiaçı adına həmin mənzilə dair çıxarış alınmışdır. Qeyd edir ki, əvvəl həmin mənzili 1 kv.metri 450 manata olmaqla 112 kv.m. sahədə almış, lakin sonradan arvadı mənzilə görə aylıq ödənişi edəndə ona mənzilin sahəsinin 112 kv.m. deyil, 118 kv.m. olduğunu, bununla əlaqədar müqaviləni dəyişdiklərini bildirmişlər və köhnə müqaviləni cırıb yeni müqavilə vermişlər. İddiaçı bilməyərək müqaviləyə imza çəkmişdir. Özünün də cavabdehin nümayəndəsi ilə görüşməyə vaxtı olmamışdır. Təsadüf hallarda həftənin bazar günləri evdə olmuş, bazar günü də cavabdehin nümayəndəsi işdə olmadığından onu görə bilməmişdir. Dəfələrlə cavabdehin nümayəndəsinə zəng etmiş və qarşı tərəf ona mənzilin sahəsini düz ölçüldüyünü, mənzilin sahəsinin 118 kv.m olduğunu söyləmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2012-ci il tarixli, “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 9-cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 3 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzil 3 otaqdan ibarətdir. Mənzilin hesblaşma sahəsi 118 m2 –dir. Mənzilin dəyəri 53100 manatdır. Alıcı hər ay 1150 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 3 (Yeni qaydalarla:AZ 5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230, M2, m3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə: ünvan 2 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsinin 84,7 kv.metr, X3 məxsus 45 nömrəli mənzilin faktiki sahəsinin 101,5 kv.metr, X10 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.metr, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin 96,3 kv.metr və X1 məxsus 70 nömrəli mənzilin faktiki sahəsinin 83,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 2 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) “Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin ümumi sahəsi 118.0 kv.metr, X6 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və X3 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119;0; kv.metr, 10-cu mərtəbəsində yerləşən və X10 məxsus 57 nömrəli mənzilin ümumi sahəsi 92,0 kv.metr, 10-cu mərtəbədə yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin ümumi sahəsi 115,0 kv.metr, 11 -ci mərtəbəsində yerləşən və X2 məxsus 70 nömrəli mənzilin ümumi sahəsi 107,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə üzrə: ünvan 2 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104,8 m2) ilə ümumi sahəsi (118,0 m2) arasında 13,2 m2, X6 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84,7 m2) ilə ümumi sahəsi (107,0 m2) arasında 22,3 m2, X3 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 m2) ilə ümumi sahəsi (119,0 m2) arasında 17,5 m2 , X10 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 m2) ilə ümumi sahəsi (92,0 m2) arasında 22,6 m2, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 m2) ilə ümumi sahəsi (115,0 m2) arasında 18,7 m2, X1 məxsus 70 nömrəli mənzilin faktiki sahəsi (84.7 m2) ilə ümumi sahəsi (107.0 m2) arasında 22.3 m2 fərq olduğu müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1603/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçınun xeyrinə artıq ödənilmiş 7379 (yeddi min üç yüz yetmiş doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 26 (iyirmi altı) manat, iddiaçı X7 xeyrinə artıq ödənilmiş 3780 (üç min yeddi yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 14 (on dörd) manat, İddiaçı xeyrinə artıq ödənilmiş 5940 (beş min doqquz yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumuna görə 25 (iyirmi beş) manat tutulması, İddiaçınun və X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, istismara qəbul aktı, mərtəbənin plan eskizi və digər sənədlər) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 29105)-568/2023 caylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1603/2022 saylı qətnaməsi ləğv edilərək mülki iş baxılmamış saxlanmışdır. Cavabdeh tərəfin etirazının əsası kimi istinad etdiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Qazıbəyova Nəzakət Hacı qızı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC»-dən 8250 manat pul tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı mülki işi üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx"MMCdən 5875 manat vəsait X4 xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx"MMC-dən tutularaq X5 ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasına sərf olunmuş 100 manat məbləğində vəsait "ƏCƏMİ” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı mülki işi üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Qazıbəyova Nəzakət Hacı qızının cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Qazıbəyova Nəzakət Hacı qızının kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2981/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması müəyyən edilir ki, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, Mərtəbə 2, mənzil 3-ün tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin, iddiaçı iddia edir ki, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 441.1- 441.4-cü maddələrinə əsasən: - Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Qeyd edilməlidir ki, iddiaçı mənzilin (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2015-ci il olmuşdur. Belə ki, məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı mənzili 2015-ci ildə təmir etdirdiyini və elə 2015-ci ildən həmin mənzildə yaşadığını bildirmişdir. Məhkəməyə isə iddianı ilk dəfə 2022-cü ildə verməklə qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətlərini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması,cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın və dövlət rüsumu kimi ödənilmiş 92 manatın alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-cü il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın və dövlət rüsumu kimi ödənilmiş 92 manatın alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov