Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-600/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı “İcbari Sığorta Bürosu” X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «İcbari Sığorta Bürosu” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 350 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 380 (üç yüz səksən) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İcbari Sığorta Bürosu” X5 iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X4 adına sığortalanmış MERCEDES BENZ VİANO markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin X1 əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə 26 noyabr 2020-ci il tarixində dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbdən onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsində nəzərdə tutulmuş (hadisə yerindən yayınma) qaydada “İnzibati tənbeh vermə haqqında” Qərar (əlavə olunur) qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə tərtib edilən xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materialında olan inzibati xəta haqqında AP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh MERCEDES BENZ VİANO markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən “Chevrolet Camaro” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə souncuya maddi zərər dəymişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan sığorta aktdan görünür ki, “Chevrolet Camaro” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 350 manat məbləğindədir. İşdə olan xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu” X5 tərəfindən 350 manat məbləğində pul “Chevrolet Camaro” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 hesabına köçürülmüşdür. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi MERCEDES BENZ VİANO markalı, ** SB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MERCEDES BENZ VİANO markalı, 99SB619 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində “Chevrolet Camaro” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı nəqliyyat nəqliyyat vasitəsi ilə toqquşmuşdur, nəticədə sonuncu avtomobilə 350 manat maddi zərər vurulmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün «İcbari Sığorta Bürosu” X5 tərəfindən 350 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi MERCEDES BENZ VİANO markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən iddiaçı İcbari Sığorta Bürosu X2 cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 350 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı “İcbari Sığorta Bürosu” X2 xeyrinə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-600/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-600/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver