Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-580/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 Şirrbağır oğluna qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Şahmar Rehun oğlundan müştərək qaydada 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 19:20 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ərazisində Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Khazar LX” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 3(060)-606/2023 saylı qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 342.1.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktlarında göstərilmişdir ki, “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 4535 manat, “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 130 manat və “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2825 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA137472, PXA137473 və PXA137474 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə icbari sığorta həddində proposional bölgü əsasında ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, avtomobil onun mülkiyyətindədir. Hadisə baş verən zaman avtomobildə olmamışdır. Həmin vaxt avtomobil oğlunda olmuşdur. Oğlu restorandan çıxdığı zaman içkili vəziyyətdə olduğu üçün ayıq sürücü çağırmışdır. Sürücülük vəsiqəsi olduğunu bildirsə də, sonradan məlum olmuşdur ki, Cavabdeh1 sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs avtomobili idarə edən zaman qəza törətmişdir. Daha sonra hadisə yerindən yayınmışdır. Avtomobilinə dəymiş ziyanı özü qarşılamışdır. Nə digər cavabdeh, nə də sığorta şirkəti tərəfindən hər hansı ödəniş olunmamışdır. Avtomobilinə 5000 manatdan artıq məbləğdə ziyan dəymişdir. Digər avtomobillərə dəymiş ziyanın məbləği barədə məlumatı yoxdur. Hesab edir ki, hazırki iş üzrə əsl Cavabdeh1dur.
Tədqiq olunan sübutlar:
4. "xxxx" ASC ilə Cavabdeh2 Şirrbağır oğlu arasında bağlanmış PXA********** saylı, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Khazar LX” markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır.
5. "xxxx" ASC-nin PXA137474 saylı sığorta aktından görünür ki, sığortalanmış “Khazar LX” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və X2 məxsus avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş akta əsasən 130 manat müəyyən edilmişdir.
6. "xxxx" ASC-nin PXA137472 saylı sığorta aktından görünür ki, sığortalanmış “Khazar LX” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və X4 məxsus avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş akta əsasən 2825 manat müəyyən edilmişdir.
7. "xxxx" ASC-nin PXA137473 saylı sığorta aktından görünür ki, sığortalanmış “Khazar LX” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və Naibə Xəlilovaya məxsus avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş akta əsasən 4535 manat müəyyən edilmişdir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4535 manat məbləğində qiymətləndirilmişdir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2825 manat məbləğində qiymətləndirilmişdir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Hyundai Sonata” markalı, **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 130 manat məbləğində qiymətləndirilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 4251 nömrəli ödəniş tapşırığından görünür ki, PXA137473 saylı sığorta aktına əsasən Naibə Xəlilovanın hesabına 3027,37 manat məbləğində sığorta ödənişi edilmişdir.
13. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 4250 nömrəli ödəniş tapşırığından görünür ki, PXA137472 saylı sığorta aktına əsasən X3 hesabına 1885,85 manat məbləğində sığorta ödənişi edilmişdir.
14. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 4383 nömrəli ödəniş tapşırığından görünür ki, PXA137474 saylı sığorta aktına əsasən X1 hesabına 86,78 manat məbləğində sığorta ödənişi edilmişdir.
15. "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 5000 manat məbləğində sığorta ödənişinin könüllü ödənilməsi cavabdehə təklif edilmiş, əks təqdirdə qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb edilməsi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşısubroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
«Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. -8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Khazar LX” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və bunun nəticəsində X2 məxsus avtomobilə 130 manat, X4 məxsus avtomobilə 2825 manat, Naibə Xəlilovaya məxsus avtomobilə 4535 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan müəyyən olunur ki, qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 18 yaşı tamam olmamış və o, sürücülük vəsiqəsinə malik olmamışdır.
20. Hazırda iddiaçı İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə istinad edərək Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmək hüququnun olmaması səbəbindən ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında geri qaytarılmasını məhkəmədən xahiş edir.
21. “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.
22. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)
23. Məhkəmə hesab edir ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə, qeyd olunan normanın məqsədləri baxımından qanunvericinin iradəsi qeyd olunan halların qarşısı alınmasından, sığortalıların sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməməsindən, həm də sonuncuların belə bir hüquqları olmadan avtomobili idarə etməmələrindən ibarət olmuşdur.
24. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. “İcbari sığortalar haqqında” Qanunun 13.4-cü maddəsindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlakı qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
25. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar.
26. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda cavabdeh qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən sürücülük hüququna malik olmamaqla sığorta şirkətinin haqlı olaraq ona qarşı ödənilmiş sığorta ödənişinin geri qaytarılması ilə bağlı subroqasiya hüququ yaranmışdır.
27. Digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC bu cavabdehə qarşı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsi ilə əsaslandırmışdır.
28. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Hansı ki, həmin maddədə qeyd edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən ... istifadə edilməsi...) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki ... şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar... Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
29. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).
30. Hazırkı iş üzrə Cavabdeh2 avtomobilin mülkiyyətçisi olduğundan onun yüksək təhlükə mənbəyinə sahibliyinin hüququ əsasını mülkiyyət hüququ təşkil edir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilə sahibliyinin maddi şərti təmin olunmamışdır. Belə ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 hadisə baş verən zaman avtomobildə olmadığını, avtomobili istifadə etmək üçün oğluna etibarnamə verdiyini və yol nəqliyyat hadisəsi baş verərkən nəqliyyat vaitəsinin oğlunun istifadəsində olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 yüksək təhlükə mənbəyi olan avtomobil üzərində sahibliyinin maddi şərti təmin olunmamışdır. Digər Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş qeyd olunan halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Cavabdeh2 tərəfindən oğlu X5 19 iyun 2022-ci il tarixdə sözügedən nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilmişdir. Qeyd olunan halda sözügedən nəqliyyat vasitəsinin məhz Cavabdeh2 tərəfindən Cavabdeh1 verilməsini şübhə altına alır. Çünki avtomobilin etibarnaməli idarəçilikdə olması həmin nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə olunması imkanını da nəzərdə tutur. Bu halda iddiaçı yuxarıda qeyd edilən normanın tələbləri baxımından iddiaçı Cavabdeh2 digər cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasından məlumatlı olmağa borclu olduğunu sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
31. Beləliklə, məhkəmə hesab edir ki, “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə görə ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. “Volkswagen Passat” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler C180” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə görə ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva