Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5455/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.100 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1131.40 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “İsuzi Saz mikroavtobus” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək iddiaçı şirkətdə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində, saat 10:00-da Bakı şəhəri, Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə olunan, “İsuzi Saz mikroavtobus” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusla X3 tərəfindən idarə olunan “Opel Astra” minik markalı, 90-HY976 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai rayon DYPŞ tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərara əsasən hadisə ilə əlaqədar “İsuzi Saz mikroavtobus” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 1.100 manat məbləğində sığorta ödənişi verilmişdir. Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar şirkət tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bu günədək şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Elektron məlumatdan görünür ki, “İsuzi Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Opel Astra” minik markalı, 90-HY976 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 1.100 manat məbləğində müəyyən edilmişdir. - Sığorta ödənişi ilə bağlı 07888 saylı aktın surətindən görünür ki, xx.xx.2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş “Opel Astra” minik markalı, 90-HY976 dövlət qeydiyyat nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 1.100 manat ödəniş edilmişdir. - 36197 №-li ödəniş tapşırığından görünür ki, X2 1.100 manat sığorta ödənişi edilmişdir. - Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh vurulmuş zərərin ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “İsuzi Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən “Opel Astra” minik markalı, 90-HY976 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 1.100 manat zərər X2 ödənilmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 1.100 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 31 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.100 manat məbləğində sığorta ödənişi və ödənilmiş 31 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-5455/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5455/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver