Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-543/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 6356,84 manat zərərin əvəzinin və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim olunaraq cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 9779,09 manat zərərin əvəzinin və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mediasiya xərcinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim olunaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli İF/06041 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 7680.04 AZN (yeddi min altı yüz səksən manat 04 qəpik) AZN borcun, 700.00 AZN (yeddi yüz manat) yol hərəkəti qaydalarının pozulmasına görə onlar tərəfindən ödənilən inzibati cərimələr, cəmi 8380.04 (səkkiz min üç yüz səksən manat 04 qəpik) AZN və mediasiya xidmət haqqı kimi ödədikləri 100.00 AZN (bir yüz manat) məbləğin, iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, cavabdehlərdən, xx.xx.2022-ci il tarixli İF/06041 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 6356.84 AZN (altı dörd min iki yüz altı manat 84 qəpik) zərərin ödənilməsi və mediasiya xidmət haqqı kimi ödədiyimiz 100.00 AZN (bir yüz manat) məbləğin, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasına dair mülki icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü iddianın dəyişdirilməsi maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Belə ki, mövcud tələb lizinq obyekti geri alındığı zaman cavabdehin müqavilə üzrə yaranmış ümumi borcundan lizinq obyektinin qiyməti çıxıldıqdan sonra qalıq borcdan ibarət olmuşdur. Yeni tələbləri isə lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan məbləğlə razıdırlar. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də görüldüyü kimi cavabdeh 02 yanvar 2023-cü il tarixindən başlayaraq 26 aprel 2023-cü il tarixinə qədər hər ay 916.08 AZN (doqquz yüz on altı manat 08 qəpik) olmaqla, 4397.04 AZN (dörd min üç yüz doxsan yeddi manat 04 qəpik) ödəniş etməli olduğu halda cəmi 917.00 AZN (doqquz yüz on yeddi manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 3480.04 AZN-dir (üç min dörd yüz səksən manat 04 qəpik) (4397.04 AZN - 917.00 AZN). Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/486 saylı rəyinə əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 4200.00 AZN (dörd min iki yüz manat) təşkil etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, İF/06041 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq obyekti 77AX617 dövlət qeydiyyat nişanlı, KİA Optima minik markalı avtomobil Cavabdeh3 istifadəsinə verilmişdir. Həmçinin onun razılığına əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 avtomabili idarə etmək üçün etubarnamə verilmişdir. 77AX617 dövlət qeydiyyat nişanlı, KİA OPTİMA minik markalı avtomobil Gəncə şəhərində xx.xx.2023-cü il yol-nəqliyat hadisəsi törətmişdir. Hadisəni törədən şəxs, təşkilat tərəfindən etibarnamə verilən sürücülərdən olmadığı üçün sığorta şirkəti tərəfində avtomobilə dəymiş zərər ödənilməmişdir və bununla da cavabadehlərin qanunsuz hərəkətlərindən onlara maddi ziyan dəymişdir. Lizinq obyekti Cavabdeh3 sahibliyində olmasına baxmayaraq, qanunsuz olaraq idarə edib qəza törədən şəxs avtomobil digər cavabdehlərin istifadəsində olarkən baş vermiş ola bilər. Tərəf olaraq hesab edirlər ki, bu halın olma ehtimalı böyük olduğu üçün digər etibarnamə verdikləri şəxslər də cavabdeh kimi mülki işə cəlb olunmalıdır. Lizinq obyekti onlar tərəfindən Gəncə şəhərində yerləşən cərimə meydançasından götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə qəzaya uğramış avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 16000.00 (on altı min) manat dəyərində qiymətləndirilmişdir. Cavabdehlərin xx.xx.2022-ci il tarixli, İF/06041 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixinə olan əsas borcu 19683.92 manat, faiz borcu 1617.80 manat, cərimə borcu 55.12 manat, cəmi 22356.84 manat təşkil edir. Cavabdehlərin hal-hazırda onların təşkilatına (22356.84 - 16000.00=) 6356.84 manat borcları vardır. Qanunvericiliyin tələbinə görə mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır. İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli, İF/06041 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq obyekti 77AX617 dövlət qeydiyyat nişanlı, KİA Optima minik markalı avtomobil Cavabdeh3 istifadəsinə verilmişdir. Bir ay ödəniş etdikdən sonra qəza baş vermişdir. Daha sonra ödəniş etməmişdir. Onlar tərəfindən avtomobil Gəncə şəhərindən götürülərək qiymətləndirilmişdir. Məhkəmə tərəfindən də dəymiş zərərin müəyyənləşdirilməsi üçün mülki iş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. Avtomobilə dəymiş zərər 4200 manat miqdarında müəyyən olunmuşdur. Daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişlər. Ərizənin mahiyyəti ondan ibarətdir ki, şəxs ilə müqavilə bağlandığı andan avtomobilin təhvil verildiyi ana qədər və avtomobilə dəymiş zərər tələb olunmuşdur. SMS radar proqramından çıxarış etmiş və əlavə etmişdir. Yolhərəkət qaydasının pozulması ilə əlaqədar inzibati cərimə müəyyən olunmuşdur. İddia ərizəsinin mahiyyəti şəxs ilə daxili lizinq müqaviləsi bağlandığı andan avtomobil təhvil verildiyi ana qədər və dəymiş zərər ilə bağlı məbləğlər tələb edilir. Həmin məbləğlərdən isə bir ay ödəniş etmişdir. Hər ay 916 manat ödəniş etməsinə baxmayaraq, ümumillikdə 917 manat ödəniş etmişdir. 02 yanvar tarixindən 26 aprel tarixinə həy ay 916 manat ödəməli olmasına baxmayaraq, ümumillikdə 4397 manat ödəməli olmasına baxmayaraq, cəmi 917 manat ödəniş etmişdir. 4397 manatdan 917 manat çıxmış və yerdə qalan 3480 manatı tələb etmişlər. Özləri maşını götürmüşlər. Aprel ayının 6-sında maşını qiymətləndirmiş və ondan təxminən 10 gün öncə maşını cərimə meydançasından götürmüşlər. Həmin zamandan da maşın onlara təhvil verilmişdir. Avtomobil şəxsin istifadəsində olmuş və onlara təqdim olunmamışdır. İş materiallarından da göründüyü kimi şəxs avtomobilin kasko sığortalı olmasına baxmayaraq, lizinq alan avtomobili başqa şəxsə verdiyi üçün, kənar şəxs istifadə etdiyi üçün avtomobilə ziyan dəymişdir. Etibarnamə verdikləri adamlar ata və oğuldurlar. Cavabdeh3 lizinq alan, Cavabdeh2 atası, Cavabdeh1 isə digər qardaşıdır. Hər üçün cavabdeh qismində cəlb etməkdə məqsəd hər üçünün eyni həcmdə məsuliyyət daşımalarını düşünməsidirlər. Cavabdeh3 lizinq alandır. Maşını cərimə meydançasından götürdükləri vaxta kimi məbləği hesablamışlar. Həmin vaxta qədər aylıq 916 manat olmaqla, aprel ayına kimi hesablamışlar. Əvvəlki tələbdə şəxsin müqavilə üzrə əsas borcu, mükafat məbləği və cərimə borcu bir yerdə həmin məbləğdən avtomobilin qiymətini çıxmış, yerdə qalan borcu tələb etmişlər. Daha sonra təşkilat olaraq bu tip mübahisələr onların qarşısına çıxdığı üçün, görmüşlər ki, lizinq ilə bağlı mübahisələrdə məhkəmə təcrübəsi dəymiş zərəri tələb etməklə və qrafik üzrə şəxsin ödəməli olduğu borcla bağlıdır. Ona görə də iddia tələbinə dəqiqləşmə təqdim etmişlər. Tələbləri ümumi olaraq 8380 manatdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 03 avqust 2023-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Qəza baş verərkən avtomobili o, idarə etməmişdir. Buna görə də ona inzibati cərimə yazılmışdır. Avtomobili alarkən bankda avtomobili satana 7000 manat pul vermişdir. Müqavilədə avtomobilə görə 20000 manat pulun ayrılması qeyd olunmuşdur. Həmçinin avtomobili ondan geri alarkən borcunu sıfırlayacaqlarını bildirmişlər. Həm avtomobili ondan almış, həm də pul tələb edirlər. Suallara cavab olaraq bildirmişdir ki, müqaviləni imzalamış, avtomobili şəxsi istifadə üçün almış, ara-sıra taksi kimi avtomobili sürmüş, qəza baş verərkən avtomobili dostu idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri poçt zərfinə “müddət bitmiş, geri qayıdır” qeyd edilməklə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında hər iki tərəfə bildiriş göndərilmiş, ilkin mediasiya sessiyasının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh3 mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. 19 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 06041 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən 6356.84 manat borcu vardır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-LG-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima minik” markalı avtomobilin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İşdə olan Lizinq verən "xxxx" MMC ilə Lizinq alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06041 saylı X3 müqaviləsinə əsasən 26000 manat dəyərində «Kia Optima minik» markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil 36 ay müddətində hissə-hissə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mükiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq birdəfədən artıq ödəmədikdə lizinq verən lizinq obyektini mübahisəsiz geri ala və lizinq müqaviləsini vaxtından qabaq ləğv edə bilər. Müqavilənin 11.1.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə lizinq verən lizinq obyektini mübahisəsiz geri ala və lizinq müqaviləsini vaxtından qabaq ləğv edə bilər. İşdə olan Lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06041 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən 26000 manat dəyərində «Kia Optima minik» markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili satıcı alıcı-lizinq verənə satmışdır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizin vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektini satıcısı ilə lizinq verən arasında bağlanılan müqavilədən irəli gələn alıcı hüququna malikdir. Tərəflər nəqliyyat vasitəsinin qiymətini 26000 manat məbləğində müəyyən etmişlər. xx.xx.2023-cü il tarixli X1 surətinə əsasən "xxxx" MMC-nin sifarişi ilə «Kia Optima minik» markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobilə müstəqil sığorta eksperti N.E.Həbibov tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə göstərilən avtomobil yararsız vəziyyətə düşmüş ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 4500 manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin zərərə uğradığı anadək real dəyəri 20500 manat məbləğində təşkil etmişdir. Onlar tərəfindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş və bütün zəruri araşdırmalar və nəticədə avtomobilin qalıq hissəsinin dəyir 16000 manat məbləğində müəyyən olunmuşdur. 21 avqsut 2023-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 06041 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən 19683.92 manat əsas borc, 5905.17 manat müqavilə müddəti bitənədək olan faiz borcu 5905.17 manat, cəmi 25779.09 manat borcu vardır. 21 avqsut 2023-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 06041 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən 9779.09 manat borcu vardır. "xxxx" MMC-nin Kredit Komitəsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, borcalan Cavabdeh3 Kia Optima minik markalı avtomobilini lizinq yolu ilə alınması üçün 36 ay müddətinə, illik 36 faiz olmaqla əsas borc və faizləri annuitet qaydada ödəmək şərti ilə 20 000 manat kredit verilməsi təklifi səsə qoyulmuş və qəbul olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-949/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsi qərarı onlunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin kommersiya məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin iddiaçının nümayəndəsi və Cavabdeh3 izahatında xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı minik avtomobilinin şəxsi istifadə üçün əldə edildiyini qeyd etmişlər. Eyni zamanda tərəflər arasında bağlanmış məlum daxili maliyyə lizinq müqaviləsindən, xx.xx.2022-ci il tarixli lizinq krediti üzrə sifariş blankından, xx.xx.2022-ci il tarixli kredit komitəsinin protokolundan avtomobilin sahibkarlıq fəaliyyətində istifadə edilməsi üçün verilməsi müəyyən olunmur. Göründüyü kimi, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06041 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə tələb edilən zərərin məbləği Cavabdeh3 (lizinq alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahiblik və istifadəyə verilmiş avtomobilə dəymiş zərərlə əlaqədar deyil, şəxsi istifadə üçün verilmiş nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlıdır. Yəni, cavabdehlərdən hazırkı iddia ərizəsi ilə tələb olunan zərər – “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, lizinq alan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, e-2(060)-7508/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizanın keçirilməsi üçün 100 manat məbləğində tədqiqatın dəyəri müəyyənləşdirilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/486 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X2 ********** VÖEN” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2014-cü il buraxılışlı, boz metalik rəngli “Kia Optima minik” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4200,00 manat müəyyən edilmiş, o cümlədən dəyişilməli hissələrinin qiyməti – 3000 manat, təmir-bərpa işlərinin qiyməti – 1200 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2(060)-543/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “lizinq müqaviləsi üzrə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatı təzələnmişdir. "xxxx" MMC tərəfindən verilmiş Cavabdeh3 məxsus hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2022-xx.xx.2024-cü il tarixli aralığa aid cədvələ əsasən 917 manat dövriyyə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alanlizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh3 02 dekabr 2022-ci il tarixli, 1F/06041 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindən olan lizinq obyekti sayılan “KİA OPTİMA MİNİK” markalı avtomobili 36 ay müddətinə lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdeh3 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən,lizinq verən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə borc tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06041 saylı X3 müqaviləsi xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv edilərək lizinq obyekti olan «KİA OPTİMA MİNİK» markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil geri alındığı üçün həmin vaxtdan tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Həmin tarixdə müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləği 3480.04 (02 yanvar 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixə kimi hər ay 916,08 manat olmaqla, əlavə olaraq 917 manat ödəniş etmiş) manat olmuşdur. Ona görə də, Cavabdeh3 ümumi lizinq ödənişi üzrə 3480,04 manat əsas borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın digər cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 daxili lizinq müqaviləsinə əsasən öhdəlik götürmədiklərindən onları iddiaçı "xxxx" MMC qarşısında öhdəlikləri olmamaqla,məsuliyyətləri müəyyən edilmir. Məhkəmə mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 700 manat cərimə hissəsinin tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı deyildir. Tələb olunan cərimənin məbləği mütənasib olmamaqla, tərəflərin mənafeyinə uyğun deyil. Ona görə də məhkəmə hesab edir ki, tələb olunan cərimənin 100 manat məbləğində müəyyən edilməli, tələb olunan əsas məbləğə uyğun olmaqla, qanuna müvafiq hesab edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edildi ki, lizinq obyekti hazırda iddiaçıya qaytarılmış, lakin lizinq obyektinə maddi ziyan vurulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyinə əsasən “KİA OPTİMA MİNİK” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat məbləğində ziyan dəymişdir. Ona görə də iddia bu hissədə qismən təmin edilərək avtomobilə dəymiş ziyana görə 4200 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 113-cü maddəsininin tələblərinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 97.8 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 97.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitinin 30 manatı iddiaçıdan və 70 manatı Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 3480.04 (üç min dörd yüz səksən manat dörd qəpik) manat əsas borc, 100 (bir yüz) manat mediasiya xərci, 100 (bir yüz) manat cərimə borcu və 4200 (dörd min iki yüz) manat dəymiş zərər olmaqla, cəmi 7880.04 (yeddi min səkkiz yüz səksən manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməli, iddia digər hissədə təmin edilməməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 manat və Cavabdeh3 70 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 3480.04 (üç min dörd yüz səksən manat dörd qəpik) manat əsas borc, 100 (bir yüz) manat mediasiya xərci, 100 (bir yüz) manat cərimə borcu və 4200 (dörd min iki yüz) manat dəymiş zərər olmaqla, cəmi 7880.04 (yeddi min səkkiz yüz səksən manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilsin. Cavabdeh3 97.8 (doxsan yeddi manat səksən qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 manat və Cavabdeh3 70 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-543/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-543/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver