Məhkəmə qərarları › İş №e-2(060)-6130/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6130/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6130/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Şükürova Əntiqə Əfqan qızının katibliyi, İddiaçı “MİXED LEASİNG» MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “MİXED LEASİNG» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilə dəymiş ziyana görə 3200 (üç min iki yüz) manat, vəkilə ödənilmiş 210 (iki yüz on) manat, ümumilikdə 3410 (üç min dörd yüz on) manat pulun və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh 1 (bir) ədəd qara rəngli, qeydiyyat şəhadətnaməsi AE № 109887, 2017-ci il buraxılışlı, ban nömrəsi XWBTF69V9HA032329 olan, RAVON NEXİA R3 MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili 03 fevral 2022-ci il tarixdə 002 saylı daxili lizinq müqaviləsi ilə lizinqə vermişdir. Cavabdeh lizinqə götürdüyü avtomobil üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi lizinq müqaviləsinin şərtlərinə əməl etmiş və ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Lakin Cavabdeh İddiaçı MMC-dən lizinqə götürdüyü RAVON NEXİA R3 MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini 2022-ci ilin dekabr ayında yarasız hala salaraq, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin qabağında avtomobili küçədə atıb getmişdir. İddiaçı MMC Cavabdeh avtomobilə dəymiş ziyanın aradan qaldırılmasını dəfələrlə bildirsə də, cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh RAVON NEXİA R3 MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini yarasız hala salaraq, İddiaçı MMC-yə 3200 (üç min iki yüz) manat məbləğində ziyan vurmuşdur. Lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, 1.3-cü bənddə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 10.1-ci bəndində göstərilir ki, təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Lizinq müqaviləsinin 10.2-ci bəndində əsasən lizinq obyekti zədələndikdə lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Lizinq müqaviləsinin 10.3-cü bəndində əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: – bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir; – bu müqaviləyə əsasən istifadəsinə verilmiş lizinq obyektinə analoji əmlak əldə etmək. Bu halda bu müqavilə dəyişməz qalır, lizinq alan isə bu müqavilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq ödənişlərini ödəyir. Cavabdeh dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, cavabdeh dəymiş ziyanı ödəməkdən boyun qaçırmış, nəticədə məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-6130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi və əks təqdirdə şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi, işin məhkəmə hazırlıq iclasının 15 noyabr 2023-cü il tarixə, saat 12:10a təyin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6130/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması, mülki işin hazırlıq iclasının 29 noyabr 2023-cü il tarixə, saat 10:40-a təyin edilməsi qərara alınmışdır. İddiaçı “MİXED LEASİNG» MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, qarşı tərəfin etirazda bildirdiklərinin heç bir həqiqəti əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən tərəflər istinad etdiyi halları sübut etməlidirlər. Sənədələrə əsaslanaraq qeyd etmişdir ki, 6 fevral 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixə qədər, yəni 10 ay müddətində avtomobili istifadə etmişdir. Lizinq müqaviləsinin şərtlərinə əməl etməyərək, ödənişləri vaxtlı-vaxtında etməmişdir. Avtomobilin mühərriki yararsız hala düşdükdə o bu barədə heç kimə məlumat vermədən avtomaşını Elit ticarət mərkəzinin qabağında tərk etmiş və getmişdir. Avtomobilin harada olmasını GPS vasitəsi ilə tapmışlar. Qarşı tərəfə dəfələrlə təklif olunmuşdur ki, işləri qaydasına qoysunlar. Dəfələrlə qarşı tərəfə müraciət etmişlər ki, razılaşma olsun. Bunlar baş vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. 29 noyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Maşını alandan sonra matoru xarab olmuşdur. İddiaçıya məlumat vermiş və özlərinin iştirakı ilə maşının təmir edilməsi üçün ustaya aparmış və 1700 manat pul vermişdir. Maşının təmirdə olduğunu bildikləri halda CPS söndürmüş, ona xəbər vermədən maşını aparmışlar. Ona da bildirmişlər ki, guya zəng etmişlər, lakin telefonuna zəng çatmamışdır. Bir ay idi ki, maşını götürmüş, matoru xarab olmuşdur. Özlərinə də məlumat vermişdir. Lakin maşın işləmədiyi halda ondan pul almışlar. Sığortaya 350 manata götürmüşlər. 20 aylıq lizinqdir. 12 ayını ödəmişdir. Noyabr ayında o məlumat vermişdir. O müqaviləni oxumadan imza etmişdir. 1600, 300 manat olmaqla maşına xərc çəkmişdir. Bu nüansı özləri də bilir. Ustaya da onunla birlikdə getmişlər. Əşya bazarında ustaya aparmış, 2000 manat pul istəmiş, demişdir ki, maşın qalsın işləyəcəkdir. Sonra maşını Dərnəgülə aparmış, orda da 1500 manat xərci olduğunu bildirmişlər. 300-400 manat da pul istəmişlər. Onun da üstündə pul olmadığına görə evə gəlmişdir. Sonra ustanın yanına getmiş, demişlər ki, maşını aparmışlar. Maşının təmirdə olmaları barədə iddiaçı tərəfin məlumatı olmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı “MİXED LEASİNG» MMC tərəfindən Cavabdeh göndərilmiş müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə pretenziya məktubundan görünür ki, “MİXED LEASİNG» MMC-yə olan 3200 (üç min iki yüz) manat məbləğində dəymiş ziyanı 5 (beş) iş günü ərzində ödənilməsini xahiş etmişdir. Əks təqdirdə Azərbaycan Respublikası Qanunvericiliyinə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə müraciət etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “MİXED LEASİNG» MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 0.1 manat olmaqla 1000 (bir min) paydan ibarətdir. Cəmiyyətin təsisçisi isə X1r. Cavabdeh ilə “MİXED LEASİNG» MMC arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 002 saylı X2 surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, 1.3-cü maddədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən kənar müdaxilə və təsirlər olmadan öz istəyinə əsasən seçilmişdir. Seçilmiş lizinq obyekti – 1 (bir) ədəd qara rəngli, qeydiyyat şəhadətnaməsi AE № 109887, 2017-ci il buraxılışlı, ban nömrəsi XWBTF69V9HA032329 olan, RAVON NEXİA R3 MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobildir. Bu lizing müqaviləsinin məbləği ilkin 500 (beş) yüz manat lizinq ödənişi etməklə, 22 ay müddətinə, hər 7 gün üçün 154 manat təşkil etmişdir. Bu məbləğ çatdırılma, rəsmiləşdirmə və digər əvvəlcədən ön görülməyən hallarla bağlı ortaya çıxan xərclərə mütənasib olaraq dəyişə bilər. Lizin alan, bu müqavilə imzalandığı gün 500 (beş yüz) ilkin lizinq ödənişi ödəməklə, 22 ay müddətinə, hər 7 gündən bir 154 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. “MİXED LEASİNG» MMC tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh 15130 manatı 22 ay müddətinə hər ay 154 manat ödəməklə öhdəliyini yerinə yetirməli olmuşdur. Fərdi sahibkar qismində fəaliyyət göstərən X3 tərəfindən verilmiş qüsur aktından görünür ki, “MİXED LEASİNG» MMC-yə məxsus olan **-PY-*** dövlət qeydiyyat nişanlı Ravon Nexia markalı minik avtomobilinə lazım olan ehtiyyat hissələri və görülən işlərin toplam dəyəri 3200 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, lizinq alan “MİXED LEASİNG» MMC ilə lizinq verən Cavabdeh arasında bağlanmış 03 fevral 2022-ci il tarixli 002 daxili lizinq müqaviləsinə əsasən sonuncu lizinq obyektini əldə edilməsini və 46 ay müddətində lizinq ödənişlərini həyata keçirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh lizinqə götürdüyü avtomobil üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi lizinq müqaviləsinin şərtlərinə əməl etmiş və ödənişləri vaxtı-vaxtında həyata keçirmiş, lakin Cavabdeh İddiaçı MMCdən lizinqə götürdüyü RAVON NEXİA R3 MİNİK markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini 2022-ci ilin dekabr ayında yarasız hala salaraq, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən “Elit” ticarət mərkəzinin qabağında avtomobili küçədə atıb getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh baş vermiş həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqlaöz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsindən görünür ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 210 manat pulun (32216 №li qəbzlə ödənilmiş) cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində qeyd edir ki, bu hissədə iddia əsaslıdır. Belə ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı məhkəməyə müraciət etmək üçün peşəkar hüquqi yardımdan faydalanmış, bunun davamı olaraq nümayəndə və vəkilə əlavə xərc çəkmişdir. Ona görə də bu hissədə iddia tələbi əsaslıdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Ravon Nexia R3” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 3200 manat maddi zərər, vəkilə ödənilmiş 210 (iki yüz on) manat, ümumillikdə 3410 (üç min dörd yüz on) manat tutularaq iddiaçı “MİXED LEASİNG» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat vurulmuş maddi zərər, vəkilə ödənilmiş 210 (iki yüz on) manat, ümumillikdə 3410 (üç min dörd yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul tutularaq iddiaçı “MİXED LEASİNG» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar