Məhkəmə qərarları › İş №e-2(060)-5401/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5401/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5401/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh 28 oktyabr 2019-cu il tarixli, EHK5828664 saylı nisyə alqı satqı müqaviləsinə əsasən 376 (üç yüz yetmiş altı) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 20 avqust 2020-ci il tarixli, EHK5874074 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 603 (altı yüz üç) manat əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1262 (min iki yüz altmış iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 28 oktyabr 2019-cu il tarixli EHK5828664 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1530 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 376 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 4737 (dörd min yeddi yüz otuz yeddi) manat cərimə borcu yaranmışdır (376 manat x 1260 gün x 1%=4737 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 20 avqust 2020-ci il EHK5874074 saylı tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 964 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 603 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 6331 (altı min üç yüz otuz bir) manat cərimə borcu yaranmışdır (603 manat x 1050gün x 1%=6331 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 150 (yüz əlli) manat məbləğində tələb edir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh 28 oktyabr 2019-cu il tarixli, EHK5828664 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 376 (üç yüz yetmiş altı) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat cərimə borcu, 20 avqust 2020-ci il tarixli, EHK5874074saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 603 (altı yüz üç) manat əsas borc, müqavilə üzrə hesablanmış 150 (yüz əlli) manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1262 (min iki yüz altmış iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflərin mübahisəsinin prenetenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavadeh tərəfə prenetenziya məktubu göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, EHK5828664 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) məişət avadanlığını Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən alıcı avadanlığın qiymətini 15 ay müddətinə ayda 96 manat olmaqla ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, EHK5874074 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) məişət avadanlığını Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, həmin əşyaların qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 67 manat olmaqla ödəməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, EHK5828664 saylı müqaviləsi üzrə cəmiyyətə olan ödənilməmiş 376 manat, xx.xx.2020-ci il tarixində bağlanmış EHK ******* saylı müqavilə üzrə ödənilməmiş 603 manat olmaqla, ümumilikdə 979 manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə 250 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 25 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh hər iki müqavilə üzrə 979 (doqquz yüz yetmiş doqquz) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1037 (bir min otuz yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar