Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6420/2025 16.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, o, X8 ilə 06 mart 1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların rəsmi nikahlarından xx.xx.1990-cı il tarixdə X9 dünyaya gəlmişdir. Oğlu anadangəlmə xəstədir, elə həmin vaxtdan daim kənar şəxslərin himayəsinə ehtiyacı var. Belə ki, oğluna USİ ilə əlaqələnmiş oliqofreniya kəskin imbesillik dərəcəsi, sol tərəfli hemiparez, psixopatabənzər davranışlar diaqnozu qoyulmuşdur. Oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, heç bir yerdə işləməyərək ona qulluq etməyə və daimi nəzarətdə saxlamağa məcburdur. Oğlu İ qrup müddətsiz əlildir, əmək qabiliyyətsizdir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd oğlunu saxlamaq üçün çox azdır. O, özü də işləmir. Oğluna baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, oğlunun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım oğlunu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X7 ərizəyə dair izahat verərək şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsi ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. AZ-İ seriyalı, 709157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025ci il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 ilə əlaqələnmiş oliqofreniya kəskin imbesillik dərəcəsi. Sol tərəfli hemiparez psixopatabənzər davranışla, ümumi xəstəlik əsası ilə müddətsiz birinci dərəcəli əlildir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 4078 saylı rəyinə əsasən, X5 uşaq serebral iflici nəticəsində orta dərəcəli əqli gerilik (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar körpəlikdən kobud nevroloji əlamətlərin qeyd olunması, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, intellektual imkanlarının zəif olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə X5 uşaq serebral iflici nəticəsində orta dərəcəli əqli gerilik aşkar olunur. 2-ci sual üzrə X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır
c) məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
12. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4078 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X5 uşaq serebral iflici nəticəsində orta dərəcəli əqli gerilik (F71) aşkar edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.
14. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X5 psixi xəstəlik olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.
15. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
16. Məhkəmə qeyd edir ki, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin nümayəndəsinin izahatı, tibbi sənədlər, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
17. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə hissəsi:
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvin İmamverdiyeva