Məhkəmə qərarları › İş №e-2(060)-6453/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6453/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6453/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4714471 saylı müqavilə üzrə 1211 manat əsas borc, 336 manat faiz borcu, 36 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1583 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında 27 mart 2018-ci il tarixində “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 27 mart 2019-cu il tarixli S3K4714471 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2459 manat olan l ədəd "Veko" markalı soyuducu almış, ilkin ödəniş etməmiş, nəticədə 2459 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 27 mart 2018-ci il tarixli S3K4714471 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 120 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti 2459 manat olan 1 ədəd “Veko” markalı soyuducu üçün ümumilikdə 1211 manat ödənilməmiş hissə, 336 manat faiz borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2018-ci il tarixli, ******* saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Noruz oğlu Cavabdeh alqı-satqı qiyməti 2459 manat olan "Veko" markalı soyuducunu 24 ay müddətə hər ay 103 (sonuncu ay 90) manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 27 mart 2018-ci il tarixli, S3K4714471 saylı müqavilə üzrə 1211 manat əsas borcu, 336 manat dəbbə borcu və 36 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1583 manat borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 618.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə faizlərin hesablanması nəzərdə tutulmadığından borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Eləcə də Banklar haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hüquqi şəxslər tərəfindən kredit verilməsi bank fəaliyyətinə aid edilmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli fərmanına əsasən bank fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilmişdir. İddiaçı fərdi sahibkarlıq fəaliyyəti həyata keçirməklə bu kimi lisenziyaya malik deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 7,82 manatı iddiaçıya aid edilməli, 28,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 mart 2018-ci il tarixli, S3K4714471 saylı müqavilə üzrə 1211 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,18 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 mart 2018-ci il tarixli, S3K4714471 saylı müqavilə üzrə 1211 (bir min iki yüz on bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,18 (iyirmi səkkiz manat, on səkkiz qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar