Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6248/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq tərəflər arasında imzalanmış 10 fevral 2023-cü il tarixli “Su filtrlərinin satış müqaviləsi”nə əsasən cavabdehə təqdim edilmiş su filitri avadanlığının qalıq borcunu təşkil edən 5400 manat borc məbləğinin və ödənilmiş 74 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında imzalanmış 10 fevral 2023-cü il tarixli “Su filtrlərinin satış müqaviləsi”nə əsasən cavabdehə “Qorxmazoğlu su” təmizləmə texnologiyası 7500 manata satılaraq təhvil verilmiş, cavabdeh isə 1000 manat ilkin ödəniş etmiş, yerdə qalan 6500 manat məbləği isə 5 ay müddətinə aylıq 1300 manat olmaqla ödəməli olduğu halda xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat ödəniş etmiş, başqa heç bir ödəniş etməmişdir. Dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq 5400 manat pul vəsaitini ödəməkdən yayınmışdır. Müqavilənin 2.5-ci maddəsinə görə alıcı ödənişi müəyyən edilmiş vaxtda həyata keçirir, əks təqdirdə hər gecikdirilmiş günə görə 2 faiz miqdarında peniya əlavə ediləcək. Müqavilənin 4.2-ci maddəsinə görə tərəflər aralarında yaranan fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edəcəklər. Razılıq əldə olunmadığı təqdirdə mübahisələr məhkəmə qaydasında həll olunacaq.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında videokonfrans vasitəsi ilə iştirakı təmin edilmiş Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə aralarında su filtrlərinin satış müqaviləsi bağlanmışdır. Su filtri tərəfindən təhvil alınmışdır. Mübahisə predmetini başqa şəxsə satmışdır. Həmin şəxsin əlaqə nömrəsini iddiaçıya vermişdir ki, borc məbləği ondan tələb etsin. Həmçinin iddia tələbində qeyd olunan məbləğdə borcu qalmamışdır. Təxmini olaraq 4000 manat borcu vardır. Lakin ödənişləri təsdiq edən sübutu yoxdur. Tədqiq olunan sübutlar:
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Su filtrlərinin satış müqaviləsi”ndən görünür ki, İddiaçı dəyəri 7500 manat olan məhsulu Cavabdeh nisyə satmağı, Cavabdeh isə ödənişi hissə-hissə ödəmək şərti ilə “Qorxmazoğlu Su” təmizləmə texnologiyaları sistemini istifadəyə qəbul edərək malın dəyərinin razılaşmış hissəsini ilkin ödəniş kimi daxil etməyi, qalan məbləği müqavilədə göstərilən cədvəl üzrə həyata keçirməyi öhdəsinə götürmüşdür.
6. Ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün cavabdeh tərəfindən 10 mart 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək hər ay 1300 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
7. İddiaçı tərəfindən tərtib edilmiş 01 sentyabr 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5400 manat borcu vardır.
8. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 5400 manat pul vəsaitini 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə həmin məbləğin və məhkəmə xərclərinin tutulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
12. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan əşya cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 7500 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 10 mart 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək, ödəniş məbləği isə hər ay 1300 manat olmaqla müəyyən edilmişdir.
14. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
15. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
16. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında video konfrans vasitəsilə iştirakı təmin edilmiş cavabdeh aralarında müqavilənin bağlandığını və ona həmin müqavilədə qeyd edilən əşyanı başqa şəxsə satdığını və dəyərindən müəyyən ödənişlər etdiyini bildirmişdir ki, cavabdehin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki halda əşyanın dəyərinin ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa əşyaların cavadeh tərəfindən başqa şəxsə verilməsi yuxarıda adı qeyd olunan müqavilə üzrə öhdəliklərin icrasından yayınması üçün əsas deyildir. Bu halda da həmin əşyaya görə müqavilədə nəzərdə tutulduğu qaydada ödənişləri həyata keçirmək öhdəliyi cavabdehin üzərindədir.
17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5400 (beş min dörd yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 (yetmiş dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5400 (beş min dörd yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 (yetmiş dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva