Məhkəmə qərarları › İş №e-2(060)-5605/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5605/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5605/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.800 manat pul vəsaiti, 110 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 39.10 manat dövlət rüsumu olmaqla, cəmi 1949.10 manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında illik icarə haqqı vergilər xaric olmaqla 1.800 manat olan, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 23 saylı qarajın damında 10 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Tərəflər arasında icarə müqaviləsi imzalansa da, icarə obyekti iddiaçıya təhvil verilməmişdir. Eyni vaxtda müvafiq dövlət orqanları da tikinti işlərinin həyata keçirilməsinə maneçilik törətmişlər. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə cavabdehə səhvən 1.800 manat icarə haqqı ödənilmişdir. İddiaçı MMC-nin hüquqlarını məhkəmədə müdafiə etmək üçün 21 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə xx.xx.2021-ci il tarixli, 250 saylı müqavilə bağlanmış və ******* saylı qəbzə görə 110 manat pul ödənilmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir, iddiaçı ilə müqavilə bağlasa da müvafiq dövlət orqanları icazə vermədiyindən tikinti aparılmadığı üçün müqavilənin tələbləri reallaşmamışdır. İddiaçının ona məxsus qarajın damında apardığı müəyyən tikinti işləri səbəbindən qarajda baş vermiş nasazlıqlara görə öz vəsaitindən 600 manat xərc çəkərək təmir etdirmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən icarəyə verən Sumqayıt şəhəri, 1 mkr. ərazisi, 23 saylı qarajın damında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 10 (on) kv.m olan icarə obyektini icarəçinin istifadəsinə verir, icarəçi isə bunun müqabilində icarəyə verənə bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəyir. - Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tətbiq edilən vergilər xaric olmaqla 1.800 manat təşkil edir. - Bu müqavilənin 3.2-ci bəndindən görünür ki, icarə haqqı tikinti başlaması üzrə təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. - Həmin müqavilənin 3.3-cü bəndindən görünür ki, icarəçi öz mülahizəsinə əsasən icarə haqqını icarəyə verənə illik olaraq qabaqcadan ödəyə bilər. Lakin, bu müqaviləyə vaxtından əvvəl hər hansı istənilən səbəbə görə xitam verilərsə, icarəyə verən istifadə olunmamış müddətə görə icarə haqqı məbləğini 5 (beş) iş günü ərzində geri qaytarmalıdır. - xx.xx.2021-ci il tarixli, 392 №-li ödəniş tapşırığından görünür ki, Cavabdeh 1.800 manat ödəniş edilmişdir. - İddiaçının cavabdehin ünvanına göndərilən bildiriş məktubunun surətindən görünür ki, cavabdeh 1.800 manat pulun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində 23 saylı qarajın damında 10 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün iddiaçı təşkilat İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Tərəflər arasında xx.xx.2018-ci ildə icarə müqaviləsi imzalanmış, lakin icarə obyekti iddiaçıya təhvil verilməmiş, sazişin şərtlərinə uyğun olaraq tikinti üçün təhvil-təslim aktı imzalanmamış, inşaat işləri aparılmamışdır. xx.xx.2021-ci il tarixdə cavabdehə səhvən 1.800 manat icarə haqqı ödənilmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin varlanmasına, yəni iddiaçının 1.800 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Belə ki, müqavilənin şərtlərinə əsasən icarə haqqı tikinti başlaması üzrə təhviltəslim aktı imzalandığı tarixdən hesablanmalı olduğu halda, həmin sənəd imzalanmadan, habelə hər hansı inşaat işləri aparılmadan sözügedən icarə haqqı məbləği cavabdehin bank hesabına köçürülmüşdür. İşin bu faktiki halı cavabdehin 1.800 manat pulu əldə edərək varlanmasının müqavilə, eləcə də hüquqi əsasını istisna edir. Çünki, bu vəsaitin köçürülməsi müqavilə şərtlərinə uyğun şəkildə deyil, əksinə sazişin müddəalarına zidd olaraq baş vermişdir. Məhkəmə, iddianın ödənilmiş hüquqi xidmətə görə 110 manat vəsaitin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı həmin ödəniş barədə hər hansı təsdiqedici sübut təqdim etmədiyindən həmin tələb təmin edilməməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 38 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.800 manat pul və ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.800 manat pul və ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar