Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6185/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefona görə 827,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon almış və nəticədə 827,8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 977,6 manat (olan İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon üçün ümumilikdə 827,8 manat borcu yaranmışdır İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə daxil olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci ildə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerəşən iddiaçıdan “X5 9 Pro” markalı telefon almışdır. Ümumilikdə təxmini 150 manat ödəmişdir. Pandemiya dövrü olduğuna görə dekabr ayında ödəniş edə bilməmişdir. Telefonu iddiaçının dediyi yerə 12-ci mikrorayonda olan servis mərkəzinə təhvil vermişdir. Bununla bağlı cavabdehə heç bir sənəd təqdim olunmamışdır. Bir il sonra iddiaçıdan cavabdehə zəng gəlmişdir. “Outlet” dəyərləndirmə olduğunu və iddiaçıya borcu olduğunu bildirmişlər. Cavabdeh buna etiraz etmiş, telefon qaytarıldığı təqdirdə ödəniş edəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmamışdır. Hal-hazırda telefon iddiaçıdadır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ora yaxınlaşıb möhürsüz təhvil-təslim kağızı almışdır. Əgər telefon cavabdeh qaytarılsa, cədvələ uyğun ödəniş edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh 2020-ci ildə məhsulu alıb. 2021-ci ilin yanvar ayında ödəniş edə bilmədiyi üçün məhsulu servisə verib. Servisdə ona bildirilib ki, məhsulu qaytarmaq üçün ilk öncə məhsul “outlet” şöbəyə qiymətləndirmə üçün verilməlidir. Cavabdeh isə həmin şöbəyə getməyib. Cihaz ilk öncə servisə verilir və ona baxış keçirilir. Məhsulun yararlı olub-olmamasını müəyyən etmək üçün məhsul outlet şöbəyə aparılır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bidirdi ki, məhsul ona “qızıl zəmanət” şərtləriylə satılıb. O, həmin telefonu iddiaçıya qaytarıb. Onda olmayan telefon üçün ödəniş etməli deyil. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 77,3 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 977,6 manat olan İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla 149,8 manat ödəniş etmişdir. Cavabdehin həmin məhsula görə 827,8 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İddiaçının servis mərkəzinin xx.xx.2021-ci il tarixli aktına əsasən cavabdeh xx.xx.2022-ci ildə “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçının servis mərkəzinə təhvil vermişdir. Aktda məhsulun qaytarılma səbəbi kimi “müştəri ödəniş edə bilmədiyi üçün cihazı qaytarmaq istəyir” qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə cavabdehin malların alqı-satqısı üçün tərtib etdiyi “qızıl zəmanət şərtləri” təqdim edilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan “qızıl zəmanət” şərtləri ilə almışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş “qızıl zəmanət” kartında göstərilmişdir ki, bu zəmanət alıcıya istənilən səbəbdən məhsulu (vəziyyətindən asılı olmayaraq) geri qaytarmaq hüququnu verir. Buna görə alıcıya aşağdakı cədvələ uyğun olaraq “Kontakt Home” mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir: satış tarixindən 1 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 70 faizi, 2-6 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 50 faizi, 7-12 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 30 faizi, 13-24 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 20 faizi. İşdən göründüyü kimi cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan xx.xx.2020-ci il tarixində almışdır. Həmin məhsulla bağlı ilkin ödəniş və aylıq ödənişlə ümumilikdə 149,8 manat ödəniş etmişdir. Bundan sonra isə məhsulu iddiaçıya qaytarmış və etdiyi ödənişləri geri tələb etməmişdir. İddiaçı tərəfindən məhsul “qızıl zəmanət” şərtləri ilə satıldığından cavabdehin onu istənilən vaxt geri qaytarmaq hüququ olmuşdur. İddiaçı isə məhsulun qaytarılmasından təxminən 1 il sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. İddiaçının servis mərkəzinin aktından da görünür ki, məhsul qaytarılarkən onda hər hansı qüsur olmamışdır. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91858 olan X5 9 Pro markalı telefona görə 827,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6185/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6185/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver