Məhkəmə qərarları › İş №e-2(060)-6191/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6191/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6191/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 776,7 manat ödənilməmiş hissə, 77,3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 240,2 manat ödənilməmiş hissə, 24,8 manat cərimə olmaqla, ümumilikdə 1119 manat borcun və 31,19 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, SOYUDUCU LG, PALTARYUYAN LG, GREE KONDİSİONER almış və nəticədə 1119 (min yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2992.8 (iki min doqquz yüz doxsan iki manat səskən qəpik) manat (24 ay x 124.7 manat + 0 manat ilkin ödəniş) olan, SOYUDUCU LG , PALTARYUYAN LG üçün ümumilikdə 854 (səkkiz yüz əlli dörd) manat olmaqla ondan 776.7 (yeddi yüz yetmiş altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 77.3 (yetmiş yeddi manat otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1524.6 (min beş yüz iyirmi dörd manat altmış qəpik) manat (18 ay x 84.7 manat + 0 manat ilkin ödəniş) GREE KONDİSİONER üçün ümumilikdə, 265 (iki yüz altmış beş) manat olmaqla ondan, 240.2 (iki yüz qırx manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 24.8 (iyirmi drd manat səksən qəpik) manat cərimə borcu qalmışdır. Cavabdehin xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixi müqavilələr üzrə son ödəniş tarixləri xx.xx.2024-cü il, xx.xx.2024cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 3500.5 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə SOYUDUCU LG , PALTARYUYAN LG satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə GREE KONDİSİONER satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində, ilkin ödənişsiz, hər ay 124,7 manat, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödənişsiz, hər ay 84,7 manat iddiaçıya ödəməli idi. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 2992,8 manat olan SOYUDUCU LG , PALTARYUYAN LG üçün hazırda ümumilikdə 776,7 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 2216,1 manat təşkil edir. Alqı-satqı qiyməti 1524,6 manat olan cavabdehə GREE KONDİSİONER üçün hazırda ümumilikdə 240,2 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 3500,5 manat təşkil edir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən SOYUDUCU LG , PALTARYUYAN LG və 2 ədəd AİWA qulaqlıq və GREE KONDİSİONER iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. İşdən göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 31,19 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 776,7 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 240,2 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 776,7 manat əsas borca 77,3 manat, 240,2 manat əsas borca 24,8 manat cərimənin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 50 (əlli) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31,19 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 776,7 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 240,2 manat əsas borca 10 manat cərimə olmaqla, ümumilikdə 1066 (min altmış altı) manat 90 (doxsan) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar