Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5579/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki olaraq orada yaşayır. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə verilmiş Çıxarış əsasında vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra hakimiyyəti Başçısının 19 iyun 1998-ci il tarixli 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha sahənin 74 saylı ərazisinin 0,10 ha torpaq sahəsinin yaşayış evi tikilməsi üçün əri X4 ayrılmışdır. Belə ki, əri X6 05 avqust 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin sağ olduğu vaxtdan bəri sözügedən torpaq sahəsi istifadə və mülkiyyətində olmuşdur. Ölümündən sonra da qeyd olunan torpaq iddiaçının faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin 1287 №-li, xx.xx.2025-ci il tarixli məktubu ilə mirasın qəbul müddətini ötürdüyü üçün müraciətindən imtina edilmişdir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. İddiaçı miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan iddiaçıya izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Bu müddət ərzində miras əmlakına faktiki sahiblik etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən mərhum əri 05 avqust 2015-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi ilə bağlı miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması və miras əmlakının faktiki qəbulu barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddia tələbinin təmin edilməsi, miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən 16 fevral 1989-cu il tarixində verilmiş İV-JQ № 493209 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X1 xx.xx.1989-cu il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 210 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ № 752819 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixində kəskin beyin ödemi xəstəliyindən vəfat etmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 1287 nömrəli məktubun surətindən görünür ki, 05 avqust 2015-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2025-ci il tarixində ərizə qeydə alınmışdır. Lakin mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunur.
11. İş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısı Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 35 nömrəli vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında Çıxarışın surətindən görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsinin 74 saylı ərazisi X4 0,10 hektar sahə ayrılmış və vətəndaşa yaşayış evi tikməyə icazə verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin həyat yoldaşından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
16. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
17. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
18. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
19. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
20. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
21. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
22. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
23. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
24. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
25. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X6 öldükdən sonra həyat yoldaşı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.
27. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasın açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının atasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.
28. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum X2 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva