Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6156/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X6 Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2315,17 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2315,17 manat borcun (abonent kodu: **********000) və 43,16 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, habelə məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 ətraflı abonent kartından görünür ki, ünvan 1 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə Cavabdeh 2287,97 manat məbləğində (2016-cı il üzrə 1295,98 manat, 2017-ci il üzrə 267,75 manat, 2018-ci il üzrə 248,85 manat, 2019-cu il üzrə 272,65 manat, 2020-ci il üzrə 279,3 manat, 2021-ci il üzrə 282,84 manat, 2022-ci il üzrə -82,7 manat, 2023-cü il üzrə - 180,2 manat, 2024-cü il üzrə -36,2 manat, 2025-ci il üzrə -60,3 manat) borcu mövcuddur.
7. İş materiallarında olan «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehin istifadə etdiyi xidmətlərə görə 2287,97 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 hesablanmış borcun ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
11. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Bundan əlavə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
15. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
16. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
17. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
19. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
20. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
21. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
22. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
25. Göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016-2022-ci illər üzrə) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 2315,87 manat məbləğində borca (2022-ci il və ondan əvvələ yaranmış) münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə, həmçinin 2023-2025-ci illər üzrə cavabdehin borcu olmadığından iddia tələbi təmin edilməməlidir.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddiası rədd edilməlidir.
27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X5 Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva