Məhkəmə qərarları › İş №e-2(060)-5609/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5609/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5609/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Səyavuş oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, əvvəl cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında 40 kv m ölçüdə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı ödədiyi 55000 manat məbləğin və həmin qeyri-yaşayış sahəsinin təmirinə çəkdiyi 11000 manat məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə Xətai rayon məhkəməsinə iddia qaldırmış, qeyd edilən ünvanda yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq üçün Xətai rayon məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə əmlakın üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri seçilmişdir. Lakin həmin iş üzrə məhkəməm qətnaməsi qüvvəyə minmədən qeyd edilən qeyri yaşayış sahəsi Cavabdeh1 tərəfindən özəlləşdirilərək çıxarış alınmış və X1. Sonradan Cavabdeh2 qeyd edilən mənzili aldıqdan sonra Xətai rayon məhkəməsinə ərizə ilə müraciət edərək əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən əmlakın üzərinə qoyulmuş həbs ləğv edilmişdir. İddiaçı Cavabdeh1 üzərinə həbs qoyulmuş qeyri yaşayış sahəsini bir qrup şəxslə birlikdə yaşayış sahəsinə çevirərək başqa şəxsin adına özgəninkiləşdirilməsinə saxtra yollarla nail olmuşdular. İddiaçı qeyd edilən daşınmaz əmlakın üzərində məhkəmə tərəfindən həbs qoyulmasına baxmayaraq satılmaqla Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız olduğunu, etibarsız əqdlər heç bir hüquqi nəticələrə səbəb olmadığından Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə X2 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və müqavilə nəticəsində əldə edilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki; - Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1399/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MMC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə baxaraq iddia tələbi tam təmin edilərək qeyd edilən yaşayış sahəsinə iddiaçı tərəfindən ödənilmiş 32000 manat pul vəsaitinin və Cavabdeh1 10332 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. -Bakı şəhər Xətai rayon məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı iddia tələbinin təmin etmə tədbiri kimi sonuncunun ərzəsi əsasında Yüksəliş-C” MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında 40 kv m ölçüdə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyularaq, başqa şəxsin istifadəsinə(sahibliyinə) verilməsi yaxdu özgəninkiləşdirilməsi cavabdeh və İİİ şəxslərə qadağan edilmişdir. -Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1012/2023 nömrəli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin qətnaməsi qismən, cavabdeh "xxxx" MMC-dən pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, maraqlı şəxs Cavabdeh2 ərizəsi əsasında 28 sentyabr 2020-ci il tarixli qərardad ləğv edilərək Xətai rayonu M.Hadi küçəsi məhəllə 2337, bina 120 ünvanında 40 kv m ölçüdə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə 09 iyun 2022-ci il tarixdə tam mülkiyyət hüququ əldə etmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Xətai rayon Məhkəməsinin "xxxx" MTK-ya məxsus binada yerləşən İ giriş 2-ci mərtəbədə olan 40 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması və daha sonra həbsin həmin məhkəmə tərəfindən götürülməsi ilə bağlı məlumatlar həmin idarəyə daxil olmuş, eyni zamanda bildirilmişdir ki, sözü gedən qeyri-yaşayış sahəsinə dair vətəndaş Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”də binanın 2-ci mərtəbəsində 44 kv.m sahəsi olan 9A saylı mənzil kimi oxunmasına dair müvafiq düzəliş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyyən edildi ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə 09 iyun 2022-ci il tarixdə tam mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra Cavabdeh1 ilə X2 arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada AN-İ ******* nömrəli alqısatqı müqaviləsi bağlanmış və məzil X2 mülkiyyətinə keçərək, sonuncuya bu barədə çıxarış verilmişdir. Notariat icraatında olan xx.xx.2022-ci il tariuxli arayışdan görünür ki, mənzil üzərində hər hansı bir məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Hazırki iş üzrə iddiaçı olan İddiaçı Cavabdeh1 qarşı digər yekun məhkəmə aktı ilə pul tələbi təmin edilməsinə baxmayaraq, həmin məhkəmə aktının hazırki idda ilə mübahisələndirilən əmlaka aidiyyəti müəyyən edilmir. Məhkəmə aşağıdakı normalara əsasən hesab edir ki, iddia tələbləri rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassızdır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, tələb irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə X2 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və müqavilə nəticəsində əldə edilmiş çıxarışın etibarsız hesab edilməsinə dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə X2 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və müqavilə nəticəsində əldə edilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar