Məhkəmə qərarları › İş №e-2(060)-682/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-682/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-682/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Şəhrəbanu Məmmədova Rəhim qızının katibliyi, İddiaçı “İcbari Sığorta Bürosu» X3 Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar cavabdehdən 643.5 manat pul vəsaitinin və 30 manat dövlət rusumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış “Mercedes Benz E240" markalı, 99SY852 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 22 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi ziyan vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı 643.5 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar BDYPİ ENB POST 712, X9 Xidməti Baş inspektor Polis Kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh Vafiq oğlu tərəfindən “MERCEDES BENZ E240” markalı, 99SY582 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsiz istismar edilmişdir. Bu səbəbə görə Cavabdeh Vafiq oğlu İXM-nin 332.1-ci maddəsini törətməkdə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Bildiririk ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.2-ci maddəsinə görə, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7753/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi»nə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. X1 adına sığortalanmış “Mercedes Benz E240" markalı, 99SY852 dövlət qeydiyyat nişanlı avtomobil PST********** №-li sığorta şəhadətnaməsi əsasında xx.xx.2020-xx.xx.2021 müddət üçün ASC "xxxx" Sığorta Şirkəti tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məsuliyyət həddində sığortalanmışdır (İC AA 6349/20 işə dair sığorta aktı). Həmin avtomobili idarə edən cavabdeh sığorta müddətində, 22 sentyabr 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E240" markalı, 99SY852 dövlət qeydiyyat nişanlı avtomobilə 643.5 maddi məbləğində ziyan vurulmuşdur. "İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı 643.5 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir (2175 №-li ödəniş qəbzi). Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Mülki işin materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Mercedes Benz E240" minik markalı, 99SY852 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə, araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilənərək 40 manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı cavabdehdən 643.5 manat məbəğində verilmiş sığorta ödənişinin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunanaqarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla AzərbaycanRespublikasının Mülki Məcəlləsinə uyğun olaraq X5 kimi təsis edilənvə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. Yuxarıda qeyd edildiyi kimi, yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh sürücülük vəsiqəsi olmamışdır və hazırda ASC "xxxx" Sığorta Şirkəti müflis elan edildiyinə görə öhdəliklərini ödəmə qabiliyyətinin olmadığı üçün onun öhdəliyini iddiaçı icra etmiş və bununla da subroqasiya hüququ ona keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 643.5 manat pul vəsaiti və 30 manat dövlət rusumu iddiaçı “İcbari Sığorta Bürosu» X3 xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 643.5 manat pul vəsaiti və 30 manat dövlət rusumu iddiaçı “İcbari Sığorta Bürosu» X3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar