Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6679/2025 31.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 26 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Camon 20 PRO CK 7n8/256 GB” markalı cihazın qalıq borcu 523.77 manat (beş yüz iyirmi üç manat 77 qəpik) borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 26 iyul 2024-cü il tarixli müqaviləyə görə ona dəyəri 496.79 manat (dörd yüz doxsan altı manat 79 qəpik) təşkil edən “Camon 20 PRO CK 7n8/256 GB” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 41.40 (qırx bir manat 40 qəpik) olmaqla hissə-hissə, 12 ay müddətinə, ********** nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda telefon borcu üzrə ödəniş etməmişdir. Bundan başqa, abunəçinin internet xidmətlərinə görə (GPRS Charge) 35.95 manat, danışıq borcuna görə (VOİCE Charge3) 37.25 manat, (cəmi 73.20 manat) borcu yaranmışdır. Cavabdeh yalnız 2024-cü ilin iyul ayında danışıq və internet xidmətlərinə görə 46.22 manat ödəniş etdiyi üçün həmin xidmətlərə görə qalıq borcu 26.98 manat (73.20-46.22=26.98) təşkil edir. Halhazırda abunəçinin cəmi borcu 523.77 manat (beş yüz iyirmi üç manat 77 qəpik) (telefona görə (installmet charge) 496.79 manat, internet və danışıq xidmətlərinə görə 26.98 manat) təşkil edir.
iddiaya etiraz
3. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları:
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2024-cü il tarixli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan “Camon 20 PRO CK 7n8/256 GB” markalı telefon adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
5. 25 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə müqavilə üzrə 523.77 manat (beş yüz iyirmi üç manat 77 qəpik) (telefona görə (installmet charge) 496.79 manat, internet və danışıq xidmətlərinə görə 26.98 manat) məbləğində borcu vardır.
b) tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
c) məhkəmə baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
9. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
10. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
11. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, zəmanət məktubu və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış 26 iyul 2024-cü il tarixli müqaviləyə əsasən “Camon 20 PRO CK 7n8/256 GB” markalı telefon adlı müqavilənin predmeti olan əşyaları almış, əşyaların qiyməti 496.79 manat, aylıq ödəniş 41.40 manat olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir.
12. Bundan başqa, abunəçinin internet xidmətlərinə görə (GPRS Charge) 35.95 manat, danışıq borcuna görə (VOİCE Charge3) 37.25 manat olmaqla, cəmi 73.20 manat borcu yaranmış, cəmi 46.22 manat ödəniş etmişdir.
13. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq, 496.79 manat telefon və 26.98 manat internet xidmətlərinə görə ödəniş olmaqla, cəmi 523.77 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.
14. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tam təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi yuxarıda müzakirə olunan qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
16. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 523.77 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 553.77 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva