Məhkəmə qərarları › İş №e-2(060)-6168/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6168/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6168/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1071 manat borcun və 30,71 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********24835 “X4 A7” markalı telefon, imei kodu **********36646 “Samsung galaxy A02s” markalı telefon, “Elari KidPhone 2 “almış və nəticədə 1071 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 77 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi yaxınlığında yerləşən “Kontakt Home" mağazasından “X4 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” mallarını kreditlə almışdır. Nəticədə onun mağazaya 1071 manat borcu yaranmışdır. “Elari KidPhone 2” adlı malın istifadəsində nasazlıqlar yaranmış, “X4 A7” markalı telefonda bir neçə gün qızmalar müşahidə olunmuş, xx.xx.2021-ci tarixində isə telefon istifadə zamanı tamamilə sönmüşdür. Batareya problemi olduğunu düşünüb telefonu şarja taxsa da, telefon açılmamışdır. Bir neçə gün sonra hər iki malla mağazaya yaxınlaşmışdır. Ona bildirilmişdir ki, texniki servis mərkəzinə yaxınlaşsın və şikayəti varsa, qaynar xəttə bildirsin. Mayın 19u qızı ilə birgə texniki servisə yaxınlaşsa da, orada qalmaqallı hadisələr yaşandığı və qızı qorxduğu üçün məhsulları yoxlatmadan çıxmış və yenidən mağazaya yaxınlaşaraq direktorun qəbulunda olmuşdur. Direktorun göstərişi ilə işçilərdən biri hər iki malı yoxlamaq məqsədi ilə aparmış, qayıdanda bildirmişdir ki, mal qüsurludur, texniki servisə göstərilməlidir. O, məhsulları mağazada qoyaraq çıxmışdır. Bundan 2 gün sonra cavabdeh baş ofisə getmiş, onlar cavabdehi hüquqşünasın yanına göndərmişlər. Dəfələrlə hüquqşünasın qəbulunda olub, qaynar xətlə əlaqə saxlasa da, onun müraciətinə etinasız yanaşmışlar. Daha sonra ödənişini etdiyi “Samsung Galaxy A02s” markalı telefonun istifadəsinə məhdudiyyət qoyulmuşdur. Halbuki cavabdeh telefonun aylıq ödənişini edirdi. Cavabdeh mağazaya yaxınlaşaraq həmin telefonu da mağazaya təhvil vermişdir. Ona direktor və hüquqşünaslıq tərəfindən bildirilmişdir ki, ya ödəniş etməlidir, ya da məhsulları texniki servisdə yoxladıb ikinci əl mağazaya təhvil verməlidir ki, qiymətləndirmə olacaq. Texniki servisə yaxınlaşanda ona bildirmişlər ki, hər iki mal işləyir, amma bununla bağlı cavabdehə heç bir sübut təqdim etməmişlər. Ona ödəniş edə bilməməsi ilə bağlı sənəd imzalatmışlar. Cavabdeh də bildirmişdir ki, ödəniş etməməyinə səbəb maddi sıxıntı yox, malların qüsurlu olmasıdır. Ancaq texniki servis işçiləri bildirmişlər ki, o, sənədi imzalamalıdır, çünki məsələnin başqa həll yolu yoxdur. Daha sonra sənədlərlə və mallarla birgə ikinci əl mağazaya yaxınlaşmış, orda cavabdehə bildirilmişdir ki, mallar işləyir. “Samsung Galaxy A02s” markalı 290 manatlıq telefon 144 manata, “X4 A7” markalı 450 manatlıq telefon 240 manata, “Elari KidPhone 2” markalı 100 manatlıq saat 32 manat qiymətləndirilmiş və toplam məbləği ödəməli olduğu bildirilmişdir. Cavabdeh bununla razılaşmamışdır. Hüquqşünas qəbulunda olarkən ona bildirlmişdir ki, digər şöbələrdən üzrxahlıq edib 350 manat ödəsin və məsələ bağlansın. Cavabdeh buna etiraz edib otaqdan çıxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh aldığı məhsulları texniki servisə təhvil verməyib. O, məhsulları mağazaya qoyaraq çıxıb gedib. Bu isə məhsulların qaytarılması hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizələrinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, məhsullarda nasazlıq yarandıqdan sonra mağazaya getmişdir. Lakin, həmin vaxt mağazada digər bir müştəri ilə bağlı qalmaqal yaranmış və bu səbəbdən mağazanı tərk etmişdir. Sonradan texniki servisə bildirmişdir ki, məhsulları yenisi ilə əvəz etsinlər. Lakin, servisdən ona bildirilib ki, məhsulları ancaq təmir edə bilərlər. O isə bildirib ki, məhsullar təömir olunacaqsa, onların arxa qapaqları açılmadan təmir olunsunlar. Lakin, servisdən bunun mümkün olmadığı ona bildirilib. Bu səbəbdən o, məhsulların təmir edilməsindən imtina edib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1981-ci ildə, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “X4 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 62 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1148 manat olan “X4 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” üçün 77 manat ödəniş etmişdir. Cavabdehin 1071 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh tərəfindən “X4 A 7” markalı telefon, “Samsung Galaxy A02s” markalı telefon və “Elari KidPhone 2” məhsullarını iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. İşdə olan zəmanət talonundan görünür ki, iddiaçı cavabdehə satdığı məhsullar üçün 1 il zəmanət müddəti müəyyən etmiş və həmin müddət ərzində məhsullarda yaranan istehsalçı qüsurlarının yexniki servis tərəfindən aradan qaldırılmasına zəmanət vermişdir. İddiaçının texniki servisi tərəfindən verilmiş aparılmış işlər barədə xx.xx.2021-ci il tarixli arayışlarda “X4 A 7” markalı telefon və “Elari KidPhone 2” markalı saatda qüsur aşkar edilmədiyi göstərilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1071 manat borcu qalmışdır. Cavabdeh iddia tələbinə etirazında aldığı məhsullarda qüsur yarandığını, bu səbəbdən məhsulları qaytarmaq istədiyini, iddiaçının məhsulların təmir edilməsini təklif etdiyini və onun bu təkliflə razılaşmadığını bildirir. Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Göründüyü kimi cavabdeh iddiaçıdan məhsulları xx.xx.2021-ci ildə almış, malların qaytarılması üçün isə özünün də bildirdiyi kimi xx.xx.2021-ci il tarixində iddiaçıya müraciət etmişdir. Bununla da o, məhsulların dəyişidirilməsi və ya qaytarılması üçün qanunla müəyyən edilmiş müddət ötürmüşdür. Mülki Məcəllədə həmçinin qeyd olunur ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi satılmış məhsulda olan qüsurların aradan qaldırılması mümkün olmadıqda satıcı malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Hazırkı işdən görünür ki, cavabdeh aldığı malların təmir edilməsi ilə razılaşmamış və onları iddiaçıya məxsus mağazada qoyaraq getmişdir. Mülki Məcəllədə göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1071 manatı tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən cavabdehin etirazı əsaslı sayıla və bilməz. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,71 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 223-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1071 (min yetmiş bir) manat ödənilməmiş hissə və 30 (otuz) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar