Məhkəmə qərarları › İş №e-2(060)-6518/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6518/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6518/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı “İcbari Sığorta Bürosu” X6 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İcbari Sığorta Bürosu” X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5300 manat və ödənilmiş dövlət rüsumuna görə 73 manat, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış KİA RİO markalı, 10HS133 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 5/30/2020-ci il tarixində Sumqayıt şəhəri, Sülh və Nərimanov küçələrinin kəsişməsi ünvanında Cavabdeh tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində əmlaka zərər dəymiş və xəsarət alan şəxslər də olmuşdur. Qeyd edilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən əmlakına maddi ziyan dəymiş bir zərərçəkənə 2300 (iki min üç yüz) manat və “İcbari sığortalar haqqında” Qanunun 14-cü və 56.1-ci maddəsinə uyğun olaraq, sağlamlığa dəymiş yüngül xəsarətlərə görə iki zərərçəkənin hərəsinə 750 (yeddi yüz əlli) manat və ağır xəsarətə görə isə bir zərərçəkənə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin“cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən onun barəsində “sürücülük hüququndan məhrum edilmə” ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-739/2018 saylı xx.xx.2018-ci il tarixli Qərarı qüvvədə olmuşdur. Bu səbəbdən də, Cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilməsi tövsiyə edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdikərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2020-ci ildə avto-nəqliyyat hadisəsi törətmişdir. Qırmızı işıqda keçdiyinə görə başqa bir maşın onu vurmuş, oda obyektə zərər vurmuşdur. Bundan başqa bir neçə şəxs zərərçəkmişdir. O, zərərçəkənlərə pul da ödəmişdir. Digər zərərçəkmişlərə isə sığorta tərəfindən ödənişlər edilmişdir. Hadisə ilə bağlı onun barəsində hökm də çıxarılmışdır. Hesab edir ki, maddi ziyan sığorta tərəfindən ödənilməlidir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş qəbzinin surətindən görünür ki, X3 750 manat, X7 2300 manat və X2 1500 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, X8, X4 və X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşə əlavə olan xx.xx.2019-cu il tarixli “İcbari Sığorta Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Kia Rio” markalı, ** HS *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər icbari sığorta etdirmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X10 idarə etdiyi Mercedes Benz E270 CDİ minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə 30 may 2020-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkət edən zaman Sülh və Nərimanov küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi Kia Rio minik markalı, ** HS *** i/o dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində piyadalar X5, X4 və X9 müxtəlif dərəcəli xəsarətlər almışlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-212/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, iddiaçı zərəçəkmiş şəxlərə dəymiş ziyanı tam ödəmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1097ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh subroqasiya hüququ ilə əlaqədar ödənilmiş 5300 (beş min üç yüz) manat pulun və ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun, ümumilikdə 5373 (beş min üç yüz yetmiş üç) manat məbləğində pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X6 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar