Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5509/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4577112 saylı müqavilə üzrə 108 (bir yüz səkkiz) manat əsas borc, 32 (otuz iki) manat dəbbə pulu, S3K5738380 saylı müqavilə üzrə 761 (yeddi yüz altmış bir) manat əsas borc, 228 (iki yüz iyirmi səkkiz) manat dəbbə pulu və 32 (otuz iki) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1161 (bir min yüz altmış bir) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən "Soliton" Mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 25 noyabr 2018-ci il və 12 iyun 2019-cu il tarixlərində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 471(dörd yüz vetmiş bir) manat olan 1 ədəd "Samsung Galaxy J4” markalı telefon almış, ilkin ödəniş olaraq 30(otuz) manat ödəniş etmiş, nəticədə 441 (dörd yüz qırx bir) manat borc yaranmış və 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 885(səkkiz yüz səksən beş) manat olan 1 ədəd “'Samsung Galaxy A50" markalı telefon almış, ilkin ödəniş olaraq 40(qırx) manat ödəniş etmiş, nəticədə 845(səkkiz yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 37(otuz yeddi) manat, 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 13(on üç) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti S3K4577112 saylı müqavilə üzrə 471(dörd yüz yetmiş bir) manat olan 1 ədəd “Samsung Galaxy J4" markalı telefon üçün ümumilikdə 108(bir yüz səkkiz) manat ödənilməmiş hissə, 32(otuz iki) manat dəbbə pulu və alqı-satqı qiyməti S3K5738380 saylı müqavilə üzrə 885(səkkiz yüz səksən beş) manat olan 1 ədəd “Samsung Galaxy A 50” markalı telefon üçün ümumilikdə 761 (yeddi yüz altmış bir) manat ödənilməmiş hissə, 228(iki yüz iyirmi səkkiz) manat dəbbə pulu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, Soliton mağazasından iki dəfə telefon almışdır. Hər iki telefonu qızıl zəmanətlə almışdır. Qızıl zəmanətin şərtlərinə görə telefona nə olsa düzəldəcəklərini bildirmişdilər. Övladı universitetdə pilləkəndən yıxılmış, telefonun ekranı sınmışdı. Bununla əlaqədar o telefonun təmiri üçün mağazaya yaxınlaşmış, hazırda həmin telefonun ehtiyat hissəsinin olmadığını, ehtiyat hissə olan kimi məlumat verəcəklərini bildirmişlər. 2-3 ay keçsə də mağazadan xəbər çıxmamışdır. Beləliklə onlar 1 il müddətinə onu aldatmış, qızıl zəmanətin də vaxtı qurtarmışdır. Qızıl zəmanətin vaxtı bitdikdən sonra məhkəməyə müraciət ediblər. halbuki, o dəfələrlə mağazada olmuş, telefonu təmir edəcəkləri halda pulunu ödəyəcəyini bildirmişdir. Lakin telefonu ondan götürməmiş, əlaqə nömrələri vermişlər. Onu məhkəməyə verdiklərindən xəbər tutan kimi yenidən mağazaya yazınlaşmış, mağazada ona 161 manat ödəniş edəcəyi halda, heç bir borcunun qalmayacağını bildirmişlər. Bu səbəbdən o həmin məbləği mağazaya ödəmişdir. Lakin buna baxmayaraq iddiaçı növbəti dəfə onu aldatmış, iddia ərizəsini geri götürməmişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 471 (dörd yüz vetmiş bir) manat olan 1 ədəd "Samsung Galaxy J4” markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 885 (səkkiz yüz səksən beş) manat olan 1 ədəd “'Samsung Galaxy A50" markalı telefon almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə 108 manat əsas, 32 manat dəbbə pulu, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas 194 manat dəbbə pulu, 12 iyun 2019-cu il tarixli S3K5738380 saylı müqavilə üzrə 761 manat əsas, 228 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1161 manat borcu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 14979264 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Soliton mağazasına 161 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda iki ədəd mobil telefon almışdır. Hər iki məhsul qızıl zəmanət şərtləri ilə alınmışır. 12 iyun 2019-cu il tarixli müqavilə əsasında alınmış mobil telefonun ekranı müqavilə bağlandıqdan bir neçə ay sonra qırılmaqla zədələnmişdir. Cavabdeh qızıl zəmanətin şərtlərinə uyğun olaraq telefonun ekranının dəyişdirilməsi üçün iddiaçıya müraciət etsə də, iddiaçı telefonu təmir etmək üçün qəbul etməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaya etirazın əsası kimi istinad edilən dəlillərin yoxlanılması məqsədilə Cavabdeh “Samsung Galaxy A50” markalı telefonu zəmanətlə (qızıl kartla) alıb-almaması, zəmanətlə aldığı təqdirdə zəmanətin şərtləri, həmçinin “Samsung Galaxy J4” markalı və “Samsung Galaxy A50” markalı telefonlara dair cavabdeh tərəfindən edilmiş ödənişlərin məbləği barədə məlumatı İddiaçı sorğu verməklə tələb etsə də, həmin məlumatlar sonuncu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış hər iki alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən alınmış məhsullar qızıl zəmanətlə alınmışdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş qızıl zəmanətin şərtləri məhkəməyə təqdim olunmasa da, məhkəmə qeyd edir ki, ümumrespublika ərazisində fəaliyyət göstərən əsas məişət məhsulları mağazaları (Kontakt Home, Baku Electronics və digər şirkətlər) alıcılara standart şərtlərlə qızıl zəmanət təklif edirlər. Belə ki, qızıl zəmanət məhsulun istifadəsi nəticəsində yaranan bütün qüsurların zəmanət müddəti çərçivəsində hər ehtiyat hissəsi bir dəfə olmaq şərti ilə tam pulsuz dəyişdirilməsi imkanını nəzərdə tutur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır (1). Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır (2). İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir (3). Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır (4). Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfındən 12 iyun 2019-cu il tarixli müqavilənin və qızıl zəmanətin tələbləri pozularaq, cavabdehin aldığı məhsul (telefon) qızıl zəmanət müddəti və şərtləri daxilində cavabdehdən qəbul edilərək təmir olunmuş vəziyyətdə cavabdehə qaytarılmamışdır. İddiaçı tərəfindən isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi S3K5738380 saylı müqavilə üzrə cavabdehdən 761 manat əsas borc və 228 manat dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin İddiaçı cavabdehin xeyrinə S3K4577112 saylı alqı-satqı müqaviləsi üzrə 108 manat əsas borc və 32 manat dəbbə pulunun tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdeh 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmişdir. Belə ki, iş materialllarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 14979264 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən (xx.xx.2022-ci il) sonra xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıya 161 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 25 noyabr 2018-ci il tarixli S3K4577112 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5509/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5509/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver