Məhkəmə qərarları › İş №e-2(060)-5641/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5641/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5641/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, SF/002-2019 saylı nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 3000 manat dəyəri olan “Mondial 125 ZNU” markalı motosikleti nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 250 manat ilkin ödəniş edərək motosikleti qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissəhissə ödəmək şərtilə 2750 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh nisyə satış müqaviləsinə Əlavə № 1-də (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4-cü bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya 2000 manat əsas borcu, 500 manat penya borcu, cəmi 2500 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq, Cavabdeh xx.xx.2019-cu il tarixli, SF/002-2019 saylı nisyə satış müqaviləsi üzrə sonuncu ödənişini xx.xx.2019-cu il tarixdə 250 manat, ümumilikdə 750 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2000 manat əsas borcu, 500 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 620 manat manat, cəmi 3120 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə İddiaçı Cavabdeh qarşı «borcun tutulması tələbi» ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, onun tərəfindən müəyyən qədər ödənişlər edilmişdir. Lakin bununla bağlı ona qəbz təqdim edilməmişdir. Eyni zamanda, ərizə təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SF/002-2019 saylı nisyə satış müqaviləsindən və həmin müqaviləyə 2 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 3000 manat, burazaxılış ili 2019-cu il olan “Mondial 125 ZNU” markalı moped almış, alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2750 manat pul məbləğini hissə-hissə 30 ay müddətinə (xx.xx.2021) hər ay 92 manat, sonuncu ay 82 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə müqavilə üzrə 2000 manat əsas, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 2500 manat məbləğində ödənilməmiş borcu vardır.

9. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, SF/002-2019 saylı nisyə satış müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

13. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

14. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

15. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).

16. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə satış müqaviləsi üzrə yaranmış 2000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 500 manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır.

19. Məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 620 manat borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, şərh olunan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.

22. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MMin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.

23. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

26. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

28. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edərək Cavabdeh ona borclu olduğu pulu vaxtında ona qaytarmamaqla ondan faydalandığına istinad edərək həmin pulun müəyyən faizi (illik 7%, 8% və 9% olmaqla) qismində hesablanmış 620 manat məbləğində pulun tutulmasını xahiş etsə də, o, məhkəməyə Cavabdeh sözügedən məbləği qaytarmayaraq ondan istifadə etməklə müəyyən fayda, gəlir, artım, bəhər və s. əldə etdiyini, yəni həmin məbləğdən faydalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği MM-in 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Belə ki, iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyindən, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Beləliklə iddiaçının 2022-ci ildən başlayaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz borcu tələb etmək hüququ vardır. Eyni zamanda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən hallar nəzərə alınmalı, xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 266,66 manat (2022-ci il üzrə 100 (2000 x 5 faiz) manat + 2023-cü il üzrə 100 (2000 x 5 faiz) manat, 2024-cü ilin ilk səkkiz ayı üçün 66,6 ((2000 x 5 faiz)/12 x 8 ay) manat olmaqla) məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 52 manat dövlət rüsumunun 43,16 manat hissəsi cavabdehdən alınmalı və qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

34. Məhkəmə cavabdehin “3 illik müddətin ötürülməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair vəsatəti ilə bağlı qeyd edir ki, iddia müddəti ötürülməmişdir.

35. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə satış müqaviləsinin müddəti 17 noyabr 2021-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə 12 avqust 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

37. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat əsas, 50 (əlli) manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 266,66 (iki yüz altmış altı manat, altmış altı qəpik) manat faiz borcu, cəmi 2316,66 (iki min üç yüz on altı manat, altmış altı qəpik) manat məbləğində pul və ödənilmiş 43,16 (qırx üç manat, on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 342-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat əsas, 50 (əlli) manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 266,66 (iki yüz altmış altı manat, altmış altı qəpik) manat faiz borcu, cəmi 2316,66 (iki min üç yüz on altı manat, altmış altı qəpik) manat məbləğində pul və ödənilmiş 43,16 (qırx üç manat, on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar